Mətbuat icmalı: "Pulsuz internet üçün yeni layihə"

Şəklin mənbəyi, Getty Images
"Azadlıq": "Azadlıq"ın çapı dayandırıldı
""Azərbaycan" Nəşriyyatı "Azadlıq" qəzetinin çapından qeyri-müəyyən vaxta qədər imtina edib. Səbəb qəzetin nəşriyyata olan borclarıdır.
"Azərbaycan" Nəşriyyatı sentyabrın 5-nə qədər borcun əhəmiyyətli hissəsinin ödənilməsi üçün "Azadlıq"a vaxt vermişdi. Amma deyilən müddətdə vəsait ödənilmədiyindən qəzetin çapı dayandırılıb," qəzetin İnternet səhifəsində yerləşdirilmiş məlumatda deyilir.
Bildirilir ki, "Azadlıq"ın ondan istənilən vəsaiti ödəyə bilməməsinə səbəb qəzetin bank əməliyyatları apara bilməməsidir.
Belə ki, qəzetin maliyyə direktoru Faiq Əmirlinin həbsindən sonra başqa bir şəxsin bu səlahiyyəti öz üzərinə götürməsi üçün imza nümunəsi təsdiq edilməlidir.
Ancaq qəzetin bunun üçün müraciət etdiyi səlahiyyətli dövlət orqanı imza nümunəsi təsdiqindən imtina edir.
"Azadlıq": Natiq Cəfərli girov müqabilində də azadlığa buraxılmadı
Real Hərəkatının icra katibi Natiq Cəfərlinin vəkili Cavad Cavadlının Amerikanın Səsinə verdiyi məlumata görə Nəsimi rayon məhkəməsi Natiq Cəfərlinin girov müqabilində azadlığa buraxılması barədə ərizəsini təmin etməyib.
Vəkil bildirib ki, məhkəmə ərizəsində Natiq Cəfərlinin həyat yoldaşına məxsus mənzilin girov qoyulması göstərilmişdi.
Onun sözlərinə görə, məhkəmədə iştirak edən Natiq Cəfərli prosesdə məhkəməyə verilən ərizəni müdafiə edərək həbsinin absurd olduğunu bildirib.
"Biz bu qərardan apellyasiya şikayəti verəcəyik" vəkil deyib.
Vəkil heç bir istintaq hərəkətinin aparılmadığını da vurğulayıb.
Avqustun 12-də saxlanılaraq barəsində 4 ay həbs qətimkan tədbiri seçilmiş Natiq Cəfərli ona qarşı irəli sürülən ittihamları qəbul etmir.
"Azərbaycan": Türkiyə Prezidenti: Bakı-Tbilisi-Qars xətti Çin dəmir yoluna birləşdiriləcək
Çinin Hançjou şəhərində keçirilən "Böyük İyirmilik" (G20) Sammiti çərçivəsində təşkil olunan mətbuat konfransında Türkiyənin iştirakı ilə həyata keçirilən iqtisadi layihələrdən danışan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, tikilməkdə olan Bakı-Tbilisi-Qars xətti Çin dəmir yoluna birləşdiriləcək.
Xəbərdə həmçinin deyilir: "İstanbul boğazının altından inşa olunan "Marmaray" və boğazın üstündə yeni istifadəyə verilən Yavuz Sultan Səlim körpüsündə salınmış dəmir yolu xətlərinin əhəmiyyətindən danışan Türkiyə Prezidenti diqqətə çatdırıb ki, London-Pekin dəmir yolu xətti layihəsi tarixi İpək Yolu üzərində çox mühüm rola malik layihədir.
"Dövlət başçısı bildirib ki, hazırda Türkiyə və Çin birlikdə Qars-Edirnə dəmir yolu layihəsi üzərində çalışırlar".
"Azərbaycan": Azərbaycan idmançıları ikinci Dünya Köçəri Oyunlarında doqquz medal qazanıblar
Qırğızıstanın İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində keçirilən ikinci Dünya Köçəri Oyunlarında Azərbaycan idmanın müxtəlif növləri üzrə dörd qızıl, üç gümüş, iki bürünc medal qazanıb.
Dünyanın 62 ölkəsinin təmsil olunduğu bu mötəbər yarışda Azərbaycanı idmanın doqquz növü üzrə 38 idmançı, 6 hakim, 5 məşqçi təmsil edir.
Oyunların proqramına 20-dən çox, o cümlədən güləş, at çapma, oxatma, ənənəvi intellektual oyunlar, milli ov növləri üzrə yarış daxil edilib.
"Xalq qəzeti": Əhalini pulsuz internetlə təmin etmək üçün yeni layihə
Əhalini pulsuz internetlə təmin etmək məqsədi daşıyan yeni layihəyə əsasən, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Dövlət Bayraq Meydanı daxil olmaqla, bütün Dənizkənarı Milli Park və "Fəvvarələr meydanı" əraziləri ictimai "Wi-Fi" şəbəkəsi ilə təmin ediləcək.
Bildirilir ki, artıq layihələndirmə işləri başa çatıb və yaxın müddətdə layihənin icrasına başlanılacaq.
Xəbərdə həmçinin deyilir: "İctimai internet layihəsinin həyata keçirilməsində əsas məqsəd paytaxt sakinlərini və şəhərimizin qonaqlarını simsiz və yayılan texnologiya vasitəsilə pulsuz internetlə təmin etməkdir. İlkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib.
Genişzolaqlı sürətli internet təminatı Bakı sakinləri, yerli və xarici turistlər üçün qlobal şəbəkəyə pulsuz çıxış imkanı yaradacaq".
"Yeni Müsavat": Bakıda sərnişin avtobusu körpüyə çırpılıb
Bakının "Neftçilər" metrostansiyasının yaxınlığında yüksək sürətlə hərəkət edən 60 saylı sərnişin avtobusu yaxınlıqdakı körpüyə çırpılıb.
Qəza nəticəsində sürücü və 6 nəfər sərnişin yaralanıb. Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.
Musavat.com-un hadisə yerində olan əməkdaşı xəbər verib ki, qəzanın baş vermə səbəbi avtobusun əyləc sisteminin sıradan çıxmasıdır.
"Sürücü nə qədər çalışsa da, avtobusu dayandıra bilməyib və qəza qaçılmaz olub.
Təcili Tibbi Yardımdan isə bildirilib ki, yaralıların vəziyyəti ağırdır," deyə qəzet yazır.

Mətbuat icmalı: "Olimpiya kompleksləri də girov qoyulubmuş"
Azərbaycan mətbuatında bugün çap edilmiş xəbələrin xülasəsi.