Azərbaycan və digər keçmiş sovet ölkələrində əməkçilərin vəziyyəti "pisləşə bilər"

Neftçilər

Şəklin mənbəyi, Oleg Nikishin/GETTY

Hər il Şərqi Avropa və Mərkəzi Asiyanın ölkələri qanunsuz maliyyə axınlarına görə 65 milyard dollar itirir. Bu barədə BMT-nin İnkişaf Proqramının hesabatında geniş məlumat verilib.

"Şərqi Avropa, Türkiyə və Mərkəzi Asiyada bərabərsizlik və insan inkişafı: tərəqqi və risklər" adlı hesabatda həmçinin deyilir ki, keçmiş sovet məkanına daxil ölkələrdə işçilərin üçdə biri qeyri-sabit məşğulluq şəraitində işləyir.

Ekspertlər bildirirlər ki, bu ölkələrdə əhalinin böyük kütlələri üçün iş tapmaq getdikcə çətinləşir. Bundan başqa, tibb xidməti və ya təhsil kimi təməl xidmətlərə giriş daralır. Bu halda ən böyük risklə qadınlar, əmək miqrantları, gənclər və etnik azlıqlar üzləşirlər.

Proqram nümayəndələrinin rəyinə görə bərabərsizliyin azaldılması üçün rəsmi məşğulluq sahəsində vergiləri azaltmaq, peşəkar hazırlığa və sosial xidmətlərə investisiyaları genişləndirmək lazımdır.

BBC Rusca xidməti hesabatın əsas müəllifi, BMT İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional bürosunun rəhbəri Ben Slay-lə təhqiqatın aparıldığı ölkələrdə vəziyyətin dəyişməsinə olan ümidlərlə bağlı söhbət edib.

BBC: Sizin keçmiş SSRİ respublikalarında əhalinin təbəqələşməsi və yoxsullaşması ilə bağlı hər hansı proqnozunuz varmı? Keçmiş sovet irsinin resursları və sistemi hələ hansı müddətdə dağılmaqda davam edəcək?

Ben Slay: Hadisələrin necə inkişaf edəcəyinə dair proqnoz vermək mürəkkəbdir. Bu hesabatda proqnoz məqsədi də qoyulmayıb. Biz sadəcə olaraq mövcud riskləri göstərir, qeyd edirik ki, bir çox ölkələrdə sosial inkişaf, sosial təminat, əmək bazarının keyfiyyəti sahəsində əldə olunmuş tərəqqilər yavaşıya bilər.

Əgər yaxın 3-5 ildə Rusiyada, eləcədə Avropa İttifaqında iqtisadi canlanma baş verməsə, hesabatda adları çəkilən ölkələrdəki vəziyyət pisləşə bilər.

BBC: Hansı ölkələrdə vəziyyət yaxşı, hansılarında pisdir? Kimin iqtisadi inkişafın yavaşımasından salamat çıxmaq üçün resursları daha çoxdur?

B. S.: Əgər söhbət resurslardan gedirsə, vəziyyət əlbəttə, Qazaxıstan, Belarus və Azərbaycanda daha yaxşıdır. Bu ölkələr inkişafın elə bir həddinə çatıblar ki, onlarda adambaşına düşən gəlir ortadan yüksəkdir. Məsələn Bakıya və Astanaya gələndə siz çoxlu təzə tikililər görürsünüz. Elə bundan görünür ki, bu ölkələrdə resurslar və vəsaitlər var.

Lakin əlbəttə, Tacikistanda vəziyyət qat-qat pisdir. Bu ölkə bir çox mənalarda kövrək vəziyyətdədir, hərçənd orada da on il əvvəllə müqayisədə inkişaf var. Lakin ümumilikdə bütün regionda belə bir təhlükə var ki, işçi qüvvəsinin əksəriyyəti kənd təsərrüfatı və ticarətdə miqrantlar kimi qeyri-leqal işləyirsə, deməli əhalinin bu kəsiminin müvafiq sosial təminata girişi olmayacaq.

Burada söhbət, ilk növbədə səhiyyə sistemi və ömrün uzunluğundan gedir. Bu ölkələrdə HİV və ya AİDS xəstəliyi olanların vəziyyəti xüsusilə acınacaqlı olur. Əlbəttə, az vəsaitə malik olmaqdansa, çox vəsaitə malik olmaq yaxşıdır, lakin təhlükə hətta MDB-nin zəngin ölkələri üçün də mövcuddur.

BBC: Siz qeyd etdiniz ki, keçmiş sovet respublikalarında vergidən yayınma hallarına görə hər il büdcədən 65 milyard dollar yox olur. Bu necə baş verir?

B.S.: "İnkişafın maliyyələşdirilməsi" deyilən bir anlayış var. Bu qlobal infrastrukturun inkişafında mühüm faktordur. Hər beş ildən bir müxtəlif ölkələrin nümayəndələri bir araya gələrək maliyyə axınlarından inkişaf üçün istifadə etməyin yollarını müzakirə edirlər.

Ötən il Əddis-Əbəbə şəhərində belə bir görüş keçiriləndə ölkələrin nümayəndələri bildirmişdilər ki, qanunsuz və ya qismən qanunsuz maliyyə axınları inkişafın maliyyəlləşdirilməsində əsas problem olaraq qalır. Bir çox ölkələr bunu etiraf və qəbul edirlər. Burada söhbət korrupsiyadan gedir. Bu qeyri-leqal axını dayandırmaq lazımdır. Onların qarşısını alıb büdcəyə yönəltmək lazımdır.

BBC: Bəs bu kapital axını ilə necə mübarizə aparmaq olar?

B.S.: Bu məsələyə müxtəlif yanaşmalar var. Lakin bunların arasında bir təşəbbüs mənim xüsusilə xoşuma gəlir. Təşəbbüsün adı Qlobal Maliyyə Hesabatlığıdır (Global Financial Integrity). Hesabatda bu barədə müfəssəl yazılıb. Əvvəlcə bu axınların özünü qiymətləndirmək lazımdır. Çox vaxt onların yaranmasına səbəb ticarət hesabatlarının manipulyasiyası olur.

Məsələn, bir ticarət evinin müdiri çirkli pulların yuyulması ilə məşğul ola bilər. Onun ticarət firması vasitəsilə deyək ki, 50 milyon dollarlıq ixracat əməliyyatı aparılır. Lap yaxşı. Amma hesabatda 50 milyon yox, 100 milyon dollar göstərilir. Burada 50 milyon dollar kapitalın axınını təşkil edir. Və kənardan hər şey qaydasında görünür. Çünki kağız üstündə hər şey olduğu kimi yazılıb. Amma 100 milyon dollar yazılsa da, 50 milyonluq ixracat olub. Digər 50 milon artıq yuyulan çirkli pullardır.

Hesabatın həsr olunduğu ölkələrə dair belə bir qiymətləndirmə aparılıb. Nəticədə biz hesablamışıq ki, əgər ticarətin hesabatsızlığı ilə bağlı yaranan qanunsuz axınların 10 faizi müəyən edilərək təkrar büdcəyə göndərilsə, bəzi ölkələr üçün böyük rəqəmlər yaranardı. Məsələn Belarusda və Azərbaycanda bu rəqəm ÜDM-in 2 faizinə bərabər olardı. Beləliklə, sosial müdafiəni gücləndirmək, pensiyaları artırmaq olardı. Bu həm siyasi iradə, həm də qanunvericilik sistemi ilə bağlı bir məsələdir. Bizim vəzifəmiz ölkələrə davamlı inkişaf etməkdə dəstək göstərməkdir. Bu mənada hesabat konkret suallara konkret cavablar verir.