İstanbul: referendumda 800 Azərbaycan vətəndaşı səs verə bilər

Şəklin mənbəyi, Getty Images
"Sentyabrın 26-da keçiriləcək referendum ərəfəsində İstanbul baş konsulluğunda təxminən 800 Azərbaycan vətəndaşı konsulluq qeydiyyatına alınıb", baş konsul Məsim Hacıyev BBC Azərbaycancaya bildirib.
Konsulluq qeydiyyatına düşən Azərbaycan vətəndaşlarının sosial tərkibi müxtəlifdir - buradakı ali məktəblərdə çalışan müəllimlərlə yanaşı, İstanbulda müxtəlif sahələrdə və Azərbaycanın müxtəlif təşkilatlarının təmsilçiliklərində çalışan vətəndaşlar, tələbələr, eləcə də ahıska türkləri var.
Azərbaycan vətəndaşları baş konsulluqda təşkil olunan 17 saylı üçüncü Yasamal Seçki Dairəsinin 51 saylı referendum məntəqəsində səs verəcəklər, Məsim Haciyev əlavə edib.
Diplomatın sözlərinə əsasən, referendum məntəqəsinə baş konsulluğun əməkdaşı Esmira Hüseynova sədrlik edir.
"Referendum məntəqəsi seçki tələblərinə uyğun olaraq, 2 səsvermə qutusu və 3 səsvermə kabini ilə təmin olunub" baş konsul deyib.
Diplomat əlavə edib ki, təxminən bir aydır, konsulluğun internet resursları vasitəsi ilə İstanbul və konsulluğun xidmət dairəsində olan şəhərlərdə yaşayan Azərbaycan vətəndaşları referendumda aktiv iştiraka dəvət ediliblər.

Azərbaycanda 26 sentyabrda keçiriləcək referendum barədə sual-cavab
Sentyabrın 26-da Azərbaycanda referendum keçiriləcək. Bu səsvermə barədə əsas suallarınızı burada cavablamağa çalışacağıq.