Mətbuat icmalı: Heydər Əliyev Fondu daha bir tarixi abidəni bərpa edib- bu dəfə Bolqarıstanda

Şəklin mənbəyi, AFP
axar.az: Polis gücləndirilmiş iş rejiminə keçir
Azərbaycanın daxili işlər orqanları ölkədə keçiriləcək referendum günü gücləndirilmiş iş rejimində çalışacaq.
Trend xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə ölkə polisi sentyabrın 24-dən gücləndirilmiş iş rejiminə keçəcək. Gücləndirilmiş iş rejimi sentyabrın 29-dək davam edəcək.
"Azadlıq": Mişel Foster: "Şiddətli təzyiq nəticəsində vətəndaş cəmiyyətinin fəaliyyəti iflic vəziyyətə düşüb"
Mişel Foster: "Şiddətli təzyiq nəticəsində vətəndaş cəmiyyətinin fəaliyyəti iflic vəziyyətə düşüb"
BMT-nin xüsusi məruzəçisi Mişel Foster Bakıya 9 günlük səfəri zamanı hökumət təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri, jurnalistlər və siyasi məhbuslarla görüşlər keçirib. O, belə nəticəyə gəlib ki, bu ölkədə vətəndaş cəmiyyəti, hüquq müdafiəçiləri, tənqidçi media ciddi təzyiq və təqiblər altındadır. Məruzəçi bunu sentyabrın 21-də keçirdiyi mətbuat konfransında bildirib.
Fosterin ətraflı hesabatı gələn ilin martında BMT-nin Cenevrədəki İnsan Hüquqları Şurasına təqdim olunacaq.
"Son üç ildə Azərbaycanın vətəndaş cəmiyyəti ölkə müstəqillik qazandığı vaxtdan bəri ən pis vəziyyətə salınıb" deyən xüsusi məruzəçi bildirib ki, onlarla QHT rəhbərləri, bu təşkilatların əməkdaşları və onların ailə üzvləri inzibati və hüquqi təqibə məruz qalıb, əmlakları müsadirə edilib, bank hesabları bağlanıb, ölkədən çıxışlarına qadağa qoyulub.
Azərbaycanda söz və ifadə azadlığı, müstəqil mətbuatın durumunun da ağır olduğunu deyən BMT məruzəçisi qeyd edib ki, yerli və ölkənin qoşulduğu beynəlxalq konvensiyalarda ifadə azadlığı hüququ təmin edilsə də, Azəbaycan media və jurnalistlər üçün lazımi mühitin yaradılmasında çətinlik çəkməkdə davam edir," məlumatda deyilir.
Foster "Azadlıq" qəzeti, "Meydan TV", "Azadlıq" radiosuna qarşı təzyiqlərdən danışıb.
"Mənə həmçinin bildirilib ki, tənqidçi və müstəqil media orqanlarına reklam verən özəl şirkətlərə təzyiq edilir. Bu da həmin media orqanlarının maliyyə durumunu pisləşdirib, fəaliyyətini məhdudlaşdırıb," deyə BMT məruzəçisi bildirib.
"Azadlıq": Riçard Kozlariç: "Referendum Azərbaycanı daha da avtoritar ölkə edəcək"
ABŞ-ın Azərbaycanda sabiq səfiri Riçard Kazlariç Meydan TV-yə verdiyi müsahibədə 26 sentyabr referendumunun Azərbaycanı daha çox avtoritar ölkə edəcəyini deyib. O, Azərbaycanda günahsız adamları həbsə atan hakim və məmurlara qarşı sanksiya tətbiq etməyin vaxtı çatdığını bildirib.
"Hamının ümidlərinin əksinə olaraq, prezident İlham Əliyevin Vaşinqtona səfərindən sonra Azərbaycanda insan haqları ilə bağlı vəziyyət düzəlmədi. Daha çox adam həbs olunub, mətbuata təzyiq edilib. Bu ay keçirilən referendumun da nə olduğunu, əhəmiyyətini izah etmək üçün imkan, şərait verilmir. Biz hesab edirik ki, beynəlxalq ictimaiyyət bu barədə bilməlidir.
..."Sakit diplomatiya" lazım olan reaksiyanı vermir. Siyasi məhbuslar alver obyekti olurlar. Bu baxımdan müəyyən formada məhdud sanksiyalar - səyahət, viza üzərində sanksiya, maliyyə sanksiyaları, Azərbaycan vətəndaşlarını saxta ittihamlarla günahlandıranlar, həbsə atanlara qarşı tətbiq olunmalıdır. Bizim əsas ismarıcımız budur. Biz hesab edirik ki, vəziyyətin daha da pisləşməsi bu ehtiyacı daha da aktuallaşdırır. Konstitusiyaya dəyişikliklər qüvvəyə mindikdən sonra bu, bizim nəzərimizcə, Azərbaycanı daha da az demokratik və daha çox avtoritar ölkə edəcək. Məncə, vəziyyəti ağırlaşdıran odur ki, bəziləri guya Amerika Birləşmiş Ştatlarının müxalifətlə, gülənçilərlə və digər qüvvələrlə birgə işləyərək, rejimə qarşı çevriliş etməyə çalışmaqda ittiham edirlər. Bu, sadəcə olaraq, ağlasığmazdır," keçmiş səfir deyib.
"...ABŞ-ı Azərbaycanda [gülənçilərlə bağlı] aparılan istintaqa hansısa bir şəkildə qatmaq sadəcə olaraq, cəfəngiyyatdır. Bağışlayın ki, bu sözü yenidən təkrar edirəm. Buna heç kəsi inandırmaq mümkün deyil," deyə o əlavə edib.
"Xalq qəzeti": Heydər Əliyev Fondu daha bir tarixi abidəni bərpa edib - bu dəfə Bolqarıstanda
Şəklin mənbəyi, Pascal Le Segretain/Getty
Mehriban Əliyeva və Leyla Əliyeva Bolqarıstanda tarixi abidənin açılışında iştirak edib
Dünən, sentyabrın 22-də Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Əvvəlcə xatirə lövhəsinin açılışı olub.
Veliko Tırnovo şəhərinin meri Daniel PANOV sakinlər adından Azərbaycanın birinci xanımına bu layihəyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun bərpa edilməsi bolqar xalqının uzun illərdən bəri arzusu olub və bu arzunu Heydər Əliyev Fondu gerçəkləşdirib. Mer bu nəcib missiyanın həyata keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bir daha təşəkkürünü bildirib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib. Qəzet çıxışın tam mətnini də dərc edib.