Mətbuat icmalı: Aztəminatlı ailələrin məktəbli forması xərcləri

Fotonun müəllifi Getty Images

"Azadlıq": ABŞ Konqresində Azərbaycandakı repressiyalara dair dinləmə keçirilib

ABŞ Konqresinin Tom Lantos Komissiyasında Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmələr keçirilib.

Bakıdan Skype vasitəsilə müzakirəyə qatılan Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl Azərbaycanda siyasi məhbus probleminə diqqət çəkib:

"... Həbsxanalarda durumu yoxlayan heç bir müstəqil qurum qalmayıb. Hesab edirəm ki, BMT və başqa qurumlar müstəqil müşahidə metodları haqda düşünməlidir. Biz bir qrup keçmiş məhbusla birlikdə siyasi məhbusların siyahısını hazırlayırıq. Biz siyasi məhbusları AŞPA-nın müəyyənləşdirdiyi termin üzrə müəyyənləşdiririk".

"Hökumət radikal İslam kartından istifadə edir və elə göstərir ki, həbs olunan dindarlar radikallardır", o deyib. "Əslində belə deyil. Onlar hökuməti tənqid etdikləri üçün həbsdədirlər".

Araşdırmaçı jurnalist ABŞ-ın Azərbaycandakı səfirliyinin bu işlər üzrə keçirilən məhkəmə proseslərində "o qədər də fəal olmadığını" deyib.

"Müxtəlif səfirliklərin nümayəndələri gəlirlər. Amma ABŞ səfirinin iştirakı yetərli deyil. ...Məncə, onlar bizlə münasibətlərini açıq göstərməkdən qorxurlar. Qorxaq diplomat görmək çox depressivdir. ABŞ kimi ölkədən belə bir şeyi görmək çaşdırıcıdır.

Fransa səfirliyin əməkdaşları isə kameradan qaçırlar. Bu, depressivdir. Mən Azadlıq Radiosunda işləyirəm - ABŞ Konqresindən maliyyələşir. Mənə qarşı açılmış cinayət işi Azadlıq Radiosunun guya ki, pul yuması ilə bağlı idi. Məgər Konqresin pulu çirklidirmi? Səfirliyin bu məsələ ilə bağlı bəyanatı təxminə belə oldu ki, əgər Azadlıq Radiosu peşəkar davransa, fəaliyyətini davam etdirsin. Bunu eşitmək mənimçün həbsdən də pis xəbər oldu," deyə Xədicə İsmayıl sözünə davam edib.

Müzakirəyə qatılan AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli Azərbaycanda siyasi müxalifətə qarşı basqılardan danışıb, qarşıdan gələn referendumda təbliğat imkanlarının məhdudlaşdırılması və medianın vəziyyətinə diqqət çəkib.

O, "Azadlıq" qəzetinin bağlanmasını, onun maliyyə direktorunun həbs olunmasını, "Meydan TV" və Azadlıq Radiosunun əhəmiyyətini vurğulayıb, "Azərbaycan Saatı"nın tənqidi mövqeyinə görə, yayıldığı peyk kanalından yığışdırıldığını bildirib.

"Nümayişləri ancaq hökumətin seçdiyi yerdə keçirmək mümkündür. Amma ən müxtəlif metodlardan istifadə edərək vətəndaşların həmin aksiyalarda iştirakının qarşısı alınır. Gah ona təyin olunduğu vaxta çox az qalmış icazə verilir, gah aksiyalara İŞİD bayrağı gətirirlər ki, əhalini qorxutsunlar…" Türkel Kərimli deyib.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich özünün Bakıda işlədiyi illərdə insan haqları pozuntularına necə reaksiya göstərdiklərini misal çəkib: "Məsələn, biləndə ki, jurnalist təqib olunur, onunla gedib çay içirdik. Biz özümüzü daha çox göstərə bilərik."

Xədicə İsmayıl dinləmələrdə beynəlxalq ictimaiyyətin Azərbaycandakı duruma daha fəal müdaxilə etməli olduğunu vurğulayıb:

"Beynəlxalq ictimaiyyətin edə biləcəyi ilk iş bu olmalıdır ki, onlar məsələn, seçkini saxtakarlıqla udmuş hökuməti təbrik etməyə tələsməsinlər. Azadlıq Radiosunun işini davam etdirməyə nail olmağa çalışmaq lazımdır. Azadlıq Radiosu ABŞ-ın Azərbaycanda gördüyü ən yaxşı işdir. ABŞ təhsil proqramlarını dayandırıb. Onları da davam etdirmək lazımdır. Bu da çox vacibdir."

"Azadlıq": Məktəbli forması bazarı: inhisarçılar qiymətin ucuzlaşmasında maraqlı deyil

Fotonun müəllifi Getty Images

Təhsil Nazirliyi 2016-2017-ci tədris ilində orta məktəblərə gedəcək şagirdlərin ümumi sayının 415 242 olduğunu bildirib.

"Ölkə qanunvericiliyinə görə, şagirdlərin hər biri məktəbli forması ilə təmin edilməlidir", yazıda qeyd olunur.

"Bu geyimləri isə ölkədə cəmi bir şirkət - Bakı Tikiş Evi (BTE) tikir. Bu fabrik illərdir məktəbli forması bazarında tək işləyir. Qiymətləri də özü müəyyən edir: İbtidai sinif şagirdləri üçün formanın qiyməti 37 manat, yuxarı siniflər üçün forma isə 46 manata satılır. Şagirdlərin sayını və məktəbli formalarının orta qiymətini (42 manat) nəzərə alanda hər il valideynlər məktəbli formalarının alınmasına 59,5 milyon manat xərcləyirlər. Bütün bu pullar Bakı Tikiş Evinə çatır".

Azadlıq qəzeti yazır ki, Fins.az-ın araşdırmasına görə bu il daha bir şirkət - "Bakı Tekstil Fabriki" MMC məktəbli formalarının tikilməsi üçün uğunluq sertifikatı alıb.

Ancaq ticarət mərkəzlərində yalnız "BTE" markasının formaları satılır.

Həmçinin oxu:

"Məktəbli forması bazarı isə kiçik deyil... Bir nəfərin formasını orta hesabla 42 manatdan qiymətləndirsək, həmin məktəblilərə satılan formaların ümumi qiyməti 59,44 milyon manat edir. [...] Bu qədər vəsait cəmi 2 şirkətin əlində cəmlənib. Onun da böyük hissəsi BTE-nin payına düşür," yazıda deyilir.

Məqalədə daha sonra deyilir: "Doğrudur, məktəbli formaları bazarına başqa şirkətlər - sexlər və tikiş müəssisələri də daxil olmağa çalışırlar. Belələri təsdiq edilmiş məktəbli formasının maketini əsas tutmaqla öz məhsullarını buraxırlar. Amma onlara qarşı sərt nəzarət tədbirləri görülür".

Daha ucuz qiymətə məktəbli forması istehsal edib satan şirkətlərə qarşı isə "mətbuatda da güclü PR kampaniyası aparılır və onların mallarının keyfiyyətsiz olduğunu iddia edilir".

Bu vəziyyət isə bazarda faktiki inhisarçılığa malik olan şirkətlər üçün sərfəlidir.

Ancaq məktəbli forması istehsalında rəqabət olarsa, qiymətlər ucuzlaşa bilər. Xüsusilə, aztəminatlı ailələr üçün münasib qiymətlərə forma almaq şansı yaranar."

Arxivimizdən:

"Azərbaycan": Prezident ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev "ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini və barama istehsalı ilə bağlı əhalinin məşğulluğunu artırmaq, marağını gücləndirmək və sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə" ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb.

Sənəddə deyilir:

  1. Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya müəyyən edilsin.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə növündən asılı olaraq veriləcək subsidiyanın məbləğini və verilmə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin.

"Azərbaycan": Prezident icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlara satınalma həyata keçirməyi müvəqqəti qadağan etdi

Prezidentin İlham Əliyev "icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində səmərəliliyi artırmaq, ölkədə sahibkarlıq fəaliyyətini genişləndirmək, habelə biznes və investisiya mühitinin əlverişliliyini və rəqabət qabiliyyətini daha da artırmaq məqsədi ilə" verdiyi fərmanda deyilir:

  1. İcra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən 2018-ci il 1 yanvar tarixinədək idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması dayandırılsın.
  2. Müəyyən edilsin ki bu fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş məhdudiyyət dövlət zəmanəti ilə alınmış xarici kreditlər, xarici qrantlar, ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi ehtiyacları ilə bağlı idxal olunan malların (işlərin, xidmətlərin), dərman və tibb vasitələrinin satın alınmasına şamil edilmir.

"Yeni Müsavat": Akif Çovdarov gülləkeçirməz şüşə qəfəsə salınacaq. Məhkəməni canlı yayımda izləmək olacaq

Qəzet yazır ki, Akif Çovdarovun prosesi keçiriləcək Sabunçu Rayon Məhkəmə Kompleksindəki zalda audio-videoyazılışları aparan "Femida" sistemi quraşdırılıb.

"Onun köməyi ilə prosesi məhkəmədən də kənarda canlı izləmək və yayınlanmasını təmin etmək mümkündür", Yeni Müsavat məlumat verir.

"MTN generalları məhkəmə zamanı gülləkeçirməz xüsusi şüşə qəfəsdə saxlanılacaqlar. Burada onların vəkillə birbaşa və rahat əlaqə saxlamaları üçün müvafiq qurğu da var. Maraqlıdır ki, məhkəmə zalında əcnəbi şəxslərin iştirakı zamanı tərcümə xidmətlərinin göstərilməsi üçün xüsusi yer ayrılıb," yazıda deyilir.

Lent.az: Qoşulmama Hərəkatından Azərbaycana dəstək

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının "İnkişaf naminə sülh, suverenlik və həmrəylik" devizi altında keçirilən növbəti XVII Sammitində iştirak edir. Sammit Venesuelanın Marqarita adasında keçirilir.

XİN mətbuat xidmətindən bildirilib ki, Sammitin gündəliyində Azərbaycan üçün birbaşa əhəmiyyətli olan bir sıra məsələlər yer alır, Lent.az saytı yazır.

"Sammitin yekun sənədinin layihəsinə Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə edən bənd daxil edilib. Bundan əlavə, Venesuela sammitində Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrliyin Azərbaycan Respublikasına keçməsi və Hərəkatın 18-ci sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması gözlənilir," məlumatda deyilir.

Bundan başqa cənab Məmmədyarovun Sammitin Rəyasət Heyətinin sədr müavini seçildiyi və bu qismdə plenar iclasa sədrlik etdiyi bildirilir. Nazir Zirvə Görüşündə geniş nitqlə çıxış edəcək, məlumatda deyilir.

Lent.az: BVF: "Azərbaycan bank sektorunu yenidən təşkil etməlidir"

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib ki, "Azərbaycanda özəl qeyri-neft sektorunun inkişafına yönələn yeni iqtisadi modelə keçid geniş mənada struktur islahatlar gündəliyinin həyata keçirilməsini tələb edəcək".

O qeyd edib ki, struktur islahatlar şirkətlər arasında rəqabətin artması, yeni biznes imkanlarının yaxşılaşdırılması, insan kapitalına və təhsilə investisiyaların ayrılmasını əhatə edə bilər.

"Buna baxmayaraq, hal-hazırda Azərbaycanda əsas diqqət bank sektorunun sürətli və təşkilatı baxımdan inkişaf etdirilməsinə yönəldilməlidir. Çünki bununla real iqtisadiyyata kredit axını səmərəli şəkildə həyata keçir", - deyə missiya rəhbəri bildirib.

Məhəmməd əl-Qorçi həmçinin deyib ki, BVF Azərbaycan hökumətinə ilkin olaraq islahat prosesinin əsas tərkib hissələri olan makroiqtisadi institutların, çərçivələrin və siyasətin yaradılması üçün yardım edə bilər.

Əlaqəli mövzular