İlham Əliyev icra başçılarına: "Xaricə getmək, orada investorları inandırmaq lazımdır ki, sərmayə qoysunlar"

İlham Əliyev Fotonun müəllifi president.az

Azərbaycan prezidenti İlham Əliyev rayon rəhbərliklərinə "rayonlarında işlərin daha sürətlə" getməsinə görə qiymət veriləcəyini bildirib

Şənbə günü Şirvan-Muğan magistral su kəmərindən Salyan şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı zamanı çıxış edən cənab Əliyev qeyd edib ki, "hər bir rayon və rayon rəhbərliyi çalışmalıdır ki, öz rayonuna investisiyalar cəlb etsin".

Onun sözlərinə görə, infrastruktur və sosial infrastruktur layihələrinə dövlət xətti ilə investisiyaların qoyulması davam etdiriləcək.

Həmçinin cənab Əliyev qeyd edib ki, dövlət gübrəyə, yanacağa subsidiyalar ayırır, torpaq vergisi istisna olmaqla kəndlilər bütün vergilərdən azaddır və onlara aqrolizinq yolu ilə texnika verilir.

"Xaricə getmək, orada investorları inandırmaq lazımdır ki, sərmayə qoysunlar. Azərbaycanda kifayət qədər böyük firmalar, şirkətlər var. Onları maraqlandırmaq lazımdır. İndi yerli icra orqanlarının işi bundan ibarətdir", cənab Əliyev yerli icra orqanlarına xitabən qeyd edib.

O bildirib ki, dövlətin infrastruktur, o cümlədən su layihələrinə ayırdığı milyardlarla vəsait "gəlir gətirmir, sırf sosial məna daşıyır."

"Bir çox ölkələr var ki, pul xərcləməmək üçün bu layihələri icra etmirlər. Buna vəsait xərcləmək istəmirlər, qənaət edirlər. Biz isə sosial layihələri icra edirik. Çünki bu, insanlara lazımdır. Biz bu işləri insanlar üçün yaradırıq, qururuq, ölkəmizi inkişaf etdiririk."

Cənab Əliyev qeyd edib ki, əhalinin çoxalması ilə əlaqədar tələbat və istehlakın da artmasına görə yeni fabriklər, zavodlar, emal müəssisələri yaradılmalıdır.

"Biz son 13 il ərzində 1 milyon 300 min yeni iş yeri yaratmışıq. Ancaq bu, daimi proses olmalıdır."

"Valyuta gətirən ixrac məhsulları lazımdır"

Fotonun müəllifi president.az

Prezident Əliyev əlavə edib ki, 1970-ci illərdə pambıqçılıqda işləyən insanlar "yaxşı dolanıblar, yaxşı pul qazanıblar, evlər tikiblər". Pambıqçılıq indiki mərhələdə də insanlar üçün yeni imkanlar yaradacaq.

O pambıqçılığı kənd təsərrüfatının "valyuta gətirən ixrac məhsulları" arasında ən məqbul sahələrdən biri adlandırıb.

"İndi bizim neft gəlirlərimiz azalıb. Bu, reallıqdır. Neftin qiyməti 3-4 dəfə aşağı düşəndə, bizim valyuta gəlirlərimiz də 3-4 dəfə aşağı düşür."

Cənab Əliyevin sözlərinə görə, Azərbaycan bu böhrana davam gətirə bilir və neft hasil edən ölkələrin vəziyyətinə baxılarsa, Azərbaycan "ən yaxşı vəziyyətdədir".

"Ancaq bununla bərabər, bizə valyuta gətirən ixrac məhsulları lazımdır. Kənd təsərrüfatı məhsulları arasında bu bölgə üçün ən məqbul sahələrdən biri də pambıqçılıqdır."

Yeni su xətti 35 mindən artıq əhalisi olan Salyan şəhərinin 12 min 500 sakinini mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edəcək, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirib.