Mətbuat icmalı: Dərmanlar "dolların kursuna uyğun satılacaq", Səhiyyə Nazirliyi deyir

Şəklin mənbəyi, Getty Images
"Azadlıq": Ölkədə dərmanlar dolların kursuna uyğun satılacaq
Azadlıq qəzetinin məlumatına görə səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi qaydalarında düzəlişlər ediləcək:
"Hazırda Mərkəzi Bankın həmin günə olan məzənnəsi əsas götürülür. Amma burda dəyişiklik nəzərdə tutulur. Həmin gün üçün bazarda valyutanın real qiyməti əsas götürüləcək".
Elsevər Ağayev bundan əvvəlki açıqlamasında bildirmişdi ki, "Dərman şirkətləri baş nazirin müavini Əli Əhmədova müraciət edib. Bu müraciət Səhiyyə Nazirliyinə də göndərilib".
"Azadlıq": "Human Rights Watch" mitinqdəki həbsləri pisləyib
"Human Rights Watch" (HRW) insan haqları təşkilatının Avropa və Orta Asiya bölümünün direktor müavini Rachel Denber sentyabrın 16-da dərc olunmuş məqaləsində yazır ki, Azərbaycanda baş alıb gedən hədə-qorxu və həbslər referendumla bağlı debatları önləmək niyyəti güdür, Azadlıq qəzeti yazır.
"Müəllif diqqəti 26 yaşlı bloqqer Mehman Hüseynovun həbsi zamanı baş verənlərə çəkir. Bloqqer sentyabrın 10-da evindən polis məntəqəsinə aparılıb, onu dindirib, işgəncə ilə hədələyiblər. Buraxılanda isə polis rəisi ona, "get və nə baş verdiyini yaz" deyib, onu mitinqdə gözləyəcəklərini bildirib," məlumatda deyilir.
Rachel Denber daha sonra yazır ki, avtoritar dövlətlər tənqidçini susdurmaq istəyəndə, bunu "ya sakitcə, ya da həyasızca edirlər. Azərbaycan hökuməti bu gün hər iki yola əl atıb".
"Polisin Hüseynovla "dostyana" söhbəti referenduma etiraz mitinqindən bir gün əvvəl olub. Müəllif güman edir ki, polis bununla bloqqerin oxucularına təsir etmək, mitinqə getməzdən əvvəl bir daha düşünməyə vadar etmək istəyib. Amma Hüseynov bloqunda nə həbsi, nə də ona hədələr barədə heç nə yazmayıb və müxalifətin ilk mitinqi planlandığı kimi keçib, sakitlik olub, kimsəni tutmayıblar.
Ancaq müxalifətin sentyabrın 17-si və 18-nə planlanan mitinqinə qədər 9 şəhərdə 38 siyasi fəal ya həbs olunub, ya da məhkəməyə çağırılıb. "Mesaj aydındır: Mitinqə qatılmayın", - müəllif yazır.
Araşdırmaçı-jurnalist, insan haqları müdafiəçisi Xədicə İsmayılova siyasi fəalların vəkilləri və qohumlarından gələn telefon zəngləri əsasında siyahı hazırlayıb. Polis mitinqə qədər 27 fəalı həbs edib, 7 nəfər azad buraxılıb. İçəridə qalanların qohumları yaxında qeyri-müəyyən ittihamlar üzrə məhkəmələr olacağını gözləyirlər," deyə Rachel Denber yazır.
"Azərbaycan": XV Yay Paralimpiya Oyunlarında milli komandamız 11 medal qazanıb
Dünən "Rio-2016" XV Yay Paralimpiya Oyunlarında yarışlar başa çatıb. Azərbaycan Milli Paralimpiya Komitəsi yarışlara 6 idman növündə, 22 idmançı və 2 liderlə qatılıb. Onlardan 11-i ilk dəfə Paralimpiya Oyunlarında iştirak edib.
"Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, milli komandamız uğurlu nəticə göstərərək 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb.
Paralimpiya Oyunlarında 170-dək ölkədən 4000-dən çox idmançı iştirak edib. Onlardan yalnız Azərbaycan da daxil olmaqla 82 ölkənin idmançıları mükafatçılar sırasına düşə bilib.
Paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri sırasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb," dey məlumatda qeyd edilir.
"Xalq qəzeti": Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı: asayiş pozulmayıb
Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqdə Milli Şuraya daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı "800 nəfərədək olan üzvü və təəssübkeşi" iştirak edib, məlumatda deyilir.
Əlavə olunur ki, mitinq zamanı "ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb".
Lakin tədbirdən sonra "bəzi iştirakçılar asayişi pozmağa cəhd edib, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hüquqazidd hərəkətlərə yol veriblər".
"Görülmüş tədbirlərlə qanunsuz əməllərin qarşısı alınıb və bu zaman bir neçə nəfər saxlanılıb. Araşdırma aparılır," deyə BŞBPİ bildirir.
"Yeni Müsavat": Bəxtiyar Hacıyevi ölkədən buraxmadılar
Şəklin mənbəyi, Courtesy photo
İctimai-siyasi fəal Bəxtiyar Hacıyev bu gecə ölkə xaricinə getmək istəyərkən aeroportda saxlanılıb və ona, ölkədən çıxmasının qadağan olduğu bildirilib.
Bu barədə Bəxtiyar Hacıyev sosial şəbəkədəki səhifəsində yazıb. B.Hacıyev hava limanında olarkən, baş verənləri ictimaiyyətə bu cümlələrlə xəbər verb:
"Ölkədən çıxışıma qadağa olduğunu deyib, buraxmırlar məni hava limanından. ATƏT-in HDIM illik toplantısında iştirak üçün Varşavaya gedirdim. Qadağanın kim tərəfindən və hansı əsasla qoyulduğu deyilmir. Gözləyirəm hələ görək, axırı nə olur."
Daha sonra B.Hacıyev yazıb ki, onu ölkədən qəti şəkildə buraxmayıblar və bu barədə heç bir izahat da verməyiblər. Evinə qayıtmaq məcburiyyətində qalan fəalı üstəlik, həm də izləyiblər. "Nəyə nail olmaq istəyirlər, nə etmək istəyirlər? Səhər açılsın görək..."- deyə Bəxtiyar Hacıyev yazıb.