Nardaran: Abbas Hüseynovun 3 qardaşı "evlərindən aparılıb"

Polis

Şəklin mənbəyi, Təzəxan Mirələmli

Şəklin alt yazısı,

Nardaran işilə bağlı məhkəmə prosesi avqust ayında başlayıb.

Nardaran hadisələri zamanı həbs olunmuş və hazırda məhkəmə prosesi gedən Abbas Hüseynovun 3 qardaşı evdən aparıldıqdan sonra evə qayıdıblar, cənab Hüseynovun vəkili deyib.

Fariz Namazlı bundan əvvəl onların polis tərəfindən saxlanıldığı ehtimal edib. Onun sözlərinə görə, ehtimal var idi ki, qardaşları DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayırlar.

Onun sözlərinə görə, Hüseynov qardaşları 2 gün müddətində harda olduqları barədə məlumat vermək istəməyiblər və vəziyyətlərinin yaxşı olduğunu qeyd ediblər.

Daxili İşlər Nazirliyinin sözçüsü BBC Azərbaycancaya məsələni dəqiqləşdirdikdən sonra məlumat verəcəyini bildirib.

Vəkilə bu məlumatı Abbas Hüseynovun yaxınları verib. "Dedilər ki, iki gün öncə Hüseynağa Hüseynov axşam saat 9 radələrində mülki geyimli şəxslər tərəfindən aparılıb. Dünən isə (cümə axşamı) daha 2 qardaş Məlik və Elçin Hüseynovlar polisə aparılıb. Ancaq yaxınları məntəqəyə gedəndə onlara bildiriblər ki, qardaşlar burda deyil", cənab Namazlı deyir.

Fariz Namazlı güman edir ki, qardaşlarının axşam saatlarında evdən aparılması və onlar barədə heç bir məlumatın olmaması Abbas Hüseynovun məhkəmə prosesi zamanı idarə barədə kəskin çıxışları olub.

"Qardaşlar Abbas Hüseynovun məhkəmədə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi barədə işgəncə, zorakılıqla bağlı çıxışlarına görə susdurulması məqsədilə aparıla bilər", vəkil bildirir.

Şəklin alt yazısı,

Ötən ilin noyabr ayında Nardaranda baş vermiş silahlı insident zamanı 6 nəfər həlak olmuşdu. (Şəkil: Arxiv)

Vəkil baş verənlərlə bağlı şikayət ərizəsi yazdığını deyir. Lakin o, qardaşların DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub-olmadığını da öyrənə bilməyib.

O qeyd edir ki, Hüseynov qardaşlarının həbs olunması da ehtimallar arasındadır.

Abbas Hüseynov Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və digər 13 nəfərlə birlikdə noyabrın 26-da Nardaran qəsəbəsində keçirlən polis əməliyyatı zamanı saxlanılıb.

Onlara qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb. Ötən il Nardaran qəsəbəsində keçirilən polis əməliyyatı vaxtı baş vermiş silahlı qarşıdurma zamanı iki polis əməkdaşı da daxil olmaqla 6 adam həlak olub.

Bu iş üzrə məhkəmə prosesi bu ilin avqustunda başlayıb və hələ də davam edir.