MSK-ya "şikayət xarakterli heç bir müraciət daxil olmayıb"
Məntəqə sədri: "Qanunumuzdakı dəyişikliyi alqışlayırıq"
Referendum başlayandan saat 12-ə qədər seçici fəallığı 30,6 faiz təşkil edib, Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi internet səhifəsi məlumat verir.
Ümumən seçicilərin 1613879 nəfərinin səsvermədə iştirak etdiyi bildirilir. Seçici siyahılarına əsasən 5127111 səsvermə hüququ olan şəxs var, MSK-nın rəsmi internet səhifəsi yazır.
MSK-nın sözçüsü Şahin Əsədlinin bildirdiyinə görə, saat 12-dək komissiyaya şikayət xarakterli heç bir müraciət daxil olmayıb.
"Yalnız 1-2 sorğu xarakterli müraciətlər olub və heç bir şikayət olmayıb," MSK sözçüsü bildirib.
BBC Azərbaycanca müxbiri Günel Səfərovanın müşahidələrinə görə Abşeron Rayonu Məhəmmədli kəndində üç saat ərzində 400 nəfər səs verib.
"Üç qutu tamam dolub. Qutuları yer açılsın deyə silkələyirlər. Səs vermək üçün beş-altı nəfər qadın var idi. Mən məntəqəyə girəndən sonra qadınlar getdilər, səs vermədilər," müxbirimiz deyir.
Müxbirimizin bildirdiyinə görə Digah kəndindəki məntəqlərdən birində şəxsiyyət vəsiqəsi olmadan səs vermək istəyən bir qadın geri göndərilib.
"17-18 yaşlı bir oğlan səs vermək istəyirdi, ona da icazə vermədilər," müxbirimiz deyir.
Azərbaycan Konstitusiyasına dəyişiliklərlə bağlı referendum keçirilir
Referendum başlayandan 2 saat ərzində 139 seçici səsverməyə qatılıb, Nardaranda yerləşən 14 saylı seçki məntəqəsinin sədri Natavan Əliyeva BBC Azərbaycancaya bildirib.
"Nardaran camaatı həmişəkinə nisbətən aktiv olmasalar da yenə də pis deyil. Hər şey necə lazımdır təşkil olunur", sədr bildirir.
BBC Azərbaycanca müxbiri Günel Səfərova Nardaranda iki seçki məntəqəsində olduğu zaman seçici aktivliyi müşahidə etməsə də, qutularda bülletenlərin çox olduğunu deyir.
"Məntəqəninn həyətində iki qadına rastlaşdım və onlardan soruşdum ki, səsvernmədə iştirak edəcəksiniz? Onlar dedilər ki, xeyr. çünki məlumatımız yoxdur və bilmirik nəyə və ya kimə səs verəcəyik", Günel Səfərova xəbər verir.
Bu gün səhər saat 8:00-dan Azərbaycan Konstitusiyasında dəyişikliklər üzrə ümumxalq səsverməsi, referenduma start verilib.
Şəklin mənbəyi, President.az
Prezident Əliyev ailəsi ilə birlikdə referenduma qatılıb
Prezident Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə Bakı şəhərinin 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səsvermədə iştirak edib, AZERTAC yazır.
Seçicilər 125 seçki dairəsi üzrə 5415 seçki məntəqəsində səs verəcək. Seçici siyahılarına əsasən, 5 milyon 127 min 111 səsvermə hüququ olan şəxs var, MSK-nın rəsmi internet səhifəsi yazır.
Gün ərzində 117 beynəlxalq müşahidəçi də daxil olmaqla 53 mindən artıq müşahidəçi seçki prosesini izləyəcək, MSK sədri Məzahir Pənahov deyib. "Hamı əmin olsun ki, səsvermə tam şəffaf keçəcək."
Sentyabrın 22-də Venesiya Kommissiyası Azərbaycan Konstitusiyasına prezident tərəfindən təklif edilən dəyişikliklərlə bağlı rəyini dərc edib.
Rəy sənədində parlamentin referenduma dəyişikliklərin müzakirəsinə cəlb edilməməsi, ifadə azadlığı, birləşmə azadlığı və sərbəst toplaşma azadlığına təklif edilən yeni məhdudiyyətlər və digər məsələlər tənqid edilib. Azərbaycanda hakim partiyanın rəsmisi bu rəyi "tələsik" və "qeyri peşəkar" adlandırıb.
Prezident Əliyev iyulun 18-də, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Konstitusiyasının 23 maddəsinə əlavə və dəyişiliklər, daha 6 yeni maddənin isə əlavə olunması təklif olunur.
Dəyişiklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsini və prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılmasını nəzərdə tutur.
Sənəddə prezidentin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin yaradılması nəzərdə tutulur. Təklifə əsasən onların vəzifəyə təyinatı və azad edilməsi səlahiyyəti prezidentə məxsusdur və dövlət başçısı təyinatı razılışdırmalı deyil.