İraq Kürdüstanı: neftsiz müstəqillik?

Fotonun müəllifi AFP/Getty Images
Image caption Məsud Bərzaninin mübarizə apardığı müstəqil Kürdüstan regionda heç kimə lazım deyil

2005-ci ildən İraq Kürdüstanına başçılıq edən Məsud Bərzani prezident vəzifəsini tərk edir.

Bir ay əvvəl Bərzani İraq Kürdüstanının müstəqillik referendumunu keçirib. Əhalinin 90 faizi müstəqilliyin lehinə səs verib.

Lakin Bağdadda bu səsvermə ciddi qəbul edilməyib. İki həftə sonra İraq hərbçiləri Kərkük ətrafındakı neft sahələrini nəzarətə alıblar.

Bərzaninin səlahiyyətləri noyabrın 1-də başa çatıb. Məhz həmin gün İraq Kürdüstanında prezident seçkiləri keçirilməliydi.

Lakin ötən həftə prezident seçkiləri qeyri-müəyyən müddətə təxirə salınıb.

Bərzani prezident səlahiyyətlərini hökumət, parlament və məhkəmə orqanları arasında bölüşdürərək Kürdüstan rəhbərliyində islahatlar aparmağı təklif edib.

"Son illərdə muxtariyyət prezidentinin əlində böyük qüvvə cəmləşmişdi", - şərqşünas Yelena Suponina iddia edir.

"O, postunu tərk edən zaman bu səlahiyyətlərin daha ədalətli bölüşdürülməsini təklif edir. Muxtariyyətdə islahatların vaxtı çoxdan yetişib, islahatlar aparılmalıdır. Hətta bu islahatlar bir az gecikib".

Bu islahatlar ümumiyyətlə baş tutacağı təqdirdə məhz necə aparılacağı hələ ki məlum deyil.

Mövcud şəraitdə müstəqil kürd dövləti ideyasının prinsipcə necə səmərəli olduğu məlum deyil.

Bir az tarix barədə

İraq konstitusiyası yerli hökumət tərəfindən idarə olunan Kürdüstan muxtariyyətini 2005-ci ildən tanıyıb.

İraq Kürdüstanının əhalisi 6 milyondur və bu da ümumilikdə İraq əhalisinin 20 faizini təşkil edir.

Müxtəlif hesablamalara görə, dünya boyunca 30-40 milyon kürd var və onlar Suriya, İran, İraq, Türkiyə və hətta Qafqazdakı keçmiş sovet ölkələri kimi ərazilərdə məskunlaşıblar.

Lakin yalnız İraqda kürdlər onillik mübarizədən sonra əhəmiyyətli muxtariyyət əldə ediblər. 1918-ci ildə neftlə zəngin olan Mosul vilayətinə gələn britaniyalılar onu məğlub olan Osmanlı imperiyasından alıblar.

1920-ci ildə qəbul edilən Sevr sülh müqaviləsinin şərtlərində Millətlər Liqası razılaşacağı təqdirdə müstəqil kürd dövlətinin yaradılması barədə müddəa vardı.

Ayrıca olaraq bu müqavilə Mosul vilayətinin də ona birləşdirilməsinin mümkünlüyünü nəzərdə tuturdu.

Lakin müqavilə qüvvəyə minmədi.

Millətlər Liqası kürd məsələsinə qayıtmadı, kürdlərin etirazı isə eşidilmədi. Kürd milli hərəkatının gələcək tarixi bir çox hallarda qarşıdurma tarixini, bəzən isə iki böyük qüvvənin əməkdaşlığını əks etdirir.

Bu iki böyük qüvvə isə İraq Kürdüstanının indiki prezidentinin atası Mustafa Bərzani tərəfindən yaradılan Kürdüstan Demokrat Partiyası və Cəlal Tələbaninin (Səddam Hüseyn rejimi devrildikdən sonra İraqın müvəqqəti prezidenti seçilən və 2014-cü ilə qədər postunu qoruyub saxlayan) rəhbərlik etdiyi Kürdüstan Vətənpərvər İttifaqıdır.

1958-ci il inqilabından sonra on illər ərzində müxtəlif İraq hökumətləri kürdlərə muxtariyyət vəd etmişdilər.

Lakin kürdlər real olaraq hakimiyyəti Fars körfəzindəki birinci müharibədən sonra, İraqın şimalındakı ərazi aviasiya uçuşları üçün bağlı olan zaman ələ keçirməyə başladılar.

Manevr sənəti

1994-cü ildə Kürd Demokrat Partiyası ilə Kürd Vətənpərvər İttifaqı arasındakı fikir ayrılığı tam vətəndaş müharibəsi ilə nəticələnən açıq qarşıdurmaya gətirib çıxardı. Bu müharibə 1997-ci ildə başa çatdı, lakin bu günə qədər partiyalar arasında fikir ayrılıqları mövcuddur.

Buna baxmayaraq, muxtariyyət illəri ərzində İraq kürdləri inkişaf edən iqtisadiyyatla nisbətən effektiv demokratiya sistemi qurmağa nail oldular.

Bu artımın başlanğıcını BMT-nin "Neft əvəzinə qida" proqramı qoydu və 1998-ci ildə Kürdüstan Demokratik Partiyasının lideri Məsud Bərzani və Kürdüstan Vətənpərvər İttifaqının başçısı Cəlal Tələbaninin sülh razılaşması barədə razılığa gəlmələrinə kömək etdi.

İraqın şimal ərazisi "Səhrada fırtına" əməliyyatı bitdikdən sonra Amerika aviasiyası tərəfindən əhatəyə alınmışdı və bu da kürdlərin Səddam Hüseyn qüvvələrinin əraziyə daxil olmasından çəkinməməsinə imkan verirdi.

İraq Kürdüstanı Türkiyə ilə mübarizə aparan PKK döyüşçülərini ərazidən çıxarmağa və beləliklə Türkiyənin regional məsələlərə tammiqyaslı müdaxiləsinin qarşısını almağa nail oldu. (Baxmayaraq ki, müstəqil kürd dövləti ideyası təkcə rəsmi Ankaranı deyil, Tehran və Dəməşqi də ciddi qıcıqlandırır).

Fotonun müəllifi Getty Images
Image caption Peşmərgə kürd qüvvələri islamçılarla döyüşlərdə möhkəmlənən ordudur

"İraq kürdləri tərəfindən PKK üzvlərinin hamısının qovulmasını demək tam düzgün olmaz. Çünki PKK-nın mənzil-qərargahı əvvəlki kimi İraq və Türkiyə sərhəddindəki Qandil dağlarının əlçatmaz ərazilərində yerləşir",-deyə politoloq Aleksandr Sotniçenko xatırladıb.

"PKK nümayəndələrinin kiçik siyasi hərəkatı var, lakin bu hərəkat elə də məşhur deyil. Çünki türk və İraq kürdləri ümumilikdə müxtəlif dillərdə danışan iki ayrı xalqdır."

Türkiyə kürdləri (yeri gəlmişkən, suriyalı kürdlər kimi) kurmanci dilində danışırlar. Nisbətən yaxın keçmişdə yaradılan bu dilin yazısı latına əsaslanır. İraq kürdləri isə sorani dilində danışırlar. Bu kürd dilinin digər dialektidir və onlar ərəb əlifbasını istifadə edirlər.

Qonşulardan heç birinin, xüsusilə Bağdadın müstəqil Kürdüstana ehtiyacı olmadığl bir şəraitdə kürdlər təcili olaraq diplomatik manevrlər sənətinə sahiblənməyə məcbur oldular.

Eyni zamanda onlar bu gün 120 min hərbçiylə nizamlı ordu olan Peşmərgə silahlı qüvvələrinə malikdirlər.

Peşmərgə qüvvələri özünü İslam Dövləti (İD) adlandıran qruplaşma (ekstremist təşkilatı kimi tanınan bu qruplaşma Rusiyada, Böyük Britaniyada və bir sıra ölkələrdə qadağan edilib) döyüşçülərinə qarşı fəal müqavimət göstərərək bu günə qədər onlarla mübarizədə əsas qüvvələrdən biri olaraq qalır.

Kərkük bizimdir!

Əksər təhlilçilərin İD-nin İraqda və qonşu Suriyada taleyinin müəyyən edilməsi istiqamətində fikirləri üst-üstə düşür.

Bir anda islamçıların daxil olmasıyla İraq Kürdüstanında dayanmış neft hasilatı yenidən bərpa olunacaq.

Kərkükün əhəmiyyəti böyükdür - burada yaxşı keyfiyyətli neft çoxdur.

"Ərəb baharı" başlamazdan əvvəl Kərkük nefti güclü neft kəməriylə Suriyaya verilirdi.

Hazırda bu neft kəməri işləmir. Lakin ehtimal etmək olar ki, ölkədə vəziyyət normallaşdıqdan sonra boru təmir ediləcək və yenidən istifadəyə veriləcək.

Kürd neftinin böyük istehlakçılarından biri də Türkiyədir. Türkiyə İraq Kürdüstanından bu nefti həm daxili istifadə, həm də ixrac etmək üçün alır.

"Kərkükdə hələ ki, xarici neft şirkətləri yoxdur. Lakin mən düşünürəm ki İraq hökuməti yerli sahələri satışa çıxarmağa başlayacaq. Burada quyuların bərpa edilməsi istiqamətində böyük işlər görmək, neft borularını təmir etmək və Suriya vasitəsilə neftin nəqlinə başlamaq lazımdır" , - deyə Aleksandr Sotniçenko qeyd edib.

"Hələ ki, İraq ərazisində İD məhv edilir, xarici şirkətlər bura gələ bilərlər. Hər şeyi nəzərdən keçirib regionda neft hasilatını bərpa etməyə başlamaq olar".

Fotonun müəllifi Getty Images
Image caption Oktyabrın ortalarında İraq hərbçiləri Kərkükü və ətrafındakı neft yataqlarını ələ keçirdilər

Rusiya şirkətlərinin maraqları hələ ki, İranla sərhəd yaxınlığında yerləşən Süleymaniyə şəhəri ərazisində cəmləşib.

Lakin oktyabrın ortalarında "Rosneft" Kürdüstan hökümətilə beş neft yatağının işlənməsi barədə razılığa gəldiyini bəyan etmişdi.

Bu bəyanat Bağdadın ürəyincə olmayıb.

Neft naziri Cabbar əl-Lueybi isə bu sövdələşməni "İraqın daxili işlərinə müdaxilə" adlandıraraq, Bağdaddakı mərkəzi hökumətin iştirakı olmadan İraqdakı neft yataqlarının inkişaf etdirilməsi istiqamətində əldə edilən istənilən müqavilənin qanunsuz hesab ediləcəyini vəd edib.

Kürdlər üçün vəziyyət bir də ona görə çətindir ki, Kürdüstanın tarixi hissəsi hesab etdikləri Kərkük rəsmən onun tərkibinə daxil deyil.

2014-cü ildən etibarən, İraq hərbçiləri öz mövqelərini İD qruplaşmasına təslim etdikdən sonra Kərkük və ətrafını Peşmərgə qüvvələri müdafiə edir.

İlk fürsətdə Bağdad neftlə zəngin olan regionlara nəzarəti geri qaytardı və görünən odur ki, inkişaf etdirmək üçün bu regionları xarici şirkətlərə, xüsusilə də BP-yə təklif edəcək.

2013-cü ildə BP ilə imzalanan razılaşma yerli rəhbərliyin etirazlarına görə dayandırılmışdı.

Müstəqillik referendumunda çox inandırıcı qələbə kürd rəhbərliyini çətin vəziyyətə salıb - müstəqil Kürdüstanın yaradılması perspektivini yenə də xaricdən kimsə dəstəkləməyib.

"Kürdlərin vəziyyəti çətindir. Ümumi geosiyasi vəziyyətin nəticələrinə görə, qonşulardan heç biri müstəqil Kürdüstanın yaradılmasını istəmir. Regiondan kənardakı böyük dövlətlər də bu məsələdə onları dəstəkləməyə hazır deyillər. Kürdlər yaxşı başa düşürlər ki, onlar öz aralarında və digərləri ilə razılığa gəlməlidirlər", - Yelena Suponina deyir.

Kürdüstan dövləti çərçivəsinə Kərkük neft yataqları perspektivini də daxil etmək bu gün sadəcə fantaziya təsiri bağışlayır.

"Neftsiz Kürdüstanın müstəqilliyi baş tutan deyil. Mən belə düşünürəm ki, artıq orda referendumun nəticələrindən imtina ediblər və hesab edirlər ki, bu, hakimiyyətdə qalması üçün Bərzaninin şəxsi təşəbbüsüdür", - Aleksandr Sotniçenko bu qənaətdədir.

Fotonun müəllifi Getty Images
Image caption Neft yoxdursa - müstəqillik də yoxdur..

İraq Kürdüstanındakı vəziyyətin yavaş-yavaş referenduma qədərki vəziyyətə qayıtdığı görünür.

İraq konstitusiyası kürdlərə geniş muxtariyyət verir, 2005-ci ildə konstitusiya qəbul edildiyi andan Bağdad və Ərbil arasında münasibətlər ümumilikdə işgüzar xarakter daşıyıb.

Rəsmi Bağdadın Kürdüstanın İD ilə mübarizədə düşdüyü əlverişsiz vəziyyətdən istifadə etdiyini ehtimal etmək çətindir: İraq sünniləri kürdlərə qarşı qarşıdurmanı dəstəkləyirlər və Peşmərgə də döyüşlərdə ciddi rəqib hesab olunur.

"Böyük ehtimalla Məsud Bərzani hökumətdən kənarlaşmayacaq.

O, İraq Kürdüstanının ali rəhbər şurasında qalacaq və onun nüfuzu əvvəlki kimi yüksəkdir", deyən Yelena Suponina xatırladıb.

"Hər kəs Məsud Bərzaninin rəsmi postu olmasa da, öz çəkisini və nüfuzunu qoruyan bir lider olduğunu çox gözəl başa düşür".

Bu isə o deməkdir ki, Bağdad bundan sonra da Məsud Bərzani ilə hesablaşmalı olacaq.

Kürd hərbçilərinin Kərkükdən tez çıxdığını nəzərə alsaq Bərzaninin güzəştlərə hazır olduğunu və qarşıdurmadan qan tökülmədən yayınmağın mümkünlüyünü demək olar.

Əlaqəli mövzular

Bu barədə daha geniş