Putinin ad günü üçün 450 qızılgül - Rusiyalı deputatlardan yeni təşəbbüs

Vladimir Putin Fotonun müəllifi AFP

Rusiya Dövlət Dumasının hakim Vahid Rusiya partiyasından üzvü, kosmonavt Valentina Tereşkova cümə günü ad gününü qeyd edən Vladimir Putinə hədiyyə olaraq 450 qızıl gül göndərməyi təklif edib.

"Etiraz etmirsinizsə, gəlin bir səbət gızıl gül göndərək. Biz 450 millət vəkiliyik. Təklif var ki, 450 [qızılgül göndərək]", - Tereşkova həmkarlarına müraciət edərək deyib.

"Gəlin onun yorulmaz əməyinə görə minnətdarlıq bildirmək üçün [gül] səbəti göndərək və bizim böyük Rusiya naminə birgə çalışacağımızı vəd edək".

"Həmkarlar, hər hansı etiraz varmı?" deyə spiker Vyaçeslav Volodininin sualına cavab verən olmayıb.

Oktyabr ayının 7-də Vladimir Putinin 64 yaşı tamam olur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Vladimir Putin ad gününü dost və yaxınlarının əhatəsində keçirmək niyyətindədir.

Ötən ilki ad gününü Rusiya lideri Putin hokkey meydançasında rəqib komandanın qapısına 7 şayba göndərməklə qarşılamışdı.

Həmin gün Çeçenistan lideri Ramzan Kadırov "Gecə qurdları" bayker klubu ilə birlikdə prezidentin ad günü münasibətinə həsr edilmiş motoyürüşə qatılmışdı.

Vladimir Putinə ad günü ilə bağlı verilən hədiyyələr arasında pələng balası (2008-ci il) və Moskva Dövlət Universiteti tələbələrinin hazırladığı erotik təqvim (2011-ci il) də olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş