Vahid Əhmədov: "ola bilər müəyyən qiymət artımı olsun"

Azərbaycanda fermer təsərrüfatı Fotonun müəllifi Günel Səfər

Azərbaycanda bir sıra idxal olunan ərzaq məhsullarına tətbiq ediləcək yeni gömrük rüsumunun bazarda qiymətlərin artmasına səbəb olacağı güman edilir.

Rəsmilər qərarın yerli istehsalın stimullaşdırması məqsədilə verildiyini deyir.

Nazirlər Kabinetinin qərarı ilə ev toyuğu, yumurta, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirilib. İndiyə qədər bu məhsullara görə gömrük dəyərinin 15 %-i həcmində standart gömrük idxal rüsumu tətbiq edilməkdədir.

"Artıq Azərbaycanın dempinq qiymətləri ilə gətirilən məhsullar ölkədə istehsal olunan məhsullarla rəqabətdə olacaq, həmçinin Nazirlər Kabinetinin qəbul etdiyi qərarla Azərbaycanda istehsal olunan məhsulların inkişafına da daha böyük önəm verəcəyik," deyə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev qərarı izah edib.

Millət vəkili Vahid Əhmədov bu qərarı gözlənilən hesab edir və məqsədlərdən birinin daxili istehsalçıların təsərrüfatlarını daha da genişləndirilmək stimulunun yaradılmasına hesablandığını deyir.

Onun sözlərinə görə, bu, prezident İlham Əliyevin verdiyi xüsusi fərmanlar və sərəncamlar da daxil olmaqla, Azərbaycanda qeyri-neft sektoruna, xüsusilə kənd təsərrüfatı mallarının inkişafına diqqətin artırılması ilə bağlıdır.

"Bu gün ölkədə qeyri-neft istehsalına xüsusi yer verilir. Gömrük rüsumlarının artırılması ilə yerli istehsalın və ölkədə fəaliyyət göstərən istehsal müəssisələrinin daha da genişlənməsi və daha geniş çeşiddə məhsulların istehsal olunmasını görəcəyik", APA Aydın Əliyevdən sitat gətirib.

Gömrük Komitəsinin sədri həmçinin bildirib ki əhalinin yerli istehsal məhsullarına önəm verir.

Daxili istehsal

"Gömrük rüsumu artırılmış məhsulların hamısı xüsusi şəxslər tərəfindən monopoliyada idi və monopolistlər tərəfindən idarə olunurdu", o deyir.

Cənab Əhmədov yeni qərarın bazar qiymətlərinə təsir edəcəyini istisna etmir.

"Burada fikir ayrılıqları var: ola bilər müəyyən qiymət artımı olsun. Bunu heç kim inkar etmir".

İqtisadçı Natiq Cəfərliyə görə, bu addımın "ilk baxışdan daxili bazarın qorunması" üçün atıldığını zənn edilsə də, daxili istehsalın istehlakı ödəmə qabiliyyəti barədə suallar ortaya çıxır.

"Hökümət bu məhsullar üzrə daxili istehsalın və istehlakın həcminə dair araşdırma və ya hesablama təqdim etməyib. Belə hesablamalar aparmadan yalnız rüsumların qaldırılması ilə stimullaşdırılmanın aparılması mənə elə gəlir ki, ilkin aylarda daxili istehsalda da qiymət artımına səbəb olsun."

Vahid Əhmədov isə yeni qərarın imkanlar yaradacağını deyir.

"Onu biz də bilirik ki, ödəmək qabiliyyətində deyil. İmkan yaranacaq ki, yerli istehlak genişləşdirilsin, daha da yeni sahələr yaransın."

Fotonun müəllifi Gunel Safar

Deputatın sözlərinə görə, Azərbaycanda quşçuluq və meyvə-tərəvəz sahəsində istehsalı genişləndirmək mümkündür. Lakin bunun üçün müəyyən qədər vaxt lazımdır. Həmin zamana qədər isə qiymət siyasətində problem yaranmamasına çalışmaq lazımdır.

İnhisarçılıq

Cənab Cəfərli isə bildirir ki, rüsumları artırmadan öncə başqa addımlar atılmalı idi.

"İnhisarçılığa qarşı mübarizə qanunları sərtləşdiriılməli və onların tətbiqi reallaşdırılmalı idi. 9 ildir parlamentdə rəflərdə toz basmış Rəqabət Məcəlləsi qəbul edilməli idi. Ümumdünya Ticarət Təşkilatına üzv olub sivil dunyanın oyun qaydalarını tətbiq etməli idi."

Bu səbəbdən o güman edir ki, yüksək gömrük rüsumları inhisarçılığın qarşısının alınmasından çox xarici məhsulların qiymətinin qalxmasına, bu isə məntiqli ardıcıllıq ilə alıcılıq qabiliyyətinin azalmasına və sonda daxili bazarda qiymət artımına səbəb ola bilər.

Deputat Vahid Əhmədov gözlənilən qiymət artımı ilə bağlı təklif edir ki, İqtisadi İnkişaf Nazirliyinin xüsusi departamenti sahibkarların subyektiv qiymət qoyub insanlara əlavə problem yaratmaması ilə məşğul olmalıdır.

"Ümumi mən belə hesab edirəm ki, müəyyən qədər çətinliklər də olsa, həm dövlət büdcəsinə əlavə vəsaitlər daxil olacaq, həm də müəyyən qədər həmin sahədə sahibkarlığın inkişafı üçün şərait yaranacaq."

Yeni qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minəcək və 2 il qüvvədə olacaq.

BBC Azərbaycancanın sosial media sorğusunda iştirak etmək üçün linkə keçin:

Siz hansı yerli məhsullara üstünlük verirsiniz? Ümumiyyətlə yerli ərzaq məhsulları alırsınızmı?

Əlaqəli mövzular

Bu barədə daha geniş