Trump-ın Qüds planına etirazlar

Fələstində etirazlar
Şəklin alt yazısı,

Trump-ın "Əsrin Anlaşması" adlandırdığı layihəsi fələstinlilərin etiraz nümayişlərinə səbəb olub.

ABŞ prezidenti Donald Trump-ın İsrail-Fələstin probleminin nizama salınması üzrə "Yaxın Şərq sülh planı" müxtəlif reaksiyalar doğurub. Planın ən mübahisəli maddələrindən biri də Qüdsə (Yerusəlim) aiddir.

Yeni tənzimləmə təşəbbüsünə əsasən, müsəlman, xristian və yəhudilərin müqəddəs hesab etdiyi bu şəhər İsrailin "bölünməz paytaxtı" olmalıdır. Fələstin paytaxtı isə "Şərqi Qüdsün bölgələrini" əhatə edəcək, Donald Trump deyib.

Bu təşəbbüs İsrail hökuməti tərəfindən dəstəklənib, fələstinlilər arasında isə etirazla qarşılanıb.

Fələstinlilərin lideri "Uğursuz bir qəsd..." kimi dəyərləndirdiyi planı rədd edib. "Qüds satılmır. Xalqımız satılmır", - Mahmud Abbas deyib.

Türkiyə ABŞ planını "ölü doğulmuş" adlandırıb, Misir və Səudiyyə Ərəbistanı tərəfləri dialoqa çağırıb.

"Bu, sionist rejim və Amerika arasındakı razılaşmadır... Bu, sülh planı deyil, tətbiq və sanksiya planıdır", - İran prezidenti Həsən Ruhaninin sözçüsü Hüsaməddin Aşina bildirib.

BMT-nin baş katibi Antonio Guterres, İsrail və Fələstin arasında sülhün bərqərar olmasına dəstəyini ifadə edərkən deyib ki, sülh planı, qarşılıqlı razılaşmalar, BMT-nin müvafiq qətnamə və beynəlxalq qərarlara uyğun olaraq, "iki dövlət prinsipinə" əsaslanmalıdır.

İordaniya Xarici İşlər Nazirliyi öz açıqlamasında bildirib ki, "1967-ci il sərhədlərinə qədər olan müstəqil Fələstin dövləti tam və davamlı əmin-amanlığa çatmağın yeganə yoludur".

2017-ci ilin sonunda ABŞ prezidenti Donald Trump Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını və ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürüləcəyini bildirmişdi. 2018-ci il may ayında bu qərar yerinə yetirildi və hazırda Amerikanın Təl-Əvivdəki diplomatik missiyasının binasında ABŞ Səfirliyinin bölmə ofisi fəaliyyət göstərir.

Bəs görəsən, Qüds (Yerusəlim) şəhərinə niyə bu qədər əhəmiyyət verilir? BBC News Azərbaycanca bununla bağlı bəzi suallara cavablar toplayıb:

Qüdsün statusu niyə mübahisə doğurur?

Şəklin alt yazısı,

Müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri Həram əs-Şərif məscidinin yerləşdiyi müqəddəs məbəd-kompleksidir. Buraya "əl-Aqsa məscidi" də daxildir.

Qüdsün statusu İsrail-Fələstin münaqişəsinin mərkəzi problemlərindən biridir.

1967-ci ildə "Altıgünlük müharibə"dən sonra İsrail Şərqi Qüdsü işğal edib. 1980-ci ildə təsdiqlənən qanun isə şəhəri İsrailin "bölünməz paytaxtı" tanıyır.

Ərəblər də Şərqi Qüdsü gələcəkdə qurulacaq Fələstin dövlətinin paytaxtı hesab edirlər.

İsrail parlamenti, prezident administrasiyası və rəsmi hökumət qurumları Qüdsdə yerləşir.

Lakin mübahisəli şəhərdə heç bir xarici səfirlik yoxdur.

İsrailin işğalı yerli demoqrafiyanı dəyişdirdimi?

Şəklin alt yazısı,

Yəhudilər üçün müqəddəs "Ağlama Divarı" da Şərqi Qüdsdə yerləşir

1967-ci ildən etibarən İsrail bölgədə salınmış ən azı 10 məskənə təqribən 200 min yəhudi sakin köçürüb.

Hazırda Qüdsün 850 minə yaxın əhalisi var. Sakinlərin 37 faizi ərəb, 61 faizi isə yəhudidir.

Qüdsdəki yəhudi məskənləri beynəlxalq hüquq baxımından qanunsuz sayılır. Ancaq İsrail bunu qəbul etmir.

Qüdsü İsrailin paytaxtı tanıyan olubmu?

Bu günə qədər heç bir ölkə Qüdsü İsrailin paytaxtı tanımayıb.

ABŞ rəsmiləri bildirirlər ki, cənab Trump ABŞ səfirliyini dərhal Tel-Əvivdən Qüdsə keçirmək niyyətində deyil.

1993-cü ildə imzalanmış Oslo sülh müqaviləsinə görə, Qüdsün yekun statusu sülh danışıqlarının gələcək mərhələlərində müzakirə olunmalıdır.

Şəklin alt yazısı,

Qüdsdə yerləşən "Müqəddəs Məzar Məbədi"nə xristianların müxtəlif məzhəbləri birgə nəzarət edir

Qüds niyə müqəddəs şəhər sayılır?

Qüds və ya Yerusəlim duyanın ən qədim şəhərlərindəndir. O, müxtəlif dövlətlərin tərkibində olub.

1517-ci ildən 1917-ci ilədək şəhərə Osmanlı İmperiyası nəzarət edib.

Qüds müsəlman, yəhudi və xristianlar tərəfindən müqəddəs sayılan yerlərə sahibdir.

Müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri "Həram əs-Şərif" məscidinin yerləşdiyi müqəddəs məbəd- kompleksidir. Buraya İslam dünyası üçün əhəmiyyətinə görə üçüncü ibadət yeri sayılan "əl-Aqsa" məscidi də daxildir.

Eynilə burada yəhudilərin ən müqəddəs saydığı "Ağlama Divarı" və xristianların "Müqəddəs Məzar Məbədi" yerləşir.