Mətbuat icmalı: "ABŞ referendumun nəticələrini tanıyır"

Şəklin mənbəyi, Getty Images
"Azadlıq": Avropa İttifaqından referendum bəyanatı
Avropa İttifaqının ali icra orqanı olan Avropa Komissiyası Azərbaycanda konstitusiyaya əlavə və dəyişiklər üzrə referendum haqda bəyanat verib.
Bəyanatda Avropa Komissiyası Azərbaycanı referenduma çıxarılmış dəyişikliklər haqda Venesiya komissiyasının narahatlıqlarını nəzərə almağa çağırır.
Bəyanatda həmçinin qeyd olunur ki, bu və digər məsələlərdə Avropa İttifaqı Azərbaycanla dialoqda işləməkdə davam edəcək.
"Azadlıq": Qiyas İbrahimov ona verilən "işgəncələrdən" danışır
Sentyabrın 27-də keçirilən məhkəmə iclasında NİDA vətəndaş hərəkatının həbsdə olan üzvlərindən Qiyas İbrahimov həbs edilərkən ona verilən "işgəncələrdən" danışıb.
Gənc fəal bildirib ki, əslində onu Heydər Əliyevin heykəlinin postamentinə siyasi şüar yazdığına görə tutublar və irəli sürülən narkotik ittihamı şərdir.

"Bakı şəhər Baş Polis İdarəsində təhqirlərə məruz qaldığını, döyüldüyünü, ailəsilə hədələndiyini deyən Qiyas İbrahimovun sözlərinə görə, belə şəraitdə narkotikin ona məxsusluğu barədə ifadəni imzalamağa məcbur olub.
Gənc fəal cibinə və evinə narkotikin polislər tərəfindən atıldığını deyib.
"Mənə orada təklif elədilər ki, get, heykələ təzim elə, baş əy, gül qoy, AzTV çəksin, çıx get evə. Razılaşmadım," deyə o bildirib.
Daha sonra şahid qismində dindirilən Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları Pərviz Məmmədov və Elvin Kazımov bənzər ifadə verərək bildiriblər ki, idarəyə Qiyasın narkotik satışı ilə məşğul olması barədə məlumat daxil olub, onun əsasında əməliyyat keçirilib və o, həbs olunub.
Polislər gənc fəala heç bir işgəncə verilmədiyini də deyiblər. Qiyas İbrahimov isə onların yalan danışdığını bildirib.
Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.
"Azərbaycan": Rusiya Federasiyasının hərbi gəmisi Bakıya gəlib
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, sentyabrın 27-də Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının komandanı, kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə "Uqliç" kiçik raket gəmisinin Bakıya səfəri başlayıb.
"Sentyabrın 30-dək davam edəcək səfər çərçivəsində Rusiya nümayəndə heyətinin bir sıra görüşləri, eləcə də "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub," məlumatda deyilir.
"Azərbaycan": Silahlı Qüvvələr yeni növ pilotsuz uçuş aparatları ilə təmin ediləcək
Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində "ADEX 2016" ikinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə müdafiə sənayesi naziri Yavər Camalov arasında Silahlı Qüvvələrin yerli istehsal olan pilotsuz uçuş aparatları ilə təmin edilməsi barədə anlaşma memorandumu imzalanıb.
Memoranduma əsasən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan yüzlərlə yeni növ kamikadze tipli "Zərbə" və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatları yaxın vaxtlarda Silahlı Qüvvələrin istismarına veriləcək.
"Yeni Müsavat": "ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır"

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib ki, ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və ölkə başçısının səlahiyyətlərinin müddətinə dair məsələyə müdaxilə etmək niyyətində deyil.
"Biz, bu demokratik prosesin hansı nəticələr verib-verməyəcəyi ilə bağlı nəyisə diqtə edə bilmərik. İstisna odur ki, pozuntular varsa - araşdırılmalı, qüsurlar varsa - tədqiq edilməli və aradan qaldırılmalıdır...
"Biz səlahiyyət müddətinin məhdudlaşdırılmasını diqtə edə bilmərik," Toner brifinq zamanı Azərbaycanda keçirilmiş referendumda qəbul olunan normaların demokratik olub-olmamasına dair suala cavabında belə deyib.
"ABŞ bundan sonra da demokratik institutların fəaliyyətinin yaxşılaşdırılması istiqamətində Azərbaycanla işləmək niyyətindədir", - deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi qeyd edib.

Mətbuat icmalı: "Xərclər siyasətimiz daha sərt olacaq" - maliyyə naziri
Bu gün Azərbaycanda dərc edilən qəzetlərin xülasəsi.