N!DA-çı Bayram Məmmədovun həbs müddəti 2 ay artırılıb

Bayram Məmmədov və Qiyas İbrahimov

Şəklin mənbəyi, Ramin Deko

Şəklin alt yazısı,

Bayram Məmmədov digər fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb.

N!DA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun həbs müddəti 2 ay artırılıb.

Onun vəkili Elçin Sadıqov BBC Azərbaycancaya bildirib ki, qərar çərşənbə axşamı günü Xətai Rayon Məhkəməsində verilib.

Qərarı "qanunsuz və əsassız" adlandıran cənab Sadıqov əlavə edib ki, "Bayram Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri dövründə istintaq aparılmayıb".

"Qərardan narazıyıq və sabah onun barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı apellyasiya şikayəti verəcəyik."

Bayram Məmmədov digər fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb. Onlara qarşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma maddəsilə cinayət işi başlayıb. Mayın 12-də onlar barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

N!DA Vətəndaş Hərəkatı bildirib ki, mərhum prezident Heydər Əliyevin heykəli üzərinə cızılmış qraffiti ilə əlaqədar saxlanılıb. Daxili İşlər Nazirliyi bu barədə "məlumatlı olmadığını" bildirib.