Azərbaycanda kino üçün azad mühit varmı?

Kino Fotonun müəllifi Dan Kitwood/GETTY

Azərbaycanda kino çəkilişləri üçün lazım olan avadanlığın baha olması film istehsalçılarına büdcə tapmaqda çətinlik yaradır, kinotənqidçilər və film istehsalçıları deyir.

Onlar hesab edirlər ki, Mədəniyyət və Turizm Nazirliyinin "məqsədəuyğun hesab etmədiyi" ssenarilərin dəstəklənməməsi də ölkədə kino insanlarının azad olmaması anlamına gəlir.

Kino mütəxəssisləri inanırlar ki, bu səbəbdən kino sahəsində tətbiq və təklif edilən güzəştlər sahənin inkişafına yardım etmir.

Mədəniyyət və Turizm Nazirliyi isə bu iddialarla razılaşmayaraq, özəl film təşkilatlarının daha çox film istehsal etdiyini deyir.

Ötən həftə Milli Məclisin Mədəniyyət Komitəsinin Azərbaycana kino çəkilişi üçün idxal olunacaq texniki avadanlıqların gömrük rüsumlarından və vergilərdən azad olunması ilə bağlı təklifləri kino sahəsində çalışanlar tərəfindən birmənalı qarşılanmayıb.

Bəzi kino istehsalçıları qərarın qüvvəyə minməsinə şübhə ilə yanaşsa da, digərləri nəticənin yaxşı olacağı fikrindədirlər.

Kinostudiyalar güman edir ki, gömrük rüsumları aradan qaldırıldıqdan sonra ölkəyə çox sayda yeni avadanlıq gətiriləcək və yerli bazarda bu tip texnikanın icarə qiyməti aşağı düşəcək.

Təhlilçilərə görə isə qərarın qəbul edilməsi kino sahəsinə ciddi irəliləyiş gətirməyəcək.

Azərbaycan müstəqillik qazandıqdan sonra getdikcə tənəzzülə uğrayan yerli kinematoqrafiya son illərdə bir neçə kommersiya filmləri ilə kiçik canlanma yaşasa da, ümumilikdə ölkənin kino sahəsindəki problemləri hələ də qalmaqdadır.

Təklif

Bu həftə Milli Məclisin Mədəniyyət komitəsi "Gömrük tarifi haqqında" qanuna və Vergi Məcəlləsinə əlavələri müzakirəyə çıxarıb.

"Gömrük tarifi haqqında" qanuna əlavə edilmiş dəyişikliyə görə, kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalı gələn il yanvarın birindən 3 il müddətinə rüsumlardan azad edilir.

Vergi Məcəlləsinə əlavə edilməsi planlaşdırılan dəyişikliyə əsasən yerli kino adamlarının filmlərin istehsalı və satışından əldə etdiyi mənfəətin 50 faizi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olur.

Bununla yanaşı onlar eyni müddətdə kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında da vergi ödəməkdən azad olacaqlar.

Bu qərardan faydalanmaq üçün milli film istehsalçıları müvafiq icra orqanından təsdiqedici sənəd əldə etməlidirlər.

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas deyir ki, bu qaydanın əlavə edilməsi avadanlığın məhz kino işçiləri tərəfindən təmin edilməsini təşkil etməkdir.

"Mən də deyə bilərəm ki, film çəkirəm və aparatura gətirirəm. Bu bilinmir axı satılmaq üçündür ya yox", deyən millət vəkili avadanlığın gətirilməsinin Mədəniyyət Nazirliyi kimi icra orqanları ilə razılaşdırılmalı olduğunu qeyd edir.

O, ölkədə film istehsalçılarına kifayət qədər azad şərait olmaması iddiası ilə razılaşmır.

"Film çəkəndə kameranın qabağına dövlət əlini tutur?", deyə sual edən cənab Abbas "Mənim "Dolu" filmimə 1 milyon 500 min pul ayrılıb" deyə əlavə edir.

Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov BBC Azərbaycancaya deyir ki, Milli Məclisə təklif edilmiş qərar kino sahəsinə kömək edəcək. O, film büdcəsinin bir hissəsinin vergilərə sərf olunduğunu vurğulayır.

"Film istehsalçısı qənaət etdiyi vəasəitə yeni layihəyə başlaya bilər, ya da filmin dekorasiya, geyim tərtibatını zəngin edə bilər", o deyib.

"Dövlətdən asılı rejissorlar"

Rejissor Elvin Adıgözəl isə düşünür ki, "vergi güzəşti boş şeydir və kinonun inkişafına heç bir komək edə bilməz".

"Bu ölkədə kinonu inkişaf etdirmək üçün kinofondlar yaradılmalı, Eurimages-ə üzv olunmalı, ən əsası Mədəniyyət və Turizm Nazirliyi kinoya pul ayıran və nəzarət edən orqan olmamalıdır", o deyir.

Onun sözlərinə görə, kinoya pul ayırma sistemi başqa inkişaf etmiş ölkələrdəki kimi yerli film fondları və xarici fondların birlikdə ayırdığı pul ilə ola bilər.

Lakin bu gün Mədəniyyət və Turizm Nazirliyi kino rəhbər orqanı kimi "pulu idarə edir və istədiyi kimi paylayır və özündən asılı rejissorlar yetişdirir", rejissor qeyd edir.

"Kino azad sənətdir. Rejissor hansısa quruma pul xətrinə tabe olduğu zaman kino bitir, inkişaf etmir. Bu gün isə ölkədə azad kinoya pul tapmaq üçün heç bir mənbə yoxdur", deyən cənab Adıgözəl azsaylı rejissorların başqa sahədən qazandıqları "qəpik - quruşla film çəkdiyini" əlavə edir.

"Beynəlxalq film festivallarına qatılırıq və xəyal, ümid edirik ki, gələcəkdə xaricdən pul tapacığıq. Bu şəraitdədir azad kinonun vəziyyəti", Elvin Adıgözəl deyir.

Nazirlik sözçüsü cənab Şeyxov Azərbaycanın Eurimages təşkilatına üzv olmamasını belə açıqlayıb:

"Bizim imkanlarımız ora daxil olmağa imkan vermir. Bir neçə il əvvəl danışıqlar aparılıb, məlumata görə film istehalı bazamız zəifdir və yenidənqurma işləri aparılmalıdır. Bundan sonra üzvlük məsələsi yenidən qaldırılacaq", o izah edir.

"Senzura var"

Kinotənqidçi Aygün Aslanova təkliflər barədə danışmağın tez olduğunu bildirsə də, qeyd edir ki, yüksək vergi rüsumları Azərbaycanda bütün maliyyə təşkilatları və qurumlarının kinoya yardım edə bilməməsi ilə nəticələnir.

"Vergini həm büdcə ayıran təşkilatlar, həm də rejissorlar verməli idi. Bu vergilər götürülərsə, müstəqil kino bəlkə inkişaf edər".

Aygün Aslanova onu da qeyd edir ki, film çəkilişini təsdiqləyən dövlət qurumları müdaxilələr edir. "Ssenarilərin necə seçilməsi məlum deyil və absurd tələblər qoyurlar. Bəzi səhnələrin dəyişdirilməsini tələb edirlər", deyən kinotənqidçi bu halı "senzura" adlandırır.

O deyir ki, müstəqil Azərbaycanda senzura, Sovet dövründəki senzuraya bərabərdir.

Yusif Şeyxov isə nazirliyin azad yaradıcılıq üçün imkan yaratmadığı fikirləri ilə razılaşmır.

"Son 2-3 ildə özəl şirkətlərin istehsal etdiyi filmlər dövlət hesabına çəkilənlərdən bir neçə dəfə çoxdur. Filmlərin çəkilməsinə, nümayişinə qadağa qoyulmur, mövzulara heç kəs qarışmır," o qeyd edir.

Yusif Şeyxov Mədəniyyət və Turizm Nazirliyinin kinoya pul ayıran və nəzarət edən orqan olmasının qanunvericiliyin tələbindən irəli gəldiyini bildirir və ssenari qəbul edilərkən senzura tətbiq edilmədiyini deyir.

"Ssenari ya qəbul edilir, ya edilmir. Senzuradan söhbət gedə bilməz".

Malın qiymətindən baha rüsum

Bakıda fəaliyyət göstərən studiyalardan biri NərimanFilm kinostudiyasının icraçı prodüseri Emin Quliyev bildirir ki, gömrük rüsumları gətirilən malın qiymətindən də baha başa gəlir.

"Balaca bir kamera detalı 1500 avrodur, bura gətirəndə isə 3000 manat rüsum tələb edilir", deyən prodüser qərarın qəbul olunmasının kino sahəsində çalışanlar üçün vacib olduğunu da qeyd edir.

1994-cü ildən fəaliyyət göstərən NərimanFilm-in sözçüsü eyni problemin təkcə texniki avadanlıq icarəyə verən şirkətləri deyil, həm də istehsalat şirkətlərini də narahat etdiyini vurğulayır.

O bildirir ki, işlədiyi studiya hazırda 50 min avroluq kamera almaq istəyir, lakin gömrük rüsumu 100 minə yaxın olduğundan bu fikirlərindən daşınmalı olublar.

Emin Quliyev onu da əlavə edir ki, rüsumlardan azad olunmaqla ölkəyə yeni və daha keyfiyyətli kameralar, obyektivlər, işıqlar və ya 3D avadanlıqları gələ bilər.

Onun sözlərinə görə, rüsumun alınmaması texniki avadanlıqların icarə haqlarını da aşağı salacaq.

"3 il ciddi vaxtdır"

Bakı Film İnstitutunun rəhbəri Fehruz Şəmiyev Milli Məclis komitəsində kino sahəsi ilə bağlı müzakirələrin aparılmasını önəmli sayır.

"Qanunun qəbulundan sonra nəticələr daha aydın olacaq" deyən kinoprodüser üç il ərzində ölkəyə kino avadanlıqlarının gətirilməsinin vergidən və gömrük rüsumundan azad olunmasını "kinonun inkişafı üçün vacib addım" adlandırır.

O, bu müddətin ciddi vaxt olduğunu deyir və əlavə edir ki, bu qərar kinoların keyfiyyət və kəmiyyətinə təsir edəcək.

"…Yerli filmlərin sayının artması, rəqabətin yaranması deməkdir. Rəqabət nəticəsində isə keyfiyyət ortaya çıxır", deyən cənab Şəmiyev müzakirəni "uğurlu və gecikmiş" adlandırır.

İki filmin müəllifi olan Fehruz Şəmiyev çəkiliş zamanı maliyyə azlığına görə daha keyfiyyətli texnikadan istifadə edə bilməməsindən də danışır.

Fotonun müəllifi Bruno Vincent/GETTY

Qanunun qəbul olunacağına ümid etdiyini deyən kinoprodüser hesab edir ki, bu qərar qəbul edilsə, müəyyən büdcəyə sahib olan şirkətlər film istehsalına daha çox maraq göstərəcək.

"Təfəkkür dəyişməlidir"

Kinotənqidçi Sevda Sultanova deyir ki, "kino siyasəti, məmurlar və rejissorların təfəkkürü dəyişilməsə" qərarın qəbulundan sonra yerli kino sahəsində "sıçrayış görmür".

Onun sözlərinə görə, dəyişiklik insanların kinoya münasibətindən asılıdır, "insanlarınsa azadlıq problemi var", o deyir.

"Hamı elə bilir ki, film çəkmək üçün mütləq Mədəniyyət və Turizm Nazirliyi yardım etməlidir və iri büdcə ayrılmalıdır. Ancaq sənəti sevən ən çətin şərtlərdə belə onu ortaya çıxara bilər. Bunun üçün fədakarlıq lazımdır", o qeyd edir.

Sevda Sultanova keyfiyyətli film üçün bahalı texnikaya ehtiyac yoxdur deyir və əlavə edir ki, dünyada bir çox məşhur rejissorlar az büdcə, kiçik yaradıcı qrup və minimal şərtlərlə səviyyəli filmlər ortaya çıxarırlar.

Bu səbəbdən kinotənqidçi belə qərarları "kosmetik" adlandırdığını deyir və heç bir "gözləntisinin" olmadığını da əlavə edir.

Milli Məclisin sözçüsü Qərənfil Mansurova layihənin Mədəniyyət komitəsində qəbul olunduğunu və Milli Məclisə tövsiyyə olunduğunu təsdiqləyib.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 11-də müzakirəyə çıxarılacaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş