Müsavat Partiyasının referenduma etiraz olaraq keçirdiyi mitinq başa çatıb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Müsavat Partiyası referenduma etiraz mitinqi keçirib

Müsavat Partiyasının Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı referendumun keçirilməsənə etiraz olaraq bazar günü keçirdiyi ilk mitinq başa çatıb.

Mitinqin sonunda partiya "referendumun ləğvini", islahatların keçirilməsini tələb edən qətnamələrini səsləndirib, BBC Azərbaycancanın hadisə yerində olan müxbiri Günel Səfər deyir.

Mitinq zamanı təşkilatçılar bəyan edib ki, partiyanın Salyan, Neftçala, Abşeron və Tərtərdən olan üzvləri polis tərəfindən saxlanılıb. Partiyanın Şirvan şəhər üzrə "sədrinin atasını saxlayıblar".

Bunlarla bağlı Daxili İşlər Nazirliyindən hər hansı şərh almaq mümkün olmayıb.

Image caption Mitinq Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb

Mitinqdə Müsavat Partiyasının başqanı Arif Hacılı, onun müavini Yadigar Sadıqov, sabiq lider İsa Qəmbər, hüquq müdafiəçisi Osman Kazımov, D18 Gənclər Hərəkatının lideri Ruslan İzzətli və digərləri çıxış edib.

Partiya nümayəndəsi Osman Kazımov çıxış etdiyi vaxt qəfil meydanda işıq kəsilib və səsucaldanlar işləməyib.

Partiyanın sabiq başqanı İsa Qəmbər "əziyyətlərə baxmayaraq" belə bir aksiyanın keçirilməsini "mübarizə tarixinə yazılacaq bir hadisə" adlandırıb.

Mitinqdə ilk çıxış edən İsa Qəmbər əsas diqqəti cəmiyyətin sosial problemlərinə çəkərək deyib ki, "böhran həddindən artıq dərindir" və onun həlli yolunun indiki hakimiyyət tərəfindən tapılması "real görünmür".

"Son günlərdə 15 senytyabrda uşaqlarımızın məktəbə getməsinə sevinmək istəyirdik. Xəbərlər gəldi ki, elə ailələr var ki, uşağına çanta ala bilmir. Artıq bir neçə uşağın bu vəziyyətə dözməyib intihar etdiyi xəbəri gəldi. Bu nəyə görə baş verməlidir", deyə cənab Qəmbər sual edib.

Partiya nümayəndəsi Osman Kazımov çıxışında deyib ki, məhkəmə, prokurorluq, polis sistemi "bərbad vəziyyətdədir" və "milyonlar bir ailənin maraqlarına uyğun olaraq Qərbə yatırılır".

"Mitinqlə bağlı təbliğat aparmaq lazm gələndə hakimiyyət deyir ki, Qərbin sifarişini həyata keçirirsiniz. Ancaq Azərbaycan hakimiyyəti hakimiyyətdə qalması lazım gələndə üzünü Qərbə tutur", deyə cənab Kazımov referendum keçirməklə "İlham Əliyev hakimiyyəti bir əldə cəmləşdirmək istəyir" deyib.

Çıxışının davamında Osman Kazımov "İlham Əliyevdən qorxuruqmu? Həbslərdən qorxuruqmu?" deyə iştirakçılara sual edib və mitinqçilər "Yox!" deyə cavablandırıb. Onun çıxışı zamanı iştirakçılar bir neçə dəfə "İstefa", "Azadlıq" şüarları səsləndiriblər.

Partiya başqanı Arif Hacılı çıxışında deyib ki, "Azərbaycan hökuməti qara qüvvələrə qarşı yox, öz vətəndaşları ilə mübarizə aparır".

"Müsavat partiyasının yeni gənclər təşkilatı bu gün hədəfdir. Hökumət bu cəmiyyətin gələcəyi uğrunda vuruşanlarla mübarizə aparanlarla mübarizə aparır. Bu mübarizə ilə Azərbaycan hakimiyyəti məğlubiyyətə məhkumdur", başqan deyib.

Çıxışının davamında o deyib ki, 24 sentyabrda Milli Şuranın keçirəcəyi mitinq "həm də Müsavat Partiyasının mitinqidir" və partiya üzvlərini də bu mitinqə qatılmağa səsləyib.

"Bu zəncirləri qırın və mübarizəyə davam edin", partiya başqanı insalara çağırış edib.

Mitinqdə "Mən qul deyiləm!!! Azadlıq haqqımdır", "Məni tutma, manatı tut", "Cümhuriyyət" kimi şüarlar yazılan plakatlar qaldırılıb. İştirakçılar "Azadlıq", "İstefa", "Müsavat", "Azərbaycan" deyə süarlar səsləndiriblər.

Yasamal rayonu Məhsul stadionunda keçirilən mitinqin əsas şüarı "Yaşasın Respublika!" olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş