12 nəfər 8 sutka alıb, bir nəfər cərimə olunub

Yasamal rayon məhkəməsi

Şəklin mənbəyi, Ramin Deko

Milli Şuranın referenduma etiraz mitinqindən sonra saxlanılanların 12 nəfəri barəsində inzibati cəza hökmü çıxarılıb, bir nəfər cərimələnib, məlumatlarda deyilir.

Məlumata görə onlar inzibati cəzalar məcəlləsinin polisə müqavimət göstərmək maddəsində təqsirli bilinərək hər biri 8 sutka həbs cəzası alıb.

"Toghrul Ibrahim, Araz Səməd, Məmməd Baləmmədov, Kazım İmanov, Şəmistan Şahverdiyev, Elton Əli, Ruslan Qara, Nuru Nuruzadə, Məcnun Pirəliyev, Ülfət Həsənqarayev, Orxan Carçı və Dəyanət Əliyev hərəsi 8 sutka inzibati həbs cəzası alıb, Nurlan Sarıyev isə 200 manat cərimə olunub".

Sentyabrın 17-də Milli Şuranın mitinqi bitdikdən sonra çıxışda bir neçə jurnalist və fəal olmaqla təxminən 37 nəfər saxlanılıb. Onlardan 24-ü sonradan buraxılıb.

Milli Şuranın mitinqi
Şəklin alt yazısı,

Şənbə günü Milli Şuranın mitinqi bitdikdən sonra çıxışda bir neçə jurnalist və fəal olmaqla təxminən 37 nəfər saxlanılıb

Bundan öncə vəkil Əsabəli Mustafayev BBC Azərbaycancaya bildirib ki, ondan bazar ertəsi saat 3-də keçiriləcəyi bildirilmiş prosesdə saxlanılan 13 nəfərin hüquqlarını qorumaq xahiş edilib.

Fəalların nədə ittiham edildiyi bəlli deyil və bu barədə DİN-dən məlumat almaq mümkün olmayıb.

AXCP Gənclər Komitəsinin İdarə Heyətinin üzvü olan Turan İbrahim BBC Azərbaycancaya bildirib ki, saxlanılanların hamısı bu səhər Yasamal rayon məhkəməsinə gətirilib.

Onun sözlərinə görə, 13 nəfər Yasamal rayon 27, 28 və 29-cu polis bölmələrində iki gün saxlanılıb.

Onlardan 7 nəfəri AXCP üzvüdür, digərləri isə Millətçi Gənclər Təşkilatı və heç bir partiya üzvü olmayan vətəndaşlardır.

Yasamal rayonu Məhsul stadionunda keçirilən mitinqin əsas şüarı "Monarxiyaya yox, talana son!" olub.

Azərbaycanda 26 sentyabrda Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi - referendum keçiriləcək.