Mətbuat icmalı: "Xalqa mesaj verildi ki, bu gününüzə də şükür edin…"

Azərbaycan qəzetləri

Şəklin mənbəyi, Getty Images

"Azadlıq": "Xalqa mesaj verildi ki, bu gününüzə də şükr edin…"

İqtisadçı Qubad İbadoğlu prezident İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışını şərh edərkən belə deyib.

"Məqsədi ölkədə makroiqtisadi durumu dəyərləndirmək olan çıxışlarda sənaye və kənd təsərrüfatındakı müsbət artımı ifadə edən göstəricilərdən başqa heç bir məlumat səslənmədi.

"Cari ilin 9 ayının yekununu xarakterizə edən ümumi daxili məhsula belə istinad olunmadı, onun tənəzzülündən danışılmadı. Dollarla ifadə olunan nominal ümumi daxili məhsulun 2014-cü ildəki 75 milyad dollardan bu ilin sonuna 35 milyard dollara enməsinin səbəbi belə soruşulmadı", qəzet iqtisadçıya istinadən yazır.

Q.İbadoğlu qeyd edib ki, gözləntilərin əskinə olaraq iclasda nə baş nazir, nə iqtisadiyyat naziri, nə də maliyyə naziri çıxış edib.

"Hətta son zamanlar imzalanan fərman və sərəncamları da təqdir etmədilər. Görünür, onlar da yaxşi bilirlər ki, sistemsiz və əlaqəsiz atılan addımlar səmərə vermir.

Mərkəzi Bankın sədri manatdan da danışmadı ki, investorlar və istehlakçıların gözləntiləri doğrulsun, onlar suallarına cavab tapsınlar. Elə bil ki, manat elə belə də olmalıymış və bu normal iqtisadi proses heç kimi narahat etmir" deyə cənab İbadoğlu bildirib.

"Xalqa mesaj verildi ki, bu gününüzə də şükür edin, allaha dua edin ki, kəndçiyə dəstək olsun. Çünki, birdən yağmadı yağış bitmədi qamış, bəs onda nə olacaq?…"

"Azərbaycan": İham Əliyev Türkiyəyə səfərində ölkə başçısı ilə görüşüb

Şəklin mənbəyi, Anadolu Agency/ Getty

Şəklin alt yazısı,

Ilham Əliyev Türkiyədə Recep Tayyip Erdoğanla görüşüb

Prezident İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində iştirak etmək üçün oktyabrın 9-da Türkiyə Respublikasına işgüzar səfərə gəlib.

Oktyabrın 9-da İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğanın görüşü olub.

"Dövlət başçıları əlaqələrimizin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər. Söhbət zamanı münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçıları birgə şam ediblər", xəbərdə deyilir.

"Xalq qəzeti": Maliyyə naziri Washington-da görüşlər keçirib

Maliyyə naziri Samir Şərifovun rəhbərliyi ilə Maliyyə Nazirliyi, Dövlət Neft Fondu və "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələrindən ibarət heyət oktyabrın 6-7-də ABŞ-ın paytaxtı Washington-da keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı qrupunun illik toplantısında iştirak edib.

"Tədbir çərçivəsində maliyyə naziri Samir Şərifovun Dünya Bankının vitse-prezidenti Siril Müller, Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyinin rəhbəri və Dünya Bankının icraçı vitse-prezidenti Keiko Honda və bir sıra nüfuzlu kommersiya banklarının rəsmiləri ilə görüşlər keçirib.

"... Görüşlərdə, həmçinin "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın nəqlini nəzərdə tutan "Cənub" qaz dəhlizi layihəsinin maliyyələşdirilməsində qeyd olunan təşkilatların iştirakı və digər əməkdaşlıq perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb," deyə məlumatda bildirilir.