Mətbuat icmalı: "Azərbaycanda hər gün 424 körpə doğulur"

azeri newspapers

Şəklin mənbəyi, Getty Images

"Azərbaycan": Girdimançayın suyunun yaşıl rəngə boyanmasının səbəbi açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti AZƏRTAC-a bildirib ki, İsmayıllı və Ağsu rayonlarının əsas su mənbəyi olan Girdimançayda suyun keyfiyyətinin pisləşməsi ilə bağlı nazirliyin mütəxəssisləri tərəfindən operativ monitorinqlər keçirilib.

Çay boyu müxtəlif mənbələrdən götürülmüş su nümunələrinin kompleks analizinin nəticələri çay suyunda baş vermiş dəyişikliyin kimyəvi və toksiki maddələrin təsirindən, yəni antropogen təsirdən olmadığını ortaya çıxarıb.

Suyun keyfiyyət göstəricilərininsə norma daxilində olduğu qeydə alınıb.

"Mütəxəssislərin rəyinə görə, hazırda hidroloji rejim baxımından çaylarda azsululuq dövrüdür.

Yağıntıların olmaması, su sərfinin azalması, temperaturun artması çay suyunda yosunların və fitoplanktonların sürətlə artmasına əlverişli şərait yaradıb.

Bu isə suyun yaşıl rəngə boyanması və xoşagəlməz iyin yaranması ilə nəticələnib.

Yay fəslinin sonunda demək olar ki, əksər çaylarda baş verən bu müvəqqəti problem temperaturun enməsi və yağıntıların başlaması ilə aradan qalxacaq," xəbərdə deyilir.

"Azərbaycan": Azərbaycanda hər gün orta hesabla 424 körpə dünyaya göz açır

Dövlət Statistika Komitəsinin məlumatına görə cari ilin birinci yarısında ölkə əhalisinin sayı 49 min 900 nəfər, yaxud 0,5 faiz artıb. Beləliklə, əhalinin sayı 9 milyon 755 min 500 nəfəri ötüb.

Məlumata görə hazırda əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər təşkil edir.

"Əhalinin 53,1 faizi şəhərlərdə yaşayır, 46,9 faizi isə kənd sakinləridir. Azərbaycan əhalisinin 49,8 faizi kişilərdən, 50,2 faizi qadınlardan ibarətdir," məlumatda deyilir.

Qeyd edilir ki, bu ilin yanvar-iyun ayları ərzində hər gün Azərbaycanda orta hesabla 424 uşaq doğulub.

Hazırda doğumun əmsalı hər 1000 nəfərə 16,1 faiz təşkil edir. Bu il doğulan uşaqların 53,4 faizi oğlan, 46,6 faizi qızlardır.

Yarım il ərzində 29 min 800 nikah və 6 min 300 boşanma halı qeydə alınıb.

Qeyd edilir ki, ölkədə miqrasiya saldosu müsbət olaraq qalır. Belə ki, Azərbaycana daimi yaşamaq üçün 1875 nəfərin gəldiyi və 818 nəfərin ölkədən getdiyi qeydə alınıb.

"Yeni Müsavat": Müğənni Cəfər Behbudov: " Bakı məni çağırsa, gələrəm"

Şəklin mənbəyi, YouTube

Şəklin alt yazısı,

Cəfər Behbudov ötən əsrin 80-ci illərində çox məşhur olub

Qəzet ötən əsrin 80-ci illərində çox məşhur olmuş, hazırda Ukraynada yaşayan istedadlı azərbaycanlı müğənni Cəfər Behbudovun APA-ya verdiyi müsahibəni dərc edib.

Bu gün Azərbaycanda gənclərin əksəriyyəti Cəfər Behbudovu tanımır.

"Müğənni Azərbaycandan birdəfəlik küsüb getməsinin səbəbini belə izah edib: "Mən Bakıda yaşayanda Azərbaycan Televiziyasının solisti idim.

Bir dəfə işə gələndə adımı ixtisara düşənlərin siyahısında gördüm. Getdim kadrlar idarəsinə, dedilər, təzə sədr gəlib, onunla danış.

Təzə sədri də tanımırdım, gedib nə danışacaqdım? Adımı da işdən çıxarılanların siyahısına salmışdılar, sağ olsunlar, çox sağ olsunlar, vəssalam.

Polad Bülbüloğlu o vaxt mədəniyyət naziri idi, getdim onun yanına. Dedim, Polad, vəziyyətim belədir, işsiz qalmışam. Dedi, bir az gözlə. Bir il gözlədim.

Həmin ərəfələrdə tez-tez Ukraynaya gəlirdim, yaxşı dostlarım var idi. Gözlədim, gözlədim, gördüm, heç nə çıxmır.

Ondan qabaq da dayım Rəşid Behbudovun Mahnı Teatrında oxuyurdum. Birdən-birə hər şey dağıldı.

Konsert olmalı idi, dayım oxuyacaqdı. Rəhmətə gedəndən sonra dedilər, onun yerinə oxuya bilərsən? Dedim, əlbəttə, oxuyaram. Açılış oldu, oxudum.

Sonra başa düşdüm ki, heç kimə lazım deyiləm, çıxıb getdim."

"Mən kiməm? Ümumiyyətlə, niyə gəlim axı? Vallah, bilmirəm, nə deyim. Heç bilmirəm, məni orda necə qarşılayarlar," müsahibədə deyilir.

Cəfər Behbudov uşaqlıqda Ruhəngiz Qasımovanın yazdığı uşaq mahnılarını oxuyub, onlar televiziya və radioda səslənib.

"...İnternetdə Olimpiya Stadionuna baxıram, çox gözəldir. Halal olsun. Fəxr edirəm. Bakı məni çağırsa, gələrəm," Cəfər Behbudov deyir.

"Azadlıq": Richard Kauzlarich: "Azərbaycanı ABŞ-ın strateji müttəfiqi hesab etmirəm"

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Richard Kauzlarich deyib ki, Azərbaycan hökuməti Amerika ilə oxşar dəyərlər paylaşmır və bu seçim özünü Azərbaycan hökumətinin anti-demokratik əməllərində büruzə verir.

"İlham Əliyevin Amerikaya səfərindən sonra siyasi məhbusların azad edilməsi kimi bir yeniliklə üzləşdik.

...Hökumət indi və sentyabrın 26-da referendumadək ictimaiyyət arasında kəskin suallar qaldıran səsləri susdurmağa çalışacaq.

Onun nəzərində Türkiyədə çevriliş cəhdi bütün siyasi müxalifət və müstəqil mediaya qarşı bu addımlara bəraət qazandırmış olur," keçmiş səfir deyib.

"Mən Azərbaycanı heç vaxt ABŞ-ın strateji müttəfiqi kimi görməmişəm. Hətta mən səfir olanda da bizim ortaq maraqlarımız var idi.

Biz münasibətlərimizi enerji baxımdan, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımdan inkişaf etdirmək istəyirdik.

Çalışırdıq ki, Azərbaycanın suverenliyi və müstəqilliyinə təminat verək - hansı ki, erkən çağlarda bu məsələlər kövrək idi.

Strateji tərəfdaşlıq paylaşılan dəyərlər deməkdir. Bizim demorkatiya, insan haqları və bazar iqtisadyyatı ilə bağlı dəyərlərimiz artan şəkildə Azərbaycan hökumətinin dəyərlərindən fərqlənir.

Azərbaycan hökuməti belə görünür ki, idarəçiliyin Vladimir Putin modelini təqib edir - ABŞ-la qarşıdurma, avtokratik idarəçilik mexanizmləri və qlobal iqtisadiyyata inteqrasiya etməmək.

Ümumi dəyərlər olmadan strateji tərəfdaşlıq qurmaq çətindir. Sualınıza qısa cavab budur ki, mən strateji müttəfiqlik görmürəm. Belə ola bilərmi? Bu, vaxt və seçim məsələsidir. Seçim Bakınındır, Vaşinqtonun yox," diplomat qeyd edib.