İsveç necə cihad ixracatçısına çevrildi?

Young woman wearing disguise

İsveç dinc demokratik dövlətdir. Uzun zamandan bəri münaqişələrdən qaçan insanlar bu ölkəyə pənah gətiriblər. Ancaq bir zamanlar İsveçə qaçqın kimi gəlmiş insanların övladları indi bu ölkəyə arxa çevirir.

300-dən çox isveçli Suriya və İraqa döyüşməyə gedib. Beləliklə, İsveç Avropanın adambaşına ən çox cihadçı düşən ölkələrindən biridir.

İsveçin ikinci ən böyük şəhəri olan Qotenburqda yaşayan, ilk baxışdan adi gənc Qərb qadınına bənzəyən, əynində bədənə yapışan paltar, üzündə makiyaj, qollarında və boynunda tatular olan qadın bu yaxınlarda Suriyanın Raqqa şəhərindən qayıdıb. Onun "İslam Dövləti"nin (İD) tərəfində vuruşan əri orada ölüb.

O, qarşılaşdığı dəhşətləri xatrlayır. Onun otağının yanındakı otaqda zorlanan yezidi qadınların səsləri, tabe olmayanların şallaqlanması və edam edilməsi, davamlı bombardmanlar və hava hücumları cihadçının gənc arvadının gündəlik həyatının bir hissəsi olub.

İlk günlər hər şey cazibədar görünürmüş və o burada olmağına sevinirmiş. Ancaq əri öləndən sonra o, işlərin onun inandığı dinə uyğun getmədiyini görür.

"Onlar iordaniyalı pilotu yandıranda mən onlardan insanı niyə yandırdıqlarını soruşdum. İslamda bu olarmı? Mənim bildiyim odur ki, heç kimi yandırmaq olmaz."

Başqa bir İD döyüşçüsünün köməyilə gənc qadın Suriyadan çıxa bilir. O, əvvəlcə Türkiyəyə keçir, oradan da İsveçə qayıdır.

O, BBC müxbirinə öz Kalaşnikov avtomatının və yaralanmış qızının şəklini göstərir.

BBC müxbiri ondan İD-nə niyə qoşulduğunu soruşur.

"Bu yolu tutanda adam dünya həyatını düşünmür. Maddi şeylər barədə düşünmürsən. Sadəcə ölüb cənnətə düşməyin ən qısa yolunu düşünürsən," o deyir.

"Müsahibədən sonra onu maşınla şəhər kənarında düşürürəm. Yoluma davam edəndə onun evsiz pişiklə oynadığını görürəm. O, adi utancaq gənc qız kimi görünür," deyə müəllif yazır.

Qotenburq çox sayda cihadçının səfərbər olunduğu yerdir. Əhalisinin sayı bir milyondan azca çox olan keçmiş sənaye mərkəzindən azı 100 kişi və qadın xilafət üçün vuruşmağa yollanıb.

Bura İsveçin ən rəngarəng şəhəridir. Əhalinin 1/3-i mühacirlər və onların övladlarıdır. Onların da çoxu müsəlmandır. Şəhərin şimal-şərq hissəsində yerləşən Angered kvartalında isə bu nisbət 70%-dən yuxarıdır.

İsveçdə ev tapmaq asan deyil. Şəhərin mərkəzində kirayə ev tapmaq üçün uzun növbələr ölkəyə yeni gələnlərin bir çoxunun məhz bu məhəlləyə gələrək burada qalmasına yol açır. Onların arasında ötən il İsveçdə sığınacaq almış 160000 adam da var.

Angered polis üçün çətin əraziyə çevrilib.

Polis buranın bir hissəsini "həssas" ərazi kimi təsnif edir. Polisin təsnifatında bu, qanun-qaydanın pozulması , həmçinin paralel cəmiyyətin yaranması deməkdir.

Burada xüsusi adamlar icmanın şəriət qaydalarına riayət etməsinə nəzarət edir. İddialara görə onlar hətta insanlara, əsasən də qadınlara, təzyiq göstərirlər. Onların geyimlərinə, musiqi və rəqslərin olduğu məclislərdə iştirakına irad bildirirlər.

Bu ərazidə uşaqların 2/3-i 15 yaşına çatmamış məktəbi atıb. İşsizlik 11%-dir. İsveç standartlarına görə bu, yüksək göstəricidir. Ekstremistlərin hədəfə aldığı da məhz həssas qrupa aid bu gənclərdir.

İmran adlı gənc BBC müxbirinə danışır ki, mühafizəkarlar yanlış yolda olan gəncləri İD-nə qoşulmağa həvəsləndirir.

"Gəlib sənə böyük qardaş kimi, ata kimi deyirlər ki, "narkotikdən əl çək, adamları vurmaqdan əl çək. Ondansa bizə qoşul. Allah yolunda vuruş. Müsəlmanların azadlığı üçün vuruş. Müsəlmanlar öldürülür və zorlanır. Sənsə həyatını boşa xərcləyirsən. İsveçlilər sənə heç nə vermir."

Bunu deyən də elə mənim kimi çoxlu pis işlər görmüş cinayətkardır. İndi o gəlib mənə dəyişməli olduğumu deyir."

İmran əvvəlcə Yaxın Şərqə gedərək İD-nə qoşulmağa çox həvəs göstərib. Ancaq sonra onların qəddarlığını vodeolarda və fotolarda görüb və qorxub. O deyir ki, ondansa həyatını İsveçdə qurmaq istəyir.

Angered kimi şəhərətrafı ərazilər narazılıq yuvasına çevrilir.

Narazılığı ən çox "qeyri-etnik isveçlilərin" (burada onları belə adlandırırlar) ikinci nəslinin arasında görürük.

Bir çoxunun valideynləri müharibə şəraitində olan ölkələrdən qaçaraq təhlükəsizlik və rahatlığı İsveçdə tapıblar. Onlar ölkənin onlara verdiklərinə görə minnətdardırlar. Ancaq onların övladları çox zaman özlərini diskriminasiya olunmuş və sistemdən kənarda qalmış kimi hiss edirlər. Bəzi gənclər valideynlərinin vətəni ilə əlaqələrinin olmadığını, ancaq özlərini də isveçli kimi his etmədiklərni deyirlər.

Suriya və İraqdakı müharibələr nəticəsində evlərini tərk edib buralara gəlmiş qaçqınlar problemi daha da çətinləşdirir. Qaçqınları qəbul etmək isveçlilər üçün xarakterikdir. Təkcə keçən il İsveçin qəbul etdiyi qaçqınların adambaşına sayı hər hansı digər Avropa ölkəsindən çox idi.

Qotenburqun veteran polisi Ulf Bostrom hazırda şəhərin üzləşdiyi problemlərə görə polis işçilərinin ixtisara salınmasını günahlandırır.

"Biz müxtəlif ərazilərdə polis formasında xidmət edən əməkdaşlırımızın 50%-ni itirmişik. Bunu özünüz də görə bilərsiniz. Olduğunuz ərazilərdə neçə polis gördünüz? Heç polis gördünüzmü?" - deyə Bostrom sual edir.

Bostromun özü Qotenburqun ətraflarında yaxşı tanınan simadır. O, vaxtının çoxunu mühacir icması və müxtəlif dini qruplarla etimad və ünsiyyət qurmağa sərf edir.

"O məni Qotenburqun ətraflarında yerləşən Bellevue məscidinə aparır. Bu məscidin müxtəlif islamçı və terrorçu təşkilatlarla əlaqələrinin olduğu deyilir. Suriya və İraqa gedən adamların çoxunun bura ilə əlaqəsi olub. "əl-Şabab"ın ruhani lideri Hassan Husseyn 2009-cu ildə buranı ziyarət edib," - müəllif yazır.

Müxbir daha sonra Angeredin ən böyük məscidində 500 nəfərin iştirak etdiyi cümə namazına gedib. Buranın imamı İsveçə üç il əvvəl Suriyadan gəlib. O, insanları İsveç qanunlarına və adətlərinə hörmət etməyə çağırıb...

Bostromun sözlərinə görə, İraq və Suriyaya getmiş 311 nəfər isveçlidən geri qayıdanların heç biri həbs edilməyib. "Məncə bizim terrrorizmə dair qanunumuz yaxşı işləmir," o deyir.

Terror aktları törətmək niyyəti ilə xaricə getməyi qeyri-qanuni elan edən maddə yalnız bu ilin aprelində əlavə olunub.

Regioun polis rəisi Klas Friberg deyir ki, hökumət üzləşdiyi problemdən xəbərdardır və paralel cəmiyyətlərin formalaşdığı ərazilərdə təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməli olduğunu bilir.

Ancaq reallıq odur ki, hazırda mühacir ailələrindən olan gənclər radikallaşmaqdadır.

Qotenburqda böyümüş adam niyə inkişaf etmiş dünyanın ən sakit və proqressiv ölkələrindən birini tərk edib Yaxın Şərqdə zorakı ekstremist qrupa qoşulmaq istəsin ?

Onların arasında bu qədər çox insan özünü isveçli kimi hiss etmədiyini deyirsə, bəlkə də interqrasiya və İsveçin multikulturalizm eksperimenti uğursuz olub.

Bu barədə daha geniş