NİDA fəalı Qiyas İbrahimovun məhkəməsi: “İfadələrdə ziddiyyət var”

Şəklin mənbəyi, RAMİN DEKO
NİDA fəalları Bayram Məmmədov və Qiyas İbrahimov Mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar
Cümə axşamı NİDA vətəndaş hərəkatının həbsdə olan üzvü Qiyas İbrahimovun məhkəməsi keçirilib.
Vəkil Elçin Sadıqovun bildirdiyinə görə, məhkəmədə hal şahidləri dindirilib.
"Hal şahidlərinin verdiyi ifadələrdə ziddiyyətlər var idi. Məlum olub ki, Qiyas İbrahimovun evində axtarış zamanı hal şahidləri iştirak etməyiblər," cənab Sadıqov BBC Azərbaycancaya bildirib.
NİDA hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov Mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar.
Fəallar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunurlar.
Vəkilin bildirdiyinə görə fəalın evində axtarışı polislər həyata keçirib və narkotik maddə aşkarlanıb.
"Axtarışı 15-dən çox polis həyata keçirib və bu da evdə narkotik maddənin yerləşdirilməsi üçün münbit şərait yaradır," vəkil deyib.
Məhkəmə oktyabrın 4-ü saat 17:00-dək təxirə salınıb. Növbəti məhkəmədə Qiyas İbrahimovun anası və iki əməliyyatçı dindiriləcək.
Bundan əvvəl keçirilən məhkəmə iclasında Qiyas İbrahimov həbs edilərkən ona işgəncələrin verildiyini bildirib.
Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.