Azərbaycan: "Təhdid edilən" jurnalist polisə müraciət edib

Aynur Elgünəş

Şəklin mənbəyi, Əhməd Muxtar

Jurnalist Aynur Elgünəş ona mətbu orqan tərəfindən şantaj edildiyi iddiası ilə şikayət etmiş şəxsin problemini araşdırdığı zaman "ölümlə hədələndiyi üçün" ərizə ilə polisə müraciət edib.

Jurnalist onu təhdid edən şəxsin özünü Azərbaycan İnformasiya Agentliyinin təsisçisi kimi təqdim etmiş Cənnət Cənnətov adlı şəxs olduğunu iddia edir.

Jurnalisti təhdid etməkdə ittiham olunan şəxsin işlədiyi mətbu orqan isə bu halı inkar edir.

Mətbuat Şurası belə bir mətbu orqanın onların üzvü olmadığını deyir və hadisəni pisləyir.

"Həyatın mənim əlimdədir"

Meydan TV ilə əməkdaşlıq etmiş Aynur Elgünəşin BBC Azərbaycancaya dediyinə görə oktyabrın 4-də günorta saatlarında ona bir nəfər şikayətçi zəng edib.

Şikayətçi özünün Azərbaycan İnformasiya Agentliyinin Elnarə adlı jurnalisti tərəfindən şantaj olunduğunu və həmin mətbuat orqanında işləyən Cənnət Cənnətova "pul verməyə məcbur edildiyini" deyib.

"Şikayətçinin verdiyi nömrəyə zəng vurdum və iddialara cavab istədim. Kim olduğumu soruşdu. Mən də müstəqil jurnalist olduğumu, daha sonra isə Meydan TV içərisində olmaqla məqaləm çıxan bütün mətbu orqanları sadaladım. Telefon dəstəyini asdı", o deyir.

Aynurun sözlərinə görə, həmin şəxs bir neçə dəqiqədən sonra zəng vuraraq ona qarşı xoşagəlməz ifadələr işlədib və təhdid edib. Bu vəziyyət saatlarla davam edib.

"Mənə dedi "səni elə bir vəziyyətə salacam ki, ölkə içinə çıxa bilməyəcəksən". Sonuncu dəfə "bu gün harda olsan səni tapacam, həyatın mənim əlimdədir" dedi. Bundan sonra vəkilimə məlumat verdim, o da 102 xidmətinə zəng vurmağımı məsləhət bildi", o qeyd edir.

Jurnalist çərşənbə günü 36 saylı polis bölməsinə ərizə ilə müraciət edib və ona bildiriblər ki, bir müddətdən sonra izahat almaq üçün məntəqəyə dəvət ediləcək. Aynur telefon zənglərinin səs yazılarını da polisə təqdim edəcəyini bildirir.

Məsələ ilə bağlı Azərbaycan İnformasiya Agentliyinin işçisi Cənnət Cənnətovla əlaqə yarada bilməsək də, suallarımızı özünü Azərbaycan İnformasiya Agentliyinin baş redaktoru kimi təqdim edən Azər Məmmədov cavablandırdı.

Müsahibimiz, təsdiq etdi ki, redaksiyada Cənnət Cənnətov adlı işçi var. Ancaq o, həmin işçinin jurnalist Aynur Elgünəşi təhdid etməsini təkzib etdi.

"Bu şər və böhtandır. Press reliz hazırlamışıq, yayacağıq", o bildirdi.

"MŞ bu hala qarşıdır"

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli Azərbaycan İnformasiya Agentliyi adlı mətbu orqanın MŞ-nın üzvü olmadığını deyir. Ancaq o qeyd edir ki, MŞ üzvlüyündə olmaq heç bir mətbu orqana şantaj və hədə qorxu ilə pul almaq ixtiyarı vermir.

O bildirir ki, MŞ bu cür hallara qarşı kəskin şəkildə mübarizə aparır.

Cənab Ələsgərli onu da qeyd edir ki, MŞ-nın bu məsələyə tam aidiyyatı yoxdur.

"Mətbuat Şurası şikayət olduğu təqdirdə jurnalistin yazdığı məqaləyə qiymət verir və onun etik standartlara cavab verib-vermədiyini yoxlayır. Aynur xanımın məsələsində isə söhbət, yazının dərcindən getmir, xuliqanlıq əlamətindən gedir. Bunun üçün polisə müraciət edilməlidir", o bildirir.

MŞ sözçüsü onu da deyir ki, şura bu cür hallara qarşıdır və Aynur xanım məsələnin araşdırılmasını istəyirsə, şuraya ərizə ilə müraciət etməlidir.