Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın işi bitibmi?

MBS Fotonun müəllifi Reuters
Image caption 33 yaşlı şahzadənin hakimiyyətə çatması meteor sürətilə baş verib - o, qarışıq dövrdən salamat çıxa biləcəkmi?

"Onun kitabı bağlanıb", "zəhər tuluğudur", "mənim qəhrəmanımdır". Bunlar onun barəsində tez-tez işlədilən ifadələrdir və şahzadəyə olan qarışıq münasibəti əks etdirir.

Oktyabrın 2-də səudiyyəli jurnalist Camal Kaşıkçı İstanbuldakı Səudiyyə konsulluğunda qətlə yetiriləndən bəri MBS brendi Qərbdə ikrah hissi oyadır.

Səudiyyə rəsmilərinin şahzadənin, divan əl-malikin - yəni kral ailəsinin bu qətllə heç bir əlaqəsinin olmadığına dair bəyanatları Qərbdə tam bir inamsızlıqla qarşılanıb.

Hər bir şeyin yalnız yuxarıdan əmrlə baş verdiyi bir ölkədə bu qətlin hər hansı özbaşına qulbeçələr tərəfindən törədilməsi sadəcə olaraq ağlabatan görünmür.

İndi Körfəzdə belə bir versiya səslənməyə başlayıb ki, əlbəttə, MBS Kaşıkçının tənqidləri ilə bağlı "bir təfbir görmək" istəyib, amma jurnalistin qətlinə əmr verməyib.

Bu versiyaya görə onun ofisinin rəhbəri Səud əl-Qəhtani öz səlahiyyətlərini aşaraq "özfəaliyyətə" yol verib.Məhəmməd bin Salmanın hakimiyyətə yüksəlişi meteor sürətilə olub, lakin o, Kaşıkçı qalmaqalından salamat çıxa biləcəkmi?

Fotonun müəllifi Reuters
Image caption Səudiyyənin vəliəhd şahzadəsinə qarşı çoxsaylı etiraz aksiyaları keçirilib

İş də burasındadlır ki, Səudiyyə Ərəbistanından kənarda heç kəs Ər-Riyadın versiyalarına inanmır.

Səudiyyə mediası jurnalistin konsulluğun içində ölməsini günlərlə inkar edirdi.

Üstəlik konsulluq bildirirdi ki, Kaşıkçı binanı tərk edib.

Sonra isə dedilər ki, Kaşıkçı "yumruq davasında" ölüb.

Bütün bunlardan sonra Səudiyyə prokurorluğu etiraf edib ki, bu qətl əvvəlcədən planlaşdırılıb.

Səudiyyə Ərəbistanının bu qətldən sonrakı hərəkətləri jurnalistin qətli əməliyyatının özü qədər yöndəmsiz idi.

Yolayrıcı

Bütün hallarda bu hadisə MBS-i tamamilə təcrid edib. Qərb hökumətləri və transmilli şirkətlər adlarının onun adı ilə yanaşı çəkilməsini istəmirlər.

Yalnız 1932-ci ilə ölkə kimi formaslaşmış Səudiyyə Ərəbistanı üçün bu yolayrıcı məqamıdır.

İndi sual bundadır ki, daha yetkin yaşda olan şahzadələr nə edəcəklər?

Onlar ABŞ Konqresini və Qərbi razı salmaq üçün bu qüdrətli fiqurun səlahiyyətlərinin xeyli hissəsini ondan alacaqlarmı?

Qərb ölkələrindən bəzilərində artıq Səudiyyəyə silah embarqosu qoyulmasına dair çağırışlar eşidilir.

Bəlkə də onlar vəliəhdi birdəfəlik taxt-tacdan məhrum edəcək, ona dəbdəbəli, amma mənasız daha bir titul verməklə ondan izal olacaqlar?

Yoxsa, Səudiyyə başçıları sadəcə olaraq tozanağın yatmasını gözləyəcəklər?

Əslində hazırda Səudiyyə sarayında çox ciddi müzakirələr gedir.

Bu böhranın daha da qəlizləşdiyini 82 yaşlı kralın yeganə doğma qardaşı - şahzadə Əhməd bin Əbdüləzizin qəflətən xaricdən ölkəyə qayıtması göstərir.

Londondan gecənin zülmətində qayıdan şahzadəni MBS də daxil başqa şahzadələr ətir yayan buxurdanlar və açıq qucaqlarla qarşılayıblar.

Şahzadə Əhməd Yəmən müharibəsinin əleyhinə çıxış etməklə, bunun vəliəhdin və kralın təqsiri olmasını deməklə, MBS-ni istəməyənlərin qəhrəmanına çevrilib.

Deyilənlərə görə o ev məhbusluğundan çəkinərək Riyada qayıtmaq istəmirmiş.

Lakin göründüyü kimi, axırda qayıtmağı və ölkənin ali rəhbərliyinə dəstək olmağı qərarlaşdırıb.

Real iddiaçı yoxdur

İndi görəsən sarayda müzakirə aparanlar MBS-in gələcəyini necə görürlər?

Birincisi ona meydan oxuya biləcək aşkar namizəd yoxdur.

O, bu məsələni bir müddət əvvəl "həll" edib.

33 yaşlı şahzadənin hakimiyyətə çatması meteor sürətilə baş verib.

O, ötən ilin iyununda, özündən yaşlı, hərçənd ondan ağıllı, amma darıxdırıcı şahzadə Məhəmməd bin Nayefin yerini ələ keçirib.

O, bütün hakimiyyət rıçaqlarını öz əlində birləşdirib.

O, indi Məbahit gizli polisi də daxil, Daxili İşlər Nazirliyinə, Milli Qvardiyaya nəzarət edir, eyni zamanda müdafiə naziri vəzifəsini tutur.

Bundan başqa o sarayın başçısıdır, faktiki olaraq yaşlı və qoca kral atasının adından ölkəyə başçılıq edir.

Hətta Kaşıkçının qətlindən əvvəl də MBS-nin siyasətləri getdikcə daha ziddiyyətli olur və hakimiyyətdə olan başqa şahzadələri təşvişə salırdı. Onlar indi onun xeyrindən çox, ziyanının olduğunu düşünməyə başlamışdılar.

Özünə çox arxayın olan və atasından xeyir-dua alan MBS 2015-ci ildən Səudiyyə Ərəbistanını və onun müttəfiqlərini bahalı, həm də göründüyü kimi qələbəsi mümkün olmayan Yəmən müharibəsinə sürükləyib.

Ötən il o, onlarca şahzadəni, biznesmeni və vəzifəlini dəbdəbəli Ritz Carlton otelində faktiki olaraq məhbus etmiş, onlar iddia edilən korrupsiya əməllərilə topladıqları sərvəti ödəməyincə oradan buraxılmamışdılar.

Bu hadisə Səudiyyə gənclərinə xoş gəlmişdi, hərçənd vəliəhdin özü elə həmin vaxt 450 milyon dollarlıq yaxta almışdı.

Bundan başqa hazırda Səudiyyə və onun qonşusu, Qərbin daha bir müttəfiqi Qətər arasında davam edən qarşıdurma var.

Bu ilin əvvəllərində Səudiyyə Ərəbistanı Kanada xarici işlər nazirinin bircə tvitinə görə bu ölkə ilə də üz-göz olmuşdu.

Kanada naziri bu tvitdə Səudiyyəni insan haqlarına hörmət etməyə çağırırdı.

Getdikcə aydın olurdu ki, MBS demokrat deyil.

Onunla işbirliyində olmuş birinin dediyi kimi bir çoxları onu "məsuliyyətsiz və özünə nəzarət edə bilməyən davakar" kimi qiymətləndirirlər.

Halbuki lap son vaxtlaradək səudiyyəlilərin böyük bir qismi islahatlarının xatirinə vəliəhdin ifratçılığına göz yummağa hazır kimi görünürdü.

Yüksək texnoloji arzular

Amma milyonlarla gənc səudiyyəli üçün MBS hələ də gələcəyin ümidi, cəsur, xarizmatik lider, müdrik islahatçı, hətta mühafizəkar ruhanilərə qarşı mübarizdir.

Gəncləri onun qadınlara müəyyən azadlqılar verməsi, krallığın ictimai həyatına əyləncəni gətirməsi cəlb edir.

Onun neftə əsaslanan iqtisadiyyatı islah etmək planları da səudiyyəliləri yüksək texnologiyaları və hər bir kəs üçün iş yerləri olan bir ölkənin işıqlı gələcəyinə inandırır.

Washington, London və Parisdəki siyasətçilərə MBS-in ən azı cilovlanması, heç şübhəsiz ağıllı bir addım kimi görünərdi.

Lakin Səudiyyə Ərəbistanının riskdən çəkinən hakimiyyəti üçün belə addımların atılması o qədər da asan olmur.

Elə isə vəliəhd şahzadənin kitabı bağlanıbmı?

Amma yada salın ki, 2011-ci ilin ortalarında, Ərəb baharının kəllə-çarxda olduğu bir vaxtda az qala hamı düşünürdü ki, Suriya prezidenti Bəşər əl-Əsədin sonu çatıb.

O hadisədən 7 il keçir.

Əsəd hələ də hakimiyyətdədir.

Bu barədə daha geniş