Goranboyda sel: “Uşağımı suyun içindən zülümlə çıxarmışam”

İzolda Ağayeva

BBC Azərbaycanca

Aşağı Ağcakənd, Goranboy sakinlər, sel,

Şəklin mənbəyi, Sosial media

Ötən gün Goranboyun Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrinə gələn sel sakinlərin bəzisini evsiz-eşiksiz qoyub, bəzisini mal-qarasız.

Sosial mediada yayılan video görüntülərdə selin avtomobilləri belə yerindən tərpədib apardığı görünür.

Yerli rəsmilər BBC News Azərbaycancaya selin qəsəbəyə vurduğu fəsadların aradan qaldırılmasına çalışdıqlarını deyiblər.

Aşağı Ağcakənd sakini Yasin Hüseynov BBC-yə bildirib ki, sel qəfil gəlib: “Yağış kəsəndən sonra birdən evi su basdı. İndi evin içi lil-palçığın içindədir".

Şəklin mənbəyi, Yasin Hüseynov

"Paltaryuyan, soyuducu, şkaflar, döşəmə, hər şey məhv olub. 2 otaq, zal, mətbəx, hamısı eyni vəziyyətdədir. Dünən Fövqəladə Hallar Nazirliyi ilə icra hakimiyyətinin komissiyası evimizin arxa tərəfində idi. Amma konkret evimizə gəlib,  qeydiyyat aparan olmayıb. Biz ailədə 4 nəfərik. İnanın ki, uşağımı suyun içindən zülümlə çıxarmışam”, o bizə telefonda danışıb.

Şəklin alt yazısı,

Aşağı Ağcakənd sakini Yasin Hüseynov:  " Heç olmasa, bizə müvəqqəti yaşamaq üçün çadır lazımdır" 

Yasin Hüseynov ailəsilə gecəni başqa evdə qalıb və bu gün də evlərinə dönə bilməyəcəklər: “Evdə gecələmək mümkün deyil. Gəlib suyu çəkən də yoxdur. Heç olmasa, bizə müvəqqəti yaşamaq üçün çadır lazımdır. Hələ ki, komissiya kəndin ərazisində evlərə baxır”.

O, komissiyanın hələ ki, onun əmlakına dəyən zərəri hesablamadığını deyir.

Şəklin alt yazısı,

Aşağı Ağcakənd sakini Haldun Mustafayev: “sel qaz borularını, sayğacını sıradan çıxıb. Evdə qaz yoxdur”

“Çaykənarı restoran-kafeləri yuyub aparıb”

Sel suları qəsəbədə bir çox sakinin evinə və həyətyanı sahələrinə  ciddi ziyan vurub.

“Sel 3-4 adamın maşınını aparıb, qapı-bacalara ziyan vurub, çaykənarı restoran- kafelər var idi, onları yuyub aparıb. Şəxsən mənim bostanım vardı, ağaclar əkmişdim, hamısını dağıdıb. Hazırda FHN evlərə dəymiş ziyanı araşdırır. Evsiz qalan vətəndaşları xəstəxanaya yerləşdirmək istəyirlər. Bəziləri getməyə razıdır, bəziləri narazı” - qəsəbə sakini Yaşar Əliməmmədov BBC News  Azərbaycanca ilə telefon söhbətində deyib.  

O, şəxsi həyətinə dəymiş ziyana görə heç bir kompensasiya istəmir, hesab edir ki, digər kənd sakinlərinə dəyən zərərin yanında onunku yüngüldür: “Birinin evinə ziyan dəyib, birinin kafesini, maşınını sel aparıb. Mən də gedib deyim ki, bostanımda pomidorumu sel aparıb?”

Qəsəbənin digər sakini Haldun Mustafayev deyir, sel qaz borularını, sayğacını sıradan çıxıb. Evdə qaz yoxdur. Tualet də bərbad vəziyyətdədir, daha doğrusu, sel aparıb, evdən həyətə çıxmaq mümkün deyil”.

Şəklin alt yazısı,

Aşağı Ağcakənd sakini Yasin Hüseynov:  "Paltaryuyan, soyuducu, şkaflar, döşəmə, hər şey məhv olub"

O deyir ki, qəsəbəyə hər il sel gəlir, hər il belə ziyan vurur, hakimiyyət zərəri qeydə alır, amma nəticəsi olmur.  

Hazırda sel sularının yaratdığı fəsadların aradan qaldırılması üçün müvafiq dövlət qurumları tərəfindən komissiya yaradılıb və araşdırma aparılır. Bu barədə BBC News  Azərbaycancaya Goranboy rayon icra başçısının birinci müavini Seymur Nazarov deyib:

“Dünən gecə  saat 12-dən bu saata qədər FHN və icra hakimiyyətinin yaratdığı birgə komissiya istər sahibkarlıq, istər fərdi yaşayış, istərsə də dövlət obyektlərinə dəymiş ziyanın miqdarını hesablayır. Yekun hesabat açıqlanacaq. 5 nəfərin avtomabilinə ziyan dəyib”.

Şəklin alt yazısı,

Ağcakənd sakini Haldun Mustafayev: həyət-bacamız lil-palçıq içindədi

Seymur Nazarov bildirib ki, su basan 3 evdə hazırda təmizləmə işləri aparılır: “Bir-iki yaşlı ailə var, onların da köçürülməsi ilə bağlı tapşırıq verilib, əgər ev şəraitləri gün ərzində düzəlməsə, onlara da ərazidəki boş evlərdən birində müvəqqəti sığınacaq yeri veriləcək”.

Amma dəymiş ziyana görə sakinlərə kompensasiya verilməsi və ya sadəcə bərpa işlərinin aparılması ilə bağlı hələlik yekun qərar yoxdur, Seymur Nazarov deyib. Onun sözlərinə görə, bu qərarı müvafiq dövlət qurumları verəcək.