Mətbuat icmalı: Qarabağ döyüşçüləri ANS-ə görə prezidentə müraciət ediblər

Fotonun müəllifi Getty Images

Lent.az: Təmas xəttində monitorinq keçiriləcək

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 14-də Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Piter Şvedberq və Saymon Tiller keçirəcəklər.

İşğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik və onun səhra köməkçiləri Gennadi Petriça və Xristo Xristov olacaqlar.

"Azərbaycan": Recep Tayyip Erdoğan İlham Əliyevə zəng edib

Fotonun müəllifi Anadolu Agency/ Getty
Image caption Prezidentlət bir-birini bayram münasibətilə təbrik ediblər

Prezidentin Mətbuat Xidmətinin məlumatında deyilir ki, sentyabrın 12-də Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Prezidentlət bir-birini təbrik edib, xalqlara firavanlıq, əmin-amanlıq və tərəqqi arzulayıblar.

"Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər," məlumatda deyilir.

"Yeni Müsavat": NİDA fəali - "xaricdən insanları mübarizəyə səsləməyəcəm"

Dünən NİDA Vətəndaş Hərəkatının üzvü, keçmiş siyasi məhbus Rəşadət Axundov ölkəni tərk edərək Budapeşt şəhərinə gedib.

O, musavat.com-a verdiyi müsahibəsində bildirib ki, ölkəni tərk etməsi təhsillə əlaqədardır.

"Keçmiş universitetim - Mərkəzi Avropa universiteti həm karyeramdakı 3 illik kəsintini aradan qaldırmaq, həm də bu 3 ildə olan öz sahəm üzrə yeni bilik və bacarıqları təkmilləşdirməyə kömək üçün mənə 1 illik maliyyə ixtisası üzrə magistr proqramı təklif etdi və mən də qəbul etdim.

"Hesab edirəm ki, oxumaq və öz ixtisasım üzrə təkmilləşmək hər zaman vacibdir. Ona görə bura gəlməyə qərar verdim.

"Ancaq proqramın strukturu elədir ki, bir müddət sonra işləmək şansım da ola bilər. Bu varianta da baxacam.

"Budapeşt möhtəşəm şəhərdir. Universitetin təklifini dərhal qəbul etməyimin və başqa variantlara baxmamağımın əsas səbəblərindən biri həm də bu amillə bağlıdır.

"Bu şəhərdə əvvəl də təhsil aldığım üçün mənə çox doğmadır," o deyib.

Fəal qeyd edib ki, xaricdə olduğu müddətdə heç vaxt insanları mübarizəyə, mitinqə səsləmək, Bakıdakılara necə etmək lazım olduğu haqqında yol göstərmək statusları yazmayacaq.

"Belə edənləri qınamıram. Sadəcə mən etməyəcəm. Nə vaxt gəlib aeroportdan ölkəyə girəcəm, yenidən rahat şəkildə bunları etmək olar," Rəşadət Axundov bildirib.

"Azadlıq": Azərbaycanlı mühacirlər Avropada yeni təşkilat yaradıblar

Sentyabrın 11-də Strasburqda azərbaycanlı siyasi mühacirlərin AND (Azərbaycan naminə demokratiya - Azerbaijan needs democracy) adlı yeni təşkilatının təsis iclası keçirilib.

İclasda hakimiyyətin təqiblərinə görə müxtəlif vaxtlarda Azərbaycanı tərk etmiş siyasi fəallar, jurnalistlər, keçmiş dövlət məmurları və hüquq müdafiəçiləri iştirak ediblər.

Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri professor Cəmil Həsənli də iclasda iştirak edib.

"Azərbaycan mühacirlərinin hərəkətlərinin koordinasiyası BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti kimi beynəlxalq qurumlarda Azərbaycandakı vəziyyət barədə rəyin formalaşmasına mühüm təsir göstərəcək.

"Güman etmək olar ki, mühacir təşkilatlarının sırası genişlənəcək və ABŞ-da da AND-ın bölməsi yaranacaq," məlumatda deyilir.

"Azadlıq": Qarabağ döyüşçüləri ANS-ə görə ölkə başçısına müraciət ediblər

Qarabağ Müharibəsi veteranları ölkə başçısına müraciət edərək fəaliyyəti qadağan edilən ANS telekanalının yenidən yayımının bərpasını xahiş ediblər.

Müraciətdə deyilir:

"Biz, Qarabağ müharibəsində vətənimiz uğrunda mübarizə aparmış döyüşçülər, bu gün narahatlıq hissi keçiririk. Bu narahatlıq dövlətçiliyimiz üçün keçirdiyimiz narahatlıqdır.

"Hər zaman öz vətəndaşlıq missiyası ilə Azərbaycan dövlətinin yanında olmuş, ona sədaqətlə qulluq etmiş ANS televiziyası, ANS radiosunun yoxluğu ilə barışa bilmirik..." müraciətdə deyilir.

"Biz öz ANS-imiz üçün sadəcə, darıxırıq... Biz əminik ki, Siz ANS-i tək qoymayacaqsınız. İnanırıq ki, Prezidentimizin müdrikliyi, məsələyə ədalətli münasibəti sayəsində ANS tezliklə öz fəaliyyətini bərpa edəcək".

"ANS-lə bağlı müsbət əmrinizi gözləyirik!" deyə müraciət yekunlaşır.

"Azadlıq": Asiya İnkişaf Bankı "Azərsu"ya 75 milyon dollarlıq kredit ayırıb

Asiya İnkişaf Bankı (ADB) "Azərsu" ASC-yə 75 mln. ABŞ dolları dəyərində kredit ayırıb.

ADB-dən "Report"a bildirilib ki, bu, "Azərsu"ya "Su Təchizatı və Kanalizasiyaya İnvestisiya Proqramı" çərçivəsində ayrılan vəsaitin sonuncu, 4-cü tranşıdır.

"Ümumilikdə 600 mln. dollar həcmində olan kreditin ilk 3 tranşı Göyçay, Ağdaş və Beyləqanın su şəbəkəsinin qurulması üçün ayrılıb.

Sonuncu 75 mln. dollarlıq kredit də Ağdaş və Beyləqan rayonlarında içməli su təchizatının yaxşılaşdırılması və çirkab sularının təmizlənməsi mərkəzinin inşası üçün xərclənəcək," məlumatda deyilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş