Trump və Putini nəsə bağlayırmı?

Hillary Clinton-un seçki qərargahı hesab edir ki, Rusiyanın xüsusi xidmətləri onun rəqibi, respublikaçı namizəd Donald Trump-a dəstək vermək məqsədilə Demokratik Partiyanın elektron poçt serverlərinə haker hücumu edib.

Bəzi ekspertlər narahatdırlar ki, Trump doğrudan da Rusiya ilə bağlıdırsa, Moskva Amerika prezidenti seçkisinin nəticəsinə təsir göstər bilər.

Rusiya xarici işlər naziri Sergey Lavrov bu iddialara cavab olaraq bildirib ki, Moskva ABŞ-da Demokratik Partiyaya aid serverlərə haker hücumu ilə heç bir şəkildə əlaqəli deyildir.

“Mən söyüş işlətmək istəmirəm” – jurnalistlərin bu barədə suallarına cavab verərkən Lavrov deyib.

Bəs görəsən həqiqətdə Trump və Rusiya arasında hər hansı əlaqə ola bilərmi?

____________________________________________________________________

1. Poçta haker hücumu

ABŞ demokratlarının qurultayı yağ kimi gedəcəkdi, əgər partiya milli komitəsinin serverlərindən sızma olmasaydı... Bu əhvalat Philadelphiada keçirilən qurultaya tam bir xaos gətirmişdi.

WikiLeaks tərəfindən sızdırılan məktublardan görmək olardı ki, Demokratların Milli Komitəsinin rəsmiləri Bernie Sandersə qarşı qərəzli idilər.

Bunun ardınca “The New York Times” qəzeti yazdı ki, baş verənlərin təhlili milli komitə serverlərinin Rusiyanın iki xüsusi xidməti tərəfindən “sındırılmasını” göstərir.

Daily Beast saytı isə yazırdı ki, bəzi ABŞ rəsmiləri haker hücumundan məqsədin prezident seçkilərinə Trump-ın xeyrinə müdaxilə olduğunu söyləyiblər.

Trump və onun köməkçiləri haker hücumu ilə heç bir əlaqələrinin olmadığını söyləyirlər. Onlar deyirlər ki, namizədin baş verən hadisədə əli olduğunu göstərən dəlillər də yoxdur.

____________________________________________________________________

2. Trump-ın qərargahında Rusiya izi

Image caption Paul Manafort Şərqi Avropa siyasəti ilə yaxından tanışdır

Trump-ın seçki qərargahının rəisi Paul Manafort karyerasının əhəmiyyətli hissəsini Şərqi Avropada siyasi müşavirlik etməklə keçirib.

Məsələn o, 2014-cü ildə devrilmiş Ukrayna prezidenti, Putinin müttəfiqi Viktor Yanukoviçin müşaviri olub.

Talking Points Memo nəşrinin yazarı Josh Marshall respublikaçı namizədin Rusiya ilə bağlı olduğuna inanan təhlilçilərdəndir. Onun fikrincə, Trump-ın xarici əlaqələr üzrə müşaviri Carter Page-in “Gazprom” şirkəti ilə daimi maliyyə və əmək münasibətləri olub.

Marshall düşünür ki, belə ciddi səviyyədə “Gazprom”la əlaqədə olmaq onların Putin siyasətinə loyal olduqlarını söyləmək üçün avtomatik əsas verir.

Lakin bəzi ekspertlər deyirlər ki, Page “Gazprom” şirkəti ilə əməkdaşlığı hələ 2007-ci ildə dayandırıb və o vaxtdan Rusiyada çox az pul qazanıb.

____________________________________________________________________

3. Respublikaçıların gündəliyində dəyişiklik

Respublikaçılar Partiyasının qurultayına bir neçə gün qalmış partiyanın milli komitəsi özünün Rusiyaya olan münasibətini Trump qərargahının təzyiqi altında dəyişdirib.

Nümayəndələrdən biri Rusiyanın dəstəklədiyi separatçılarla mübarizə aparan Kiyevə “ölümcül silahların” verilməsini nəzərdə tutan platforma maddəsinin dəyişdirilməsini təklif edib.

“The Washington Post” qəzeti yazır ki, indi bu maddədə “ölümcül silahlar” əvəzinə “lazımi köməyin verilməsi” ifadəsi yazılıb.

Bundan əvvəl Trump bəyan etmişdi ki, o, Rusiya Baltik regionuna müdaxilə edərsə, NATO müttəfiqlərinə qeyd-şərtsiz dəstək verməyi üzərinə götürmür.

Oxuyun - Trump: "ABŞ ölkələri Rusiya müdaxiləsindən qorumaya bilər"

____________________________________________________________________

Image caption New York-da Trump Tower göydələni

4. Maliyyə bağları

Trump hazırda Amerika bankları ilə iş görmür. Bunun əvəzində, Josh Marshall-ın fikrincə, o özünün maliyyə imperiyasını Rusiyadan axan kapitalın əsasında bərpa edib və gücləndirib.

“The New York Times” qəzetində dərc olunmuş məhkəmə iddiasına görə, bunların arasında Rusiya və Qazaxıstandan şübhə doğuran axınlar da var.

Trump iddia edir ki, Rusiyaya heç bir investisiya yatırmayıb.

Julia İoffe “Foreign Policy” məcmuəsində yazır ki, bir çox xarici şirkətlər Rusiyada yaxşı biznes qursalar da, Trump bu məsələdə uğur qazana bilməyib.

Jurnalist yazır ki, Ritz Carlton, Kempinsky, Radisson və Hilton kimi şirkətlərin Rusiyada biznes açdıqları halda bunu Trump-ın bacarmaması, onun Rusiyada nüfuzlu adamlarla kifayət qədər əlaqələrinin olmadığını göstərir.

Daşınmaz mülkiyyət şirkətlərinin Rusiyada əhəmiyyətli biznes qurması nadir hadisə deyil, lakin Trump-ın siyasi baxışlarına görə ona qonorar verildiyini göstərən əlamətlər yoxdur.

Britaniya mətbuatı yazır:

____________________________________________________________________

Image caption Litvada çəkilmiş divar şəkillərindən biri Putin və Trump arasındakı dostluğa həsr olunub

5. "Möhkəm kişi dostluğu"

Putin Trump-ı “çox parlaq” və “istedadlı” adam adlandırıb.

Öz növbəsində Trump Putinin siyasi gücü haqqında heyranlıqla danışıb.

"Biz Vladimir Putin və Donald Trump arasında güclü və qarşılıqlı rəğbətin olduğunu görürük” - Hillary Clinton-un müşavirlərindən John Podesta Demokratik Partiyanın serverlərinıə hücum məsələsini şərh edərkən deyib. Bununla belə onun fikrincə Trump Rusiya prezidenti ilə heç bir şəkildə bağlı deyildir.

Prezident Obama NBC telekanalına müsahibəsində haker hücumunda Rusiya izinin olub-olmamasına dair məlumata malik olmadığını söyləyib.

"Amma mən bilirəm ki, Trump bir neçə dəfə Putinə olan heyranlığını bildirib. Mən düşünürəm ki, Rusiyada onu sevirlər”.

Julia İoffenin fikrincə Kremldə Hillary Clinton-u xoşlamırlar, Trump-ın prezident olmasını siyasi baxımdan daha sərfəli sayırlar.

Amma bu o demək deyildir ki, Trump və Putin arasında hər hansı sövdələşmə var. Prezidentliyə namizədlərdən birinə rəğbətli olmaqda və ya onun müəyyən siyasi baxışlarını bölüşməkdə heç bir qanunsuz əməl yoxdur.

Həm də, son ictimai rəy sorğuları göstərir ki, ABŞ seçicisi üçün bu, heç bir narahatlıq yaratmır.

Oxuyun - Trump: "Putinin barəmdə xoş sözləri ona kömək etməyəcək"