Mətbuat icmalı: "Azərbaycanda qəbul planının ləğvi nəzərdə tutulur"

Fotonun müəllifi Getty Images

"Azərbaycan": Prezident Pirallahı Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev "qeyri-neft sənaye sahələrinin davamlı inkişafı, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması, o cümlədən əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədi ilə"

Bakı şəhərinin Pirallahı rayonu ərazisində Pirallahı Sənaye Parkının yaradılması haqda sərəncam imzalayıb.

Sərəncamda Pirallahı Sənaye Parkının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye, o cümlədən əczaçılıq sənayesi üzrə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi, habelə emal müəssisələrinin yaradılması üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazi olduğu qeyd edilir.

Sənəddə daha sonra Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə müvafiq tapşırıqlar verilir.

"Xalq qəzeti": ABŞ prezidenti Barak Obamanın prezident İlham Əliyevə təbrik məktubu göndərib

Qəzet bugünkü sayında ABŞ prezidenti Barak Obamanın Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubunu dərc edib.

Məktubda deyilir: "Mişel və mən Sizi, bütün dünya müsəlmanlarını və Həcc ziyarətini uğurla başa vurmuş zəvvarları Qurban bayramı münasibətilə təbrik edirik.

...Amerika xalqı adından dünyanın hər yerindəki müsəlman icmalarını mübarək Qurban bayramı münasibətilə təbrik etmək istərdik.

Qurban bayramınız mübarək, Həcc ziyarətiniz qəbul olsun."

"Yeni Müsavat": Natiq Cəfərli: "Sonradan anladılar ki, bu həbsin ziyanı xeyrindən daha çoxdur"

Fotonun müəllifi Azadlıq Radiosu
Image caption Natiq Cəfərli barədə avqustun 13-də 4 aylıq həbs qərarı çıxarılıb.

Musavat.com sentyCənab Cəfərli avqustun 13-də Nəsimi rayon məhkəməsində axşam keçirilən iclasdan sonra qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və vergidən yayınmada ittiham olunaraq 4 ay müddətinə həbs edilib.abrın 9-u axşam saatlarında həbsdən azad edilən REAL-ın icraçı katıbı Natiq Cəfərlidən müsahibə götürüb.

Natiq Cəfərli həbsinin əsasən REAL-ın fəaliyyəti ilə bağlı olduğunu deyir: "Çünki həbs müddətində verilən sualların böyük əksəriyyəti, demək olar ki, tamamı, REAL-ın referendumla bağlı çap edəcəyi bülletenlər, eləcə də başqa məsələlərlə bağlı idi. Amma yenə də öz fikrimdə qalıram ki, həbs qərarı spontan verilmiş qərar idi. Gecənin bir aləmində, heç düşünmədən həbs qərarı verdilər. Sonradan yəqin ki, bəzi məsələlər haqda düşünməyə başladılar... Mən ən azından, il yarım-iki il içəridə qalacağıma özümü hazırladığım bir dövrdə qəflətən verilmiş bir qərarla həbsdən azad edildim."

"Bu bir ayda psixoloji olaraq mənə müsbət təsir edən olay o idi ki, bizim doğru yolda olduğumuza bir daha əmin oldum. Həm REAL Hərəkatı olaraq inandığımız dəyərlər uğrunda mübarizəmiz, doğru bildiklərimizə görə atdığımız addımlar doğrudur. Mən tam əminəm ki, Azərbaycanın bütün əhalisi - iqtidarlı, müxalifətli Azərbaycana parlaq bir gələcək arzulayır, onun daha yaxşı dövlət olmasını istəyir. Bunun yolları haqda hər kəsin düşüncəsi fərqli ola bilər. Bu yolların ən məqbulu demokratik cümhuriyyətin bərqərar olduğu, azad bazar rəqabətinin mövcud olduğu bir cəmiyyətdir. Bu cəmiyyət uğrunda apardığımız mübarizə çərçivəsində həbs olunuruqsa, deməli, yenə də doğru yoldayıq..."

Lent.az: Təhsil Naziri:"Azərbaycanda qəbul planının ləğvi nəzərdə tutulur"

Azərbaycanda yeni təhsil ilinin başlanması ilə əlaqədar təhsil naziri Mikayıl Cabbarov APA İnformasiya Agentliyinə geniş müsahibə verib.

Nazir deyib ki, məqsədlərdən biri hər istəyənə ali təhsil almaq hüququ verməkdir. "Burada önə çəkilən amil təhsilin əlçatanlığıdır. Bir çox ölkələr ali təhsilə yiyələnmək arzusu olan hər kəsə bu hüququ verir. O şərtlə ki, vətəndaş öz təhsil xərcini tam şəkildə üzərinə götürür. Ali təhsilin əlçatanlığı "bilik iqtisadiyyatı" və ya "post sənaye" dövrü üçün uğurlu bir model kimi dəyərləndirilir. Bu, ölkədə insan kapitalının keyfiyyətinə müsbət təsir edir, iş yerlərinin yaradılması və iqtisadiyyatın inkişafı ilə sıx bağlıdır.

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da qəbul planının ləğvi nəzərdə tutulur. Bu isə universitetlərdən daxili qiymətləndirməyə və yekun imtahana olan yanaşmaya yeni baxış tələb edir," deyə o bildirib.

Mikayıl Cabbarov vurğulayıb ki, bu mövzuların hər biri cəmiyyətdə müzakirə edilməlidir. O bu məsələlərin dövlətin iqtisadi siyasəti və strukturu, həmçinin ictimai siyasətlə sıx bağlı olduğunu deyib.

Nazir yeni tədris ilindən ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılacağını da xatırladıb: "Artıq bununla bağlı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda UNICEF-in maliyyə və metodiki dəstəyi ilə təlim proqramına start verilib. "Təlimçi hazırlığı" adlanan bu proqrama əsasən məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər təlimatlandırılır.

Nazir müsahibəsində daha sonra orta məktəb dərsliklərinin vəziyyəti, müəllimlərin ixtisasartırma təhsili, habelə "ASAN xidmət"lə birgə həyata keçirilən layihələr, o cümlədən "Məktəblilərin dostu" layihəsi barədə də danışıb.

Axar.az: Azərbaycanlılar Avakova qarşı aksiya keçirir

"Ukraynada yaşayan azərbaycanlılar Kiyevdə Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında etiraz aksiyası keçirirlər. Onlar son vaxtlar Ukraynada azərbaycanlılara qarşı cinayətlərin artmasına, xüsusilə adam oğurluğu hallarına DİN tərəfindən lazımi reaksiya verilməməsinə, tədbirlər görülməməsinə etiraz edirlər," məlumatda deyilir.

Mitinq iştirakçıları APA-ya aksiyaya 200-dən çox şəhərdən gəlmiş azərbaycanlıların qatıldığını bildiriblər.

Aksiya iştirakçıları daxili işlər naziri, ötən gün ölkənin Baş Prokurorluğunda barəsində araşdırmalara başlanılmış Arsen Avakovdan son 2 ildə - o, nazir təyin ediləndən bəri 20-dən çox azərbaycanlı iş adamının və iş adamlarının övladlarının oğurlanmasına, tanınmış azərbaycanlılara qarşı sui-qəsdlərin üstünün açılmamasına aydınlıq gətirməsini tələb edirlər.

"Azadlıq": 6 milyard borcu olan SOCAR daha 500 milyon avro kredit götürür

Karbamid Zavodunun direktoru Xəyal Cəfərov "Report"a bildirib ki, SOCAR Sumqayıtda Karbamid Zavodunun tikintisi layihəsinin maliyyələşdirilməsinə dövlət zəmanətli, uzunmüddətli kredit cəlb edib. Gələn həftə Seulda (Cənubi Koreya) potensial kreditorla görüş keçiriləcək.

X. Cəfərovun sözlərinə görə, kredit məsələsini Maliyyə Nazirliyi və SOCAR-ın nümayəndələri müzakirə edəcəklər.

Karbamid zavodunun direktoru bildirib ki, maliyyələşmənin 51 faizini Cənubi Koreyanın "Eximbank"ı (KEXİM) həyata keçirəcək. Maliyyələşmədə onunla yanaşı, 3 nüfuzlu Avropa bankı da iştirak edəcək. "Eximbank" qalan 49 faizdən ötrü Avropa banklarına zəmanət verməlidir. "Yaxın vaxtlarda bu bankların adları açıqlanacaq. Son 3-4 aydır ki, danışıqlar fəal şəkildə davam etdirilir. Ümid edirik ki, oktyabr-noyabr aylarında 500 milyon avro həcmində dövlət zəmanətli, uzunmüddətli kreditin cəlb edilməsi məsələsi tamamlanacaq", deyə o qeyd edib.

"Karbamid Zavodunun inşası layihəsi Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

Bu məqsədlə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin istifadəsində olan 24 hektar torpaq sahəsi ayrılıb. Zavodun təməlini 2011-ci ilin dekabrında prezident İlham Əliyev qoyub.

Zavodun ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacağı, gündə 2 min ton karbamid istehsal edəcəyi bildirilir.

Rəsmilərin bildirməsinə görə, SOCAR-ın 6 milyard dollardan çox borcu var," məlumatda deyilir.