Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Bakıdadır

Şəklin mənbəyi, Azertag.az
Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bu gündən Azərbaycanda rəsmi səfərdədir, APA xəbər agentliyi yazır.
Baş nazirin müavini, energetika naziri Kaxa Kaladze və xarici işlər nazirinin müavini Gigi Gigiladzenin müşayiəti ilə Azərbaycana səfər edən baş naziri hava limanında azərbaycanl həmkarının müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıb.
Giorgi Kvirikaşvili Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edərək, önünə əklil qoyub. Bununla yanaşı akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə gül dəstələri düzülüb.
Gürcüstan baş naziri daha sonra Şəhidlər xiyabanını da ziyarət edib.
Gürcüstan hökumətinin məlumatına görə, səfər çərçivəsində baş nazir Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Görüş başa çatdıqdan sonra prezident Gürcüstan nümayəndə heyəti ilə birlikdə rəsmi nahara qatılacaq.
Gürcüstanlı baş nazirin azərbaycanlı həmkarı Artur Rasizadə ilə təkbətək və geniş tərkibdə danışıqlar aparması da gözlənilir.