Yağışa görə Bakıda narahatlıqlar

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Binəqədi və Hövsanda yağış

Çərşənbə günü axşam saatlarında Bakı şəhərinə yağan güclü yağış bir çox narahatlığa səbəb olub.

Şəhərin müxtəlif yerlərində sellər yaranıb, saatlarla davam edən tıxac isə həm sürücülərin, həm də ictimai nəqliyyat istifadə edənlərin narazılığına səbəb olub.

Bəzi ərazilərdə yaşayış məkanlarının da su basması məlumatları var.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, çərşənbə günü yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolmuş, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Nazirlik, yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb etdiyini və aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 17 nəfəri azyaşlı olmaqla ümumilikdə 35 nəfəri təhlükəsiz əraziyə təxliyyə etdiyini qeyd edir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Sabunçu sakinləri yağışa görə əziyyət çəkir

Ancaq müxbirimizin müşahidələrinə əsasən hadisədən bir gün keçməsinə baxmayaraq Bakının müxtəlif ərazilərində hələ də su gölməçələri qalmaqdadır.

Sabunçu dəmiryol stansiyasının qarşısında yaranmış su yığıntısı əhalinin hərəkətinə maneə yaradır. Bəzi mağaza işçiləri suyun içərisinə girərərk işlərini davam etdirsələr də, BBC Azərbaycancaya danışan vətəndaşlardan biri deyir ki, o saatlardır yolun qarşısına keçə bilmir.

Sakinlər hər dəfə yağış yağanda bu ərazidə eyni mənzərənin yarandığını qeyd edir.

Yaxınlıqda yerləşən Sabunçu bazarında isə yağışın yağması səbəbindən yaranmış şəraitə görə, bir neçə piştaxta bağlıdır.

Hövsan qəsəbəsində də iri gölməçə yaranıb. Sakinlər bildirir ki, ərazidə kanalizasiya quyusu olmadığı üçün yağış suları axmağa yer tapmır və nəticədə gölməçə yaranır. Bu ərazidə FHN tərəfindən suçəkmə işləri aparılır.

Binəqədi şossesi də eyni vəziyyətdədir. Sakinlərin sözlərinə görə, səhər saatlarında suçəkmə işləri görülüb, ancaq ərazi tam olaraq yağış sularından təmizlənməyib.

Bu barədə daha geniş