Təhlil: Dağlıq Qarabağ münaqişəsi yenidən partladı

Fotonun müəllifi EPA

Sovet İttifaqının çökməsi ilə partlamış həlsiz münaqişələrdən biri – azərbaycanlılar və ermənilər arasında Dağlıq Qarabağa görə yaranmış münaqişə bunların içində ən təhlükəlisidir.

Budur indi ermənilər də, azərbaycanlılar da və geniş dünya da daha bir xəbərdarlıq aldılar ki, bu münaqişə istənilən vaxt dağıdıcı bir partlayışa səbəb ola biləcək barıt çəlləyidir.

1994-cü ilin atəşkəs razılaşması çilik-çilik oldu. 30-40 əsas qurbanların əksəriyyəti hər iki tərəfdə müddətli hərbi qulluqda olan gənc mükəlləflərdir.

1990-cı illərin münaqişəsi elə bir şəkildə başa çatmışdı ki, çox qeyri-stabil vəziyyət yaratmışdı. 1994-cü ilin atəşkəs razılaşmasına əsasən çəkilmiş təmas xətti Azərbaycanın içərisindən keçirdi və bu xətt üzərində heç bir beynəlxalq sülhyaradıcı qüvvə yox idi.

Ermənistan və Azərbaycanda psixoloji baxımdan travmatik müharibə və qarşılıqlı nifrət fundamental yer tutmaqda davam edir.

Moskvanın əli?

Ortalıqda kompromis üçün çox az niyyət var. Bu münaqişədə təkcə erməni çoxluğuna malik Qarabağın özünü yox, həm də onun ətrafındakı 7 rayonu tam və ya qismən itirmiş Azərbaycanda anti-Ermənistan davakarlığı xüsusilə güclüdür.

Üstəlik Fransa, Rusiya və ABŞ-ın timsalında beynəlxalq vasitəçilərin kompromis ideyası üçün göstərdiyi təzyiq, Ermənistan və Azərbaycanın bu kompromisə müqavimətindən zəifdir.

Fotonun müəllifi Getty
Image caption Son toqquşmalarda əsgərlər və mülki şəxslər həlak olub
Fotonun müəllifi EPA
Image caption Bu iki tərəf arasında son onilliklərin ən zorakı toqquşmasıdır

Son bir neçə ildə vəziyyət daha da pisləşib. Gənc əsgərlərin dağlardakı səngərlərdə sakit oturduqları və ara-sıra təmas xəttinin qarşı tərəfinə atəş açdığı vaxtlar çoxdan keçib.

Azərbaycan Xəzər neftinin gətirdiyi milyardlarla dollar pulu yeni silahların alınmasına xərcləyib. İki tərəf arasındakı təmas xətti burada qaynaşan tanklar və toplarla bütün Avropada ən çox hərbiləşdirilmiş zonadır.

Bunun üstünə bu münaqişəyə vasitəçilik etməli olan Qərb və Rusiya arasında etimadın pozulduğunu da əlavə etsək, potensial münaqişə kokteylini təsəvvürə gətirmək olar.

Hazırda müharibənin tüstüsündə son iki gündə nələrin baş verdiyini söyləmək çətindir.

Burada “Rusiyanın əli”ni, Moskvanın münaqişədən müdaxilə və Rusiya sülhyaradıcılarının yerləşdirilməsi üçün fürsətlənmək niyyətini görmək meyli həmişə olub. Şübhəsiz Rusiyanın xarici işlər naziri Sergey Lavrov son vaxtlarda Rusiyanı sülhün qarantı edəcək yeni sülh planı üzərində işləyirdi.

Rusiya heç şübhəsiz hər iki tərəfdə, xüsusilə də Ermənistanla uzun müddətdir davam edən hərbi müttəfiqlikdə maraqlıdır.

Bununla belə, Rusiya bu münaqişənin sükanı arxasında oturmayıb. Ermənistan və Azərbaycan sükançıdırlar. 1994-cü ildə burada sülhməramlılar yerləşdirmək planı pozulandan bəri Qarabağ torpağında rus qüvvələri yoxdur.

Moskvanın həmmüəlliflik etdiyi bir neçə sülh planı isə bu və ya digər tərəfdən rədd edilib.

Mümkün ssenarilər

Burada başqa ssenarilərdən daha çox ehtimal ediləcək ikisi var. Ya atəşkəsin pozulmasına təsadüfün səbəb olub-olmadığından, onu kimin başlatdığına fərq qoymadan deyə bilərik ki, hər iki tərəf ağır itkilər verərək dayanıb, ya da Azərbaycan "torpaq üstündə faktları dəyişmək və itirilmiş torpaqları qaytarmaq məqsədilə kiçik hərbi əməliyyat" keçirməyi qərara qalıb. Azərbaycan, əlbəttə kiçik torpaq parçalarını geri aldığını bəyan edir.

Belə bir hərbi əməliyyatdan əlavə mənfəət bu ola bilərdi ki, əhalinin diqqətini düşən neft qiymətləri ilə bağlı yaranmış iqtisadi çətinliklərdən yayındırmaq olardı.

İstər Ermənistanda, istərsə Azərbaycanda öz liderlərinə tənqidi yanaşan ictimaiyyət son iki gündə əlbəttə ki, milli bayrağın başına yığılaraq daxili problemləri unudub.

İndi ortalıqda Azərbaycan tərəfindən elan edilmiş yeni atəşkəs var, hərçənd bu atəşkəs çox kövrəkdir. Emosiyalar yüksəlib və qisas hissi daha da güclənəcək. Bu, dünyanın bundan sonra da görməməzliyə vura biləcəyi münaqişə deyil.