Çeçenistan bloqu: 10 il Anna Politkovskayasız

  • Xasan Musayev, Qroznı
  • bbcrussian və "Kаvkaz-uzel" üçün
Plakat

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Moskvada Anna Politkovskayanın xatirəsinə həsr olunmuş aksiyalar hər il keçirilir, lakin Çeçenistanda respublika rəhbərliyinin səyləri ilə onun adı unutdurulub

10 il bundan əvvəl Çeçenistandakı hadisələr barədə həqiqətləri açıq yazan jurnalist Anna Politkovskaya öldürülüb.

Politkovskaya Çeçenistanda böyük populyarlığa və yerli əhali arasında dərin hörmətə sahib idi, lakin bu gün, həmin qətldən on il sonra onun nə vaxt və hansı şəraitdə öldürüldüyü barədə çox az adam məlumatlıdır.

Politkovskayanın adı, eləcə də respublika rəhbərliyinin özünə düşmən bildiyi başqa məşhur insan haqları müdafiəçiləri və ictimai xadimlərinin adları kimi Ramzan Kadırovun Çeçenistanında unutdurulub.

Halbuki, Anna Politkovskayanın qətli xəbəri Çeçenistanda böyük ictimai əks-səda doğurmuşdu. Adamlar bu hadisəni hər yerdə müzakirə edirdilər və gəldikləri ortaq nəticə isə bundan ibarət idi ki, bu qətl çeçen mövzusu ilə bağlıdır. Adamlar əmin idilər ki, jurnalistə respublikada çoxlarının hətta düşünməkdən belə qorxduğu məsələlər barədə açıq danışdığı və yazdığı üçün divan tutulub.

Ömrünün son müsahibəsini, qətlindən saat yarım əvvəl Politkovskaya "Kavkazski Uzel" saytının redaktoruna vermişdi. O, müsahibədə Çeçenistanda baş alıb gedən soyğunçuluqdan danışmış, Ramzan Kadırovun karyera perspektivləri barədə şərh vermişdi.

O vaxt çoxları hesab edirdilər ki, Politkovskayanın oktyabrln 7-də baş vermis qətli heç də təsadüfən respublikanın o zamankı baş naziri Ramzan Kadırov və Rusiya prezidenti Vladimir Putinin ad günləri ilə heç də təsadüfən eyni gündə baş verməyib. Çeçenistanda hamı oğul Kadırovun özünü müstəqil elan etmiş İçkeriyanın lideri Aslan Masxadovun 2005-ci ildə öldürülməsini qadınlar üçün "8 mart hədiyyəsi" adlandırdığını yaxşı xatırlayır. Anna Politkovskayanın da qətli Ramzan Kadırovun Putinə hədiyyəsi kimi qəbul olunmuşdu.

Anna Politkovskaya haqqında Çeçenistanda bu gün də hamı hörmətlə danışır, amma onun fəaliyyəti haqqında yalnız yaşlı əhalinin nümayəndələri məlumata malikdirlər. Gənclər Politkovskaya haqqında az bilirlər və soruşsanız, uzaqbaşı deyə bilərlər ki, o, Moskvada öldürülmüş jurnalist olub.

"İlk qaranquş"

"Mən Anna Politkovskayanı şəxsən tanıyırdım və onunla dəfələrlə "Memorial" təşkilarının İnquşetiya şöbəsində, onun iştirak etdiyi bir neçə forum və konfranslarda görüşmüşdüm. O həmin vaxtlarda Çeçenistan barədə həqiqəti yazmaqdan qorxmayan yeganə jurnalist idi. Buna görə də bizdə hamı onu sevirdi" - deyə xatırlayır Çeçenistan sakini Zara. O özünün dediyinə görə rəfiqələri ilə birlikdə bir neçə il müxtəlif insan haqları təşkilatlarının ricası ilə Çeçenistanda insan haqlarının pozulmasına dair fakt toplanması ilə məşğul olub.

"O öldürüləndə, bu, bizim üçün böyük bir faciə olmuşdu. Sanki ailəmizin bir üzvünü itirmişdik. O oğulları oğurlanmış və ya öldürülmüş çeçen qadınları və anaları üçün son ədalət instansiyası idi, çünki bu məsələləri ictimaiyyətin diqqətinə çatdıra bilirdi. Onun qətlindən sonra Çeçenistan barədə belə reportajlar artıq yazılmırdı" - deyir Zara.

"Politkovskaya hakim rejimin qurbanları üçün "ilk qaranquşa" çevrilib. Mən həm Çeçenistan, həm də ümumilikdə Rusiya hakimiyyətlərini nəzərdə tuturam. Daha sonra onlar Nataşa Estemirovanı öldürdülər, bunun ardınca isə Boris Nemtsova divan tutdular…Bunlar o adamlar idilər ki, Ramzan Kadırov onları açıq şəkildə düşmən adlandırırdı. Amma nədənsə, istintaqın indyədək ona bu barədə sualları olmayıb. İndi əslində elə bir vaxtdır ki, Anna kimi şəxsiyyətlərə çox böyük ehtiyac var" - deyib ictimai fəal Abu.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

2014-c ü ildə Anna Politkovskayanın qətlinə görə Lom Ali Qaytukayev (solda), Rüstəm Mahmudov (soldan ikinci) və Sergey Hacıqurbanov (sağda) məhkum ediliblər

Matəmə yer yoxdur

Anna Politkovskayanı bu gün Çeçenistanda rəsmən yad etmirlər. Heç ötən on ildə də yad etməyiblər. Əvəzində bu gün Çeçenistanda Qroznı şəhərinin 198 illiyinə, çeçen gənclər gününə, müəllim gününə və nəhayət Ramzan Kadırovun 40 yaşına şıdırğı hazırlıqlar gedir.

Görünür yubilyar özünün ciddi təhlükəsizlik tədbirləri ilə keçirilmiş inaqurasiyasını da öz ad gününə, oktyabrın 5-nə məqsədli şəkildə salıb. "Kadırov Çeçenistanı" bu gün bayram edir, bayramda isə matəmə yer yoxdur.

Amma bütün bunlara baxmayaraq Çeçenistanda bu gün də Anna Politkovskayanın xatirəsini qoruyub saxlayanlar var.

"Bizim hökumət onun adını, "Ramzanın başqa düşmənləri" kimi unutdurub. Ola bilsin ki, o, Kadırovun doğrudan da düşməni olub, lakin Politkovskaya çeçen xalqı üçün dost olub. Mən 100 faiz əminəm ki, bir gün Qroznıda Anna Politkovskaya küçəsi olacaq. Birinci çeçen müharibəsini dayandırmış general Aleksandr Lebedin, ikinci çeçen müharibəsindən əvvəl Çeçenistanda qan tökülməsinə etiraz olaraq İnquşetiyadan Moskvayadək piyada gedən insan haqları müdafiəçisi Aleksandr Lyuboslavskinin, Anna kimi həqiqəti deyən Nataliya Estemirovanın və bir çox başqalarının da adlarını daşıyan küçələr olacaq".

Bu sözləri mənə Anna Politkovskayanı, Aleksandr Lyuboslavskini və Nataliya Estemirovanı şəxsən tanıyan yaşlı bir çeçen deyib. O bu gün özünün dediyi kimi "hakimiyyəti qıcıqlandırmamaq üçün" adının çəkilməsini istəmir, amma hesab edir ki, bunun vaxtı tezliklə gələcək.

Xasan Musayev mənim təxəllüsümdür. 1985-ci ildə Volqoqrad vilayətində doğulmuşam, ali təhsilliyəm. Qroznıda yaşayıram. Əsas işim özəl şirkətdədir. Jurnalistika ilə hobbi kimi məşğul oluram.