Bayılda söküntü: bu, insanların öz evindən deportasiyası idi

Yol kənarında əşyalar
Şəklin alt yazısı,

Bu, məcburi evdən çıxarılan sakinlərin mebelləridir

Məhkəmə evin sökülməsinin dayandırlması haqqında qərar çıxarmasına baxmayaraq, axşam saat 9-da gəlib qapıları sındırdılar və hamını məcburi evindən çıxardılar, Bayıl qəsəbəsində Qurban Abbasov küçəsi 27 ünvanında yaşayan sakinlər BBC Azərbaycancaya verdikləri müsahibələrində deyir.

"Mən işlərimlə bağlı çıxmışdım evimdən, geri qaydıdanda məni nəinki evimə, heç həyətə buraxmadılar. Dedim ki, mən evə getmək istəyirəm, mənə dedilər ki, sənin daha evin yoxdur və qapıda evimin sökülməsini qadağan edən məhkəmə qərarını asmağıma baxmayaraq qapını sındırdılar", adının çəkilməsini istəməyən sakin deyir.

Tikintini aparan "Fortis-Bayıl" şirkətinin nümayəndəsi isə "indi hansı zəmanədir ki, insanı məcburi evindən çıxarasan" deyərək iddia edir ki, sakinlər könüllülük prinsipi əsasında çıxarılıb.

Nazirlər Kabinetinin bu ilin fevral ayında verdiyi, 9 rayonun sosial iqtisadi inkişafının sürətləndirilməsi barədə qərarından sonra Qurban Abbasov küçəsi 27 ünvanında yerləşən bina qəzalı vəziyyətdə olması haqda rəy verilib və binanın sökülərək yerində hündürmərtəbəli bina inşa olunmasına başlanılıb.

Binada yaşayan 42 ailənin bir hissəsi təkliflə razılaşsa da, bir neçəsi tikintinin deyilən müddətdə tam başa çatması haqda onlara sığortanın verilmədiyini əsas gətirərək, mənzillərini tərk etməkdən imtina etmişdi.

"Vağzalda gecələdim"

Sakinlərdən birinin dediyinə görə, axşam saat 21:00-da bir qrup mülki və "dəniz polisi" geyimində olan insanlar həyətə daxil olaraq sakinləri "bir-bir mənzillərindən məcburi" çıxarmağa başlayıb.

Qadın sakinin sözlərinə görə, mənzilinin qapısını sındıraraq içəri daxil olan adamlar onun "bütün mebellərini həyətə atıb" və ona evə daxil olmağa icazə verməyiblər.

"Mən etiraz edəndə dedilər ki, sizdə orda nə var idi ki? Hamısı köhnə şeylərdir. Sizin nə işinizə qalıb axı, o köhnədir ya təzədir? Kim onlara ixtiyar verib ki, mənim əşyalarımı küçəyə atır, onlar ən azından mənə dəyərlidir", sakin gecə saat 12-nin yarısına qədər həyətdə baş verənləri izlədiyini deyir.

Videonun alt yazısı,

Bayıl sakinləri: "Biz mənzildən çıxmayanda birinci işığımızı kəsdilər"

Sakinin sözlərinə görə, məhəlləyə gələnlərin etdiklərini görəndən və bəzi insanların "qolunu burub polis maşınına otuzdurandan" sonra yerdə qalan sakinlərin çoxu "qorxudan şirkətin təklif etdiyi müqaviləni imzalayıb".

"Elə bir hiss var idi ki, sanki onlar hansısa dinc sakini deyil, qarətçini zərərsizləşdirirlər", sakin əlavə edir.

Dediyinə görə, o, mənzili söküləndən sonra bütün gecəni "vağzalda gecələmək məcburiyyətində qalıb".

"Uşaqlardan biri rayonda idi, digəri dostunun yanında idi. Mən dəhşətli stressdə idim. Hətta indi belə tam nə baş verdiyini danışa bilmirəm", qadın keçirdiyi hissləri təsvir etməyə çalışır.

"Vəssalam, sonumdur"

Digər bir qadın sakin isə deyir ki, onun mənzilinə gələndə o evdə olub və nə baş verə biləcəyini ehtimal etdiyindən video kameranı işə salaraq qapını açıb.

"Aşağıda biri otağa soxuldu və kameramı əlimdən aldı ki, çəkilişi dayandırım. Mən onun üstünə gedəndə digər birisi mətbəximdən böyük bir bıçağı götürüb üstümə hücum çəkdi. Dedim vəssalam, mənim sonumdur. Gəldi mənim boynumdakı fotoaparatın ipini kəsdi ki, əlimdən alsın", sakin həmin şəxslərin onun laptopunu da götürdüyünü iddia edir.

Sakin deyir ki, həyətdə "mənim kameramı verin" deyə qışqırandan sonra onun kamerasını qaytarıblar, amma "video çəkilişlər pozulmuş" olub.

"Beləcə onlar mənzilləri sökməyə başladılar, camaatı da evlərindən məcburi çıxardılar. Bu insanların əməlli başlı öz evindən departasiyası idi", qadın baş verən hadisəni təsvir edir.

Hər iki sakin deyir ki, onlarda Səbail Rayon Məhkəməsinin evin söküntüsünün dayandırlması haqqında əllərində qərar olmasına heç kim əhəmiyyət verməyib.

"Biz qərarı bütün qapılardan da asmışdıq ki, gələndə görsünlər. "Fortis-Bayıl" bu qərarla bağlı dərhal apellyasiya şikayəti verib və həmin gün gəlib bizim evi dağıdıtdılar", sakin, məhkəmə işində sona qədər getməkdə israrlı olmasından danışır.

Sakinlər "özü çıxıb"

Tikintini aparan "Fortis-Bayıl" şirkəti isə deyir ki, sakinlər mənzillərdən "özü çıxıb". Qurum nümayəndəsinin sözlərinə görə, sakinlərin əşyaları çölə çıxarılıb və daşınması üçün onların hər birinə 300 manat pul ödənilib.

Sakinlərlə tikinti şirkəti arasında gedən məhkəmə çəkişməsi ilə bağlı suala şirkət əməkdaşı cavab olaraq "axırda ya onları tutub dama basacaqlar, ya da bizi" deyə qəzəblənir.

BBC Azərbaycancanın müxbirinin məhkəmədə mübahisələndirilən məsələ ilə bağlı sualına cavab olaraq şirkət rəsmisi əsəbi halda qapını açır və ondan otağı tərk etməyi tələb edir: "Çıxın, bayram günü adamın qanını qaraltmayın! Sizə nə dəxli var?!"

Binanın "18 aya tikilib təhvil verilməsi planlaşdırılır" və bu müddət ərzində sakinlərə kirayədə qalmaq üçün aylıq 300 manat ödəniş olunur. Tikintini aparan "Fortis-Bayıl" şirkəti iddia edir ki, bina hazır olanda sakinlər hazırkı mənzillərinin sahəsindən "10 faiz böyük olanı ilə təmin olunacaq".