Təhlil: Türkiyə azərbaycanlılar üçün artıq əvvəlki Türkiyə deyil

Fotonun müəllifi Getty

Türkiyədə son hərbi çevrilişə cəhd ilə bağlı bəlkə də ən həssas ictimai fikir Azərbaycandadır.

Türkiyəyə dünyada ən yaxın ölkə də Azərbaycandır.

Düzdür, azərbaycanlılar Türkiyəni daha doğma hiss edirlər, nəinki türkiyəlilər Azərbaycanı, amma ümumən götürəndə bu bölgədə bir-birinə emosional olaraq bağlı olan iki başqa dövlət və millət yoxdur.

Türkiyədə çevrilişə cəhd Azərbaycanda aprel müharibəsi qədər danışılan, hiss edilən hadisədir.

Burada da insanlar iki qütbə bölünüb: Erdoğanı dəstəkləyənlər və ona qarşı olanlar.

Erdoğana qarşı olanlar, “biz hərbi çevrilişə qarşıyıq“ desələr də, ürəklərində düşündülər ki, çevriliş uğurlu olsaydı əslində daha yaxşı olardı, “mollalardan canımız qurtarardı”.

Ümumiyyətlə bu kontekstdə siyasət çox şəxsiləşir, bir insanın etdiyi, etmədiyi, onun mənəvi xüsusiyyətləri və sairə müzakirə olunur.

Türk əsgərinə olan hörmət

Amma bəlkə də üçüncü qrup da var. Türkiyəni sevənlər və məyus olanlar qrupu. Xüsusilə türk əsgərinə qarşı edilənlər insanları çox sarsıtdı.

Azərbaycanda türk əsgərinə tarixən böyük hörmət var, 1918-ci il hadisələri ilə bağlıdı, qəhrəman türk əsgəri azərbaycanlı qardaşlarını xilas etmişdi.

Həm bu hadisə, həm modern Türkiyənin güclü ordusu, həm də ordunun siyasətdəki rolu Azərbaycan insanının zehniyyətində sarsılmaz türk ordusu obrazı yaratmışdı.

Bu hadisələr o obrazı dağıtdı və insanlar məyus oldu. Amma əslində bu görüntülər ordu hakimiyyətinin tabutuna son mismarlar idi.

İlk zərbələr 2002-də Ərdoğan hakimiyyətə gəldikdən sonra yavaş-yavaş başlamışdı - Ergenekon ve Balyoz əməliyyatları ilə.

Azərbaycanda siyasi durğunluğun fonunda Türkiyədəki hadisələr daha qabarıq görünür. Bu, insanların sosial varlıq olduqları qədər də siyasi varlıq olduqları deməkdir.

Türk musiqisi kimi, türk futbolu kimi, türk siyasəti də Azərbaycan insanının ictimai fikrini formalaşdırır.

Bizdə nə futbolun, nə yaxşı populyar musiqinin, nə də siyasətin olmadığını nəzərə alsaq, bu təsir daha da artır.

Yəni siyasət, futbol və populyar mədəniyyət baxımından Azərbaycan sanki Türkiyənin bir əyaləti, bir bölgəsidir. İnsanlar oranın gündəmi ilə daha çox yaşayırlar, nəinki öz ölkələrinin.

“Türkiyəylə qurtarmaq lazımdır”

Əslində çox gözəl “metacoğrafiya” nümunəsidir, müəyyən bir ortaq virtual ictimai sfera, bir məkan formalaşır və o məkanın sərhədləri ölkələrin fiziki sərhədlərini aşır, onlardan kənardadır.

Sadəcə fərq ondadır ki, əvvəllər Azərbaycan demokratları müəyyən mənada Türkiyəni bir mütərəqqi model kimi görürdülər, indi isə məyusluq içində “Türkiyənin başına bu da mı gəldi?”, “Türkiyəylə qurtarmaq lazımdır”, “Bizim avtoritar sistem onlarınkından insaflıdır” kimi fikirlər eşidilir.

Türkiyə demokratik fikirli insanlar arasında çox böyük məyusluq simvoluna çevrilir.

Türkiyənin 90-cı illərdə pluralistik partiya sistemi, ədalətli seçimi, canlı siyasi mühiti olan bir ölkədən avtoritar bir ölkəyə çevrilməsi, Azərbaycanda da demokratik sistemin nə vaxtsa bərqərar ola biləcəyi ehtimalını və inamını azaldır.

Eyni zamanda dindar insanlar arasında Türkiyə hakimiyyətinin və Recep Tayyip Erdoğanın nüfuzu artır.

Azərbaycanlılar həm də Türkiyəni bir turizm ölkəsi kimi seçmişdilər. Hələ də gedib gələnlər az deyil. Amma dünən bir nəfər Avropada yaşayan azərbaycanlı dostum məndən məsləhət alırdı ki, tətil üçün İstanbula gedim ya getməyim.

Terror hadisələri və çevrilişə cəhd Azərbaycandan turist axınını azaldacaq.

Ümumilikdə bu cür hadisələr daxildə Erdoğanın hakimiyyətini gücləndirsə də Türkiyənin beynəlxalq imicinə ciddi zərbə vurdu və Türkiyənin qlobal obrazının bir Avropa dövlətindən, Yaxın Şərq dövlətinə doğru getdiyini göstərdi.

Azərbaycanda da insanlar artıq Türkiyə haqqında bu kontekstdə düşünməyə başladılar.

Bir sözlə, Türkiyə azərbaycanlılar üçün artıq əvvəlki Türkiyə deyil.

Bu barədə daha geniş