Diş sarısından necə xilas olmalı?

Fotonun müəllifi Getty

Heç də hamının dişləri ağ deyil. Görəsən niyə? BBC müxbiri Lucia Blasco bu sualın cavabını mütəxəssislərdən soruşub.

Müxbir yazır ki, son vaxtlar elə hamı “qardan da ağ” Holliwood təbəssümündən danışır. Bu söhbəti edənlər sözün əsl mənasında “qardan ağ” rəngi nəzərdə tuturlar.

Məsələ burasındadır ki, ideal ağ dişlər təkcə estetik yox, həm də psixoloji əhəmiyyət daşımağa başlayıb. Buna baxmaraq, heç də hamımız anadangəlmə ağappaq dişlərimizlə öyünə bilmirik.

BBC bütün bu problemlər barədə ekspertlə söhbət edib. Diş sarısı nədir və onunla necə mübarizə aparmaq olar?

1. Genetika

Fotonun müəllifi PA
Image caption Dişlərin ağlığına genetik faktorlar təsir edə bilər

"Hər adamın dişlərinin öz rəngi var, - deyir İspaniya stomatoloji kolleclər assosiasiyasının başçısı Oscar Castro, - Bizim hər birimizdə anadan olandan bəri dişimizin rəngini müəyyən edən gen var”.

Doktor Castronun sözlərinə görə, həmçinin mina və ya dentinin qüsurlarını yaradan anadangəlmə xəstəlikər də mövcuddur. Bu xəstəliklər nəticəsində dişlər tədricən saralır və hətta qəhvəyi çalar alır.

"Bu proses irsən valideynlərdən uşaqlara keçir” – deyir həkim.

Bundan başqa dişlərin rənginə qalxanabənzər vəzin və ya tiroid hormonu vəzlərinin işində yaranmış pozuntular da təsir edə bilər. Bu proseslər diş minasında ləkələrin yaranmasına səbəb olur.

2. Qida və içkilər

Bəzi qidalardakı və içkilərdəki rəng piqmentləri diş minasındakı məsamələrdən dişlərimizin daha dərin toxumalarına sirayət edə bilir.

Bunlardan bəziləri, məsələn qəhvə və qara çay çoxdan bəllidir, bəzi qidaların təsiri isə hələ tam öyrənilməyib.

Məsələn, doktor Castronun dediyinə görə, hətta yaşıl çay, Coca-Cola və ya qırmızı şərab da dişlərə sarımtıllıq verə bilər.

Fotonun müəllifi Getty
Image caption Çay da daxil olmaqla bəzi içki və qida növləri diş minasının rəngini tutqunlaşdırır

Belə qidalara karotinli (təbii piqment və antioksidant) məhsullar, məsələn kök, pomidor və ispanaq da aiddir.

Bəzi yerlərdə dişlərin saralmasına hətta su da səbəb ola bilər. Bu, adətən suyun tərkibində ftor çox olan yerlərdə baş verir. Onun ifrat çoxluğu güclü piqmentasiya ilə səciyələnən flüoroz xəstəliyinə səbəb ola bilər.

3. Dərmanlar və plomblar

"Bəzi antibiotiklər, məsələn tetrasiklin diş toxumasının formalaşmasında pozuntular yarada bilər. O zaman dişlər artıq əvvəldən ləkəli olur” – deyir doktor Castro.

Bəzi başqa preparatlar, hətta ağız boşluğunun yaxalanması üçün nəzərdə tutulanları da diş minasına sarılıq verə bilər.

Plombların tərkibində çox vaxt gümüş xəlitələri olur, - deyir Castro, - Bu da zaman keçdikcə bütün dişlərin rəngini dəyişən piqmentdir.

Fotonun müəllifi Getty
Image caption Dərmanlar və diş plombları da dişlərin ağlığına təsir edə bilər

Dişlərin müalicəsi zamanı diş sinirinin öldürülməsi prosesi də diş toxumasının tündləşməsinə səbəb ola bilər.

Başqa bir səbəb dişləri qidalandıran qan damarlarının zədələnməsidir. Bu zaman diş artıq içəridən rənglənir.

Bütün hallarda hazırda yeni mürəkkəb maddə və qətranlardan istifadə edən stomatoloji həll yolları üzərində iş gedir.

4. Yaşlanma və qulluğun azlığı

Unudulmayacaq faktorlardan biri də yaş məsələsidir. Biz yaşlandıqca dişlərimizin sarılığı artır.

"Yaşlandıqca dişlərin sarı çalar alması təbii prosesdir, - deyir Castro, - doğulandan ölənədək biz dişlərimizi ən müxtəlif təsir və sınaqlara məruz qoyuruq”.

Amma burada həm də ağız boşluğumuza necə qulluq etməyimizdən də çox şey asılıdır. Ən əsas sual budur ki, dişlərimizi necə təmizləyirik?

"Ağız boşluğunun gigiyenası ən mühüm rol oynayır” – deyir doktor.

Saralmadan necə qorunmalı?

Fotonun müəllifi Getty
Image caption Əgər siz dişlərinizi ağartmağı qərara almısınızsa, yaxşısı budur peşəkara müraciət edəsiniz

Biz zamanı dayandıra bilmərik, amma dişlərimizi daha cidd-cəhdlə təmizləyə, bəzi qidaların ifrat istehlakından (əlbəttə, siqaret çəkməkdən) imtina edə bilərik. Amma sizi dişlərinizin ağlığı xüsusilə narahat edirsə, peşəkarlara müraciət etməlisiniz.

"Dişlərin ev şəraitində ağardılması, əlbəttə terapevtik effekt verir, amma möcüzə vəd edən, dişlərinizin səkkiz qat ağ olacağını bildirən televiziya reklamlarına çox da inanmayın. Bu mümkün olan iş deyil” – deyir doktor Castro.

"Bu əvvəldən yanlış olan reklamın tipik nümunəsidir” – deyir o.

"Ən yaxşı üsul diş həkiminin yanına gedib, ondan soruşmaqdır ki, patoloji fəsadlara yol vermədən dişlərin ağardılması üçün nə etmək olar?” – deyir stomatoloq. Doktor Castro habelə dişlərin, məsələn limonlu soda ilə təmizləmə kimi türkəçarə ağardılması üsullarından çəkinməyə çağırır.

"Bu, sadəcə olaraq dişin minasını yeyən turşudur, ona qalsa dişləri sumbata kağızı ilə də ağartmağa çalışmaq olar” – deyə etiraz edir həkim.

Bəs dişağardıcı məcunlar necə?

Castro deyir ki, burda sadə bir fənd var: sarı rəngin əksi bənövşəyidir. Diş toxumalarına bənövşəyi rəng hissəciklərinin daxil olması dişlərə ağlıq verir.

Mütəxəssislər həm də “balankoreksiya” deyilən fenomeninin təhlükəsi barədə xəbərdarlıq edirlər. Bu, dişlərin ağlığı üzərində həddən artıq fikir çəkməkdir.

"Biz həmişə daha çoxunu, daha artığını istəyirik. Pasientlər elə ağ rəng istəyirlər ki, o heç təbiətdə də yoxdur. Belə rəngdə diş minası olmur” – deyir doktor Castro.

"Bizim qavramamızda əhəmiyyətli dəyişiklik yaranır: Biz nəyin təbii, nəyinsə süni yolla əldə edilə biləcyini unuduruq”.