Mətbuat icmalı: "Müxalifət hələ bilmir monarxiya nədir"

Şəklin mənbəyi, Getty Images
"Azadlıq": Rüfət Səfərov məhkəmə zalında həbs olunub
Sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin növbəti iclasında hökm oxunub. Məhkəmənin qərarı ilə R.Səfərova 9 il iş kəsilib. O, məhkəmə zalında həbs edilib.
"Məhkəmə Rüfət Səfərova böyük ürək genişliyi göstərib 9 il həbs cəzası verib. Prokuror ona 10 il həbs istəmişdi,"məhkəmənin qərarından sonra Rüfət Səfərovun atası Eldar Sabiroğlu deyib. O qeyd edib ki, məhkəmədə günah görmür:
"Yuxarıdan verilən tapşırıq məhkəmədən ötrü qanundur. Dözümlü olmaq lazımdır. Mən mübarizəmi davam etdirəcəyəm.
"Apelyasiya şikayəti verəcəyəm, daha sonra Ali Məhkəməyə müraciət edəcəyik. Bu qərarın qanunsuz olduğunu sübut etməkdən ötrü bütün hüquqi vasitələrdən istifadə edəcəyik".
Eldar Sabiroğlu həmçinin bildirib ki, onun oğlu prezident İlham Əliyevin göstərişi ilə ev dustaqlığına buraxılmışdı:
"Mən belə başa düşürəm ki, indi də prezident İlham Əliyevin razılığını alıb, oğluma 9 il həbs cəzası verildi. Mən inanmıram ki, prezidentin razılığı olmadan belə qərar verilsin. Sağ olsun İlham Əliyev".
"Azərbaycan": Rio Paralimpiadası - Bayram Mustafayev gümüş medal qaznıb
Şəklin mənbəyi, Gareth Copley/ Getty
Finalda özbəkistanlı rəqibinə məğlub olan Bayram Mustafayev gümüş medal qazanıb
Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında 15 atletin mübarizə apardığı təsnifat mərhələsində Azərbaycan atleti Elmir Cəbrayılov 400 metr məsafəyə qaçış yarışlarında yarımfinala yüksəlib.
Azərbaycan cüdoçusu Bayram Mustafayev isə yaponiyalı rəqibi Satoşi Fujimotoya qalib gələrək finala yüksəlib.
Qızıl medal uğrunda görüşdə onun rəqibi Özbəkistan idmançısı Utkirjon Nigmatov olub.
Rəqibinə məğlub olan Mustafayev gümüş medal qazanıb.
Sentyabrın 8-də Azərbaycan atleti Yelena Çebanu 100 metr məsafəyə qaçış yarışlarında məsafəni 12.24 saniyəyə qət edərək qrupda birinci, ümumi sıralamada isə ikinci olub. Bu nəticə ilə Çebanu yarımfinal mərhələsinə yüksəlib.
"Yeni Müsavat": Əkrəm Əylisli: "Mənim xasiyyətnaməmi Heydər Əliyev özü verib"
Sentyabrın 6-da Yazıçı Əkrəm Əylisli və vəkili Elçin Sadıqov Bakı Şəhər Prokurorluğunda olublar.
"Prokurorluqda onlara istintaqın tərkibi elan edilib, bu barədə protokol tərtib edilib və növbəti həftədən istintaq hərəkətləri aparılması üçün onların prokurorluğa dəvət ediləcəyi bildirilib," yazıda deyilir.
Bu il martın 30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılaraq sonra sərbəst buraxılan Əkrəm Əylisli barəsində başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib.
"Yazıçıya qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə qaldırılmış cinayət işi sonradan Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib.
Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur," qəzet xatırladır.
"...Prokurorluqda mənə dedilər ki, JEK-dən xasiyyətnamə olsa yaxşıdır. Mən də zarafatla dedim ki, gedin mənim haqqımda yazılanları diqqətlə oxuyun...
"Mənim xasiyyətnaməmi Heydər Əliyev özü verib. Kim olduğumu hamıdan dəqiq göstərib.
"Dedim, əgər JEK-in xasiyyətnaməsi Heydər Əliyevin xasiyyətnaməsindən üstündürsə... mənim sizə deməyə sözüm yoxdur," yazıçı qəzetə müsahibəsində bildirib.
"Yeni Müsavat": Siyavuş Novruzov: "Müxalifət hələ bilmir monarxiya nədir"
"Monarxiya nədir, respublika nədir, hələ onlar özləri bunu başa düşə bilməyiblər," hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov qəzetə müsahibəsində deyib.
Partiya rəsmisi sentyabrın 26-da keçiriləcək konstitusiya dəyişikliyinə dair referendumun zəruriliyinə dair suala cavab olaraq bildirib ki, "hər bir xalqın milli dövlətçilik dəyərləri, mentaliteti ilə əlaqədar olaraq konstitusiya da o dövlətlərin idarəçilik sisteminə uyğunlaşdırılmalıdır".
Digər dövlətlərdən misal çəkən cənab Novruzov 1995-ci ildə qəbul edilmiş konstitusiyaya bundan əvvəl iki dəfə əlavə və dəyişikliklərin olduğunu xatırladıb.
Nəzərdə tutulan dəyişikliklərin hakimiyyətin ölkədə monarxiya qurmaq istəməsi ilə bağlı olduğunu bildirən müxalifətin tənqidlərinə cavabında hakim partiya təmsilçisi Azərbaycanda hakimiyyətin seçki yolu ilə formalaşdığını bildirib.
"Monarxiyanın özünün isə üç növü var: mütləq monarxiya, konstitusiyalı monarxiya və dualist monarxiya. Onlar heç bunu da bilmirlər.
"Monarxiya hakimiyyətin seçki olmadan formalaşmasıdır. Azərbaycan prezidentli respublika sistemidir," o deyib.

Mətbuat icmalı: "Olimpiya kompleksləri də girov qoyulubmuş"
Azərbaycan mətbuatında bugün çap edilmiş xəbələrin xülasəsi.