Mətbuat icmalı: ABŞ mediası AXCP-yə qarşı yeni repressiyanın səbəblərindən yazıb

azeri newspapers

Şəklin mənbəyi, STRINGER

"Azadlıq": Vaşinqton müxalifət nümayəndələrinin "Gülənçi" damğası ilə həbsinə etiraz edib

ABŞ Azərbaycanda son siyasi həbsləri pisləyir və rəsmi Bakıdan repressiyaların dayandırmasını istəyir.

Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib ki, Birləşmiş Ştatlar REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin və başqa fəalların həbsindən narahatdır.

Bəyanatda AXCP fəallarının Gülənçi damğası ilə həbsinə etiraz bildirilir: "Bu fəallar demokratik dünyəvi müxalifət üzvləridir, lakin hökumət bu həbslərdən bəzilərinə bəraət qazandırmaq üçün onların müsəlman din xadimi Fətullah Gülənlə əlaqəsi olduğunu iddia edir".

Bəyanatda son həbslərin bu yaxınlarda keçiriləcək referendumdan öncəyə təsadüf etdiyi də vurğulanır. ABŞ həmçinin rəsmi Bakını referenduma çıxarılan dəyişiklikləri beynəlxalq qiymətləndirməyə təqdim etməyə çağırır.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Bəyanatda AXCP fəallarının Gülənçi damğası ilə həbsinə etiraz bildirilir.

"Birləşmiş Ştatlar Azərbaycan hökumətini konstitusiyaya dəyişiklikləri Venesiya Kommissiyası və ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna təqdim etməyə çağırır", bəyanatda deyilir.

"Azadlıq": ABŞ mediası AXCP-yə qarşı yeni repressiyanın səbəblərindən yazıb

Qəzet "Azad Avropa" radiosunda yayımlanmış təhlilçi Liz Fullerin hazırladığı "Azərbaycanın müxalifət partiyasına qarşı repressiyaların yeni dalğası" başlıqlı məqaləni oxuculara təqdim edir.

Məqalədə deyilir ki, AXCP Gənclər Komitəsinin Xətai rayon şöbəsinin sədri Fuad Əhmədli Azərbaycan hökumətini tənqid etdiyinə görə qisas məqsədilə 2015-ci ilin may və dekabr aylarında həbs olunub. Avqustun 18-də onun evində axtarış aparan polis evdən qadağan olunmuş dini ədəbiyyat və CD-lər, Gülənə aid vərəqələr, "Hizmet" hərəkatı ilə bağlı sənədlər müsadirə etdiyini bildirib. "Əhmədlinin atası bunu inkar edir, o deyir ki, polis evdən ancaq ədəbi əsərlər və 80-ci illərin axırında baş tutan xalq hərəkatına aid bukletlər götürülüb. Polislərdən bunların müsadirə olunmasının səbəbi soruşulanda isə cavab verilib ki, "nə isə götürməliyik axı…"" yazıda deyilir.

Məqalədə həmçinin qeyd olunur ki, 26 sentyabrda planlaşdırılan referendumla bağlı neqativ mövqe sərgilədiyinə görə hədəfə alınan yeganə siyasi qüvvə AXCP deyil. "REAL hərəkatının 3 üzvü - Elşən Qasımov, Toğrul İsmayıl və REAL-ın icra katibi Natiq Cəfərli də eyni şəkildə həbs edilib. Elşən Qasımov və Toğrul İsmayıl polisə müqavimət ittihamı ilə saxlanılıb. Cəfərli barəsində isə qrant vəsaitlərinin qeyri-qanuni yollarla əldə olunması ittihamı ilə ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib," deyə məqalədə göstərilir.

"Azərbaycan": Naxçıvan MR ərazisində saxlanmış Ermənistan vətəndaşı qarşı tərəfə qaytarılıb

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, 2016-cı il avqustun 7-də Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində saxlanmış Ermənistan Respublikasının vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayrebekoviç avqustun 23-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb.

"Xalq qəzeti": Prezident Ukrayna Prezidenti Petro Poroşenkoya təbrik məktubu göndərib

Prezident İlham Əliyev Ukraynanın Müstəqillik günü münasibətilə Ukrayna prezidenti Petro Poroşenkoya təbrik məktubu göndərib.

Məktubda deyilir: "Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm."

Prezident məktubda Azərbaycan-Ukrayna münasibətlərinin xoş ənənələrə malik olduğunu, ölkələrimiz və xalqlarımız arasındakı ənənəvi dostluq əlaqələrinin və ikitərəfli əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.

"Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və tərəqqi arzulayıram," deyə prezident məktubunu yekunlaşdırıb.

"Yeni Müsavat": Referendumu izləmək üçün AŞPA-ya müraciət edilib. Nazirlər Kabineti isə ləğv oluna bilər

AŞ PA-nın APA-ya verdiyi məlumatda bildirilir ki, Azərbaycan sentyabrın 26-da keçiriləcək referendumu müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasına (AŞPA) dəvət göndərib. AŞ PA bürosu sentyabrın 5-də keçiriləcək növbəti iclasında bu dəvəti nəzərdən keçirəcək.

"Referendumla bağlı yaradılan təşəbbüs qruplarına təşviqat qrupu kimi qeydə alınmaq üçün 41 min imzanı və lazımi sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmələrinə qoyulan müddət isə dünən başa çatıb. Bəlli olub ki, ümumilikdə prosesə beş təşəbbüs qrupu qatılıb MSK-dan imza vərəqələri götürsə də REAL Vətəndaş Hərəkatı imza kampaniyasını yarımçıq dayandırıb. REAL təmsilçisi bunu qurumun rəhbərliyinə qarşı son vaxtlar həyata keçirilən həbslərlə və maneələrlə əlaqələndirib," yazıda deyilir.

Referendumla bağlı təbliğat-təşviqat kampaniyasının 3 -25 sentyabr tarixləri arasında davam edəcəyi bildirilir.

"Referendum öncəsi mitinq keçirilib-keçirilməyəcəyi hələ dəqiq bəlli olmasa da YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Azərbaycanda mövcud şərait insanları qane edir. Ona görə kütləvi etiraz aksiyalarının keçirilməsinə ehtiyac yoxdur. "Report"a açıqlamasında Siyavuş Novruzov deyib ki, referendumdan sonra etiraz aksiyalarının olacağını iddia edənlər proqnozlarında yanılırlar," yazıda qeyd edilir.

Avqustun 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli APA-ya verdiyi açıqlamalarda bildirib ki, Azərbaycanda son dövrlər həyata keçirilən islahatların sürəti ilə Nazirlər Kabinetinin idarəetmə sistemi arasında böyük təzad var.

"Uzun müddətdir ki, cəmiyyətimiz, insanlarımız ölkə prezidentinin həyata keçirdiyi islahatlara birbaşa rəhbərlik etdiyini müşahidə edirlər. Başqa sözlə, prezidentin bu islahatları daha çox birbaşa administrasiyası vasitəsilə həyata keçirdiyi də görünür. Baxmayaraq ki, Nazirlər Kabineti mövcuddur, qərarlar qəbul edilir və o qərarlar müəyyən bir müddət çərçivəsində qəbul edilir. Amma ölkə prezidenti tərəfindən qəbul edilən qərarların sürətli icrasını müşahidə edirik. Bu, daha çox yeni institusional islahatları tələb edir. Bu baxımdan, prezident tərəfindən təyin ediləcək vitse-prezidentlər institutunun yaradılması bir zərurətə çevrilir. Bu, iqtisadiyyatın bütün sahələrində müşahidə etdiyimiz bir reallıqdır," Əli Hüseynli deyib.

Ekspertlərin fikrincə Əli Hüseynli bu açıqlamaları ilə siyasi hakimiyyətin Nazirlər Kabineti ilə bağlı çox ciddi qərarlar vermək ərəfəsində olduğunun anonsunu verib.