Mətbuat icmalı: "Korrupsiya faktları niyə araşdırılmır?"

Azərbaycan qəzetləri

Şəklin mənbəyi, Getty Images

"Azadlıq": Hüquq mühafizə orqanları korrupsiya faktlarıyla bağlı niyə araşdırma aparmır?

Qəzet yazır ki, Azərbaycan hakimiyyəti hər dəfə beynəlxalq təşkilatların Azərbaycandakı korrupsiyanı, "qara kassa"nın mövcudluğunu, gömrükdəki maxinasiyaları əks etdirən hesabatlarının qərəzli olduğunu, erməni lobbisinin təsiri altında hazırlandığını bildirib.

"Bugünlərdə isə rəsmi açıqlama verildi ki, ticarət dövriyyəsi 30 faiz azalıb, eyni zamanda rəsmi məlumat yayıldı ki, gömrükdən büdcəyə daxilolmalar 30 faiz artıb.

Əslində, bu rəqəmlər ziddiyyət təşkil edir. Ticarət dövriyəsi 30 faiz azalıbsa, gömrükdən büdcəyə daxilolmalar da 30 faiz azalmalıydı.

Bir neçə gün öncə "The Financial Times"a müsahibə verən Natiq Əmirov da bu barədə həvəslə danışıb, gömrükdəki islahatlardan söhbət açıb.

Etiraf edilir ki, uzun illər ərzində ölkəyə gətirilən 10 məhsuldan yalnız 3-ü qeydiyyata düşürmüş. Bu isə o deməkdir ki, ölkəyə idxal olunan məhsulların 70 faizinin rüsumu büdcəyə yox, "qara kassa"ya gedirmiş.

Deməli, beynəlxalq təşkilatların hesabatları, ekspertlərin fikirləri həqiqətdir," yazıda deyilir.

Müəllif yazır ki, büdcəyə axmalı olan pulların istiqaməti dəyişdirilib və nəticədə xaricdən borc almağa məcbur olunub.

"Azadlıq": "Azərsun holdinq" də qiymətləri qaldırıb

Qəzet yazır ki, şəkər tozu, qənd və çayın qiymətində azı 20 qəpik bahalaşma qeydə alınıb.

"Mağazaların rəhbərlikləri bunu "Azərsun"un qərarı ilə izah edir.

...Bundan sonra digər ərzaq məhsullarının da qiymətində artım olacağı gözlənilir. Yaxın günlərdə yağ, düyü, ağartı məhsulları və digər ərzaqların bahalaşacağı deyilir," məlumatda deyilir.

"Xalq qəzeti": Prezidentin Cənubi Qafqazda alman məskənlərinin 200 illiyi haqda Sərəncamı

Avqustun 30-da prezident İlham Əliyev "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" Sərəncam imzalayıb.

Sənəddə deyilir: "2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi tamam olur.

Azərbaycan xalqının tarixi və mədəniyyətində dərin iz qoymuş bu hadisənin UNESCO-nun "2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"na daxil edilməsi təqdirə layiqdir."

Prezident sərəncamda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbirlərə dair xüsusi proqram hazırlayıb həyata keçirməsi barədə tapşırıq verir.

"Yeni Müsavat": Müdafiə Nazirliyində kollegiya iclası keçirilib

Müdafiə nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə avqustun 30-da Müdafiə Nazirliyində Silahlı Qüvvələrdə döyüş hazırlığının nəticələrinə həsr olunmuş kollegiya iclası keçirilib.

"Müdafiə naziri cari ilin aprel döyüşlərindən sonra işğaldan azad olunmuş ərazilərdə müdafiənin ön xəttinin möhkəmləndirilməsi, hərbi hissələrin müasir silah-sursat və zirehli texnikalarla təchiz edilməsi, şəxsi heyətin döyüşə hazırlığının səviyyəsi, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti və nizam-intizamın gücləndirilməsi, eləcə də onların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində vəzifəli şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub," məlumatda deyilir.