Papa Francis Qafqazda "sülh"ün bərpasından danışıb

"Gənclik" Prezident Sarayı meydanında Roma Papası Fransiskin qarşılanma mərasimi keçirilib

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

"Gənclik" Prezident Sarayı meydanında Roma Papası Fransiskin qarşılanma mərasimi keçirilib

Roma Papası Francis Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşüb.

"Bu mənim səmimi arzumdur ki, Azərbaycan başqa mədəniyyətlər və dinlərlə əməkdaşlığını davam etdirsin", o çıxışında söyləyib.

Onun sözlərinə görə, dünyada dözümsüzlüyün yaratdığı çoxlu münaqişələr fəlakətlərə səbəb olur və buna görə də "dialoq yaradıcı sülh mədəniyyəti" təlqin edilməlidir.

"Bu ölkədən danışarkən, torpaqlarından köçməyə məcbur edilmişlər və qanlı münaqişələrdən əziyyət çəkmiş çox insana ürəkdən yaxın olduğumu bildirmək istəyirəm. Ümid edirəm ki, beynəlxalq icma lazımı təxirəsalınmaz yardım təklif edə biləcək. Eyni zamanda, regionda stabil sülhün yeni mərhələsi üçün hamını qaneedici həllə çatmaq üçün hər bir şansdan istifadə etməyə dəvət edirəm."

"Mən katolik, müsəlman, ortodoks və yəhudi icmalarının səmimi əlaqələrindən məmnunam. Ümid edirəm ki, dostluq və əməkdaşlıq nişanələri daha da inkişaf edəcək."

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Papa Francis Şəhidlər Xiyabanını ziyarət edib

"Qoy Allah Azərbaycanı harmoniya, sülh və rihafla mübarəkləndirsin," Papa sözlərini bu cümlə ilə bitirib.

Görüşdən əvvəl Papa cənab Əliyevə və xanım Əliyevaya hədiyyələr təqdim edib, Katolik Kilsəsi bildirir.

Daha sonra o, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və digər dini icmalarının nümayəndələri ilə görüşmək üçün Heydər Məscidinə gedib.

Papa bazar günü səhəri Gürcüstandan sonra Bakıya gəlib. Onu Heydər Əliyev adına hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılayıb.

Şəklin mənbəyi, ALESSANDRA TARANTINO

Şəklin alt yazısı,

Papa Francisin Bakı səfəri bir gün davam edəcək

Daha sonra o Bakıdakı Katolik kilsəsində messa zamanı inam və inanc haqqında danışıb.

Xristianlığın müqəddəs kitabı "İncil"dən sitatlar gətirən pontifik dünyada sülh, səbir və mərhəmətli olmaqdan söz açıb.

Papanın çıxışı

"...Allah açıq ürəklər gördükdə ona inanır və onda möcuzələr yaradır", pontifik onlarla xristian icmasının qarşısında söyləyib.

İncildən sitatlar gətirən Papa dünyaya iman, sülh və ədalət mesajı verib, Katolik Kilsəsi bildirir.

"Soyumuş qəlblə yaşayan insanlar heç vaxt doyulmayan rahatlığı üçün yaşayır və buna görə də onlar xoşbəxt olmurlar".

Pontifik onu da söyləyib ki, bəzən insanlar "çox fəal" olduqları üçün günahlar edir.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Onu Bakıdakı hava limanında xarici işlər nazirinin müavinləri qarşılayıb

"Düşünürük ki, biz sahibkarıq, nüfuz qazanmaq və ya kimsə olmaq üçün yaşayırıq və bu zaman inanc vasitəyə çevrilir, məqsəd olmur."

"Sevgi və sevinclə yaşayaraq hər zaman birgə qalın", o söyləyib.

Pontifik nitqini Teresa Ananın sözləri ilə bitirib: "İnancın kökündə sevgi var. Sevginin kökündə inanc. İnancın kökündə isə sülh."

Qafqazda barışıq və sülh üçün dua

Çıxışdan sonra Katolik Kilsəsinin baş ruhanisi Vladimir Fetek Papaya təşəkkür edib.

"Bu kilsədə toplanan hər kəs, həyəcan və sevinc içindədir. Bu gün Azərbaycandakı yerli kilsə və bu ölkənin bütün xalqı, Rəbdən qeyri-adi bir hədiyyə aldı. Bu hədiyyə sizsiniz Fransisk ata! Həvari Pyotrun davamçısı və Rəbbimiz İsa Məsihin nümayəndəsi! Siz, uzaq Romadan Katolik kilsəsinin ətrafında toplanmış kiçik imanlılar cəmiyyətinin ziyarətinə gəldiniz. Sizin gəlişinizlə Bakı şəhəri, bir mənada, məsihçiliyin mərkəzi oldu, çünki "UbiPetrus, ibi Ecclesia", yəni Peterin olduğu hər yer kilsədir."

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Onu Heydər Əliyev adına hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılayıb

Vladimir Fetek Papanın sələfi II Yoan Pavelin 14 il əvvəlki səfərini yada salaraq deyib ki, onun səfərinin məhz Mərhəmət Yubiley ili ərzində baş tutması əhəmiyyətlidir.

"Biz, qardaşlarımıza qarşı daha çox mərhəmətli olmağa çağırılırıq, çünki günahkar insanlar olaraq hamımızın səmavi Atanın mərhəmətli qucağına böyük ehtiyacı vardır."

Daha sonra o Papadan birlikdə Qafqazda barışıq və sülh üçün dua etməyi xahiş edib.

Onun Bakı səfəri bir gün davam edəcək.