Nursultan Nazarbayevin Azərbaycana səfəri təxirə salınıb

Şəklin mənbəyi, AFP
Nursultan Nazarbayev soyuqdəymə ilə bağlı müalicə alır, Qazaxıstan prezident administrasiyasının rəsmi saytı yazır
Bu həftənin sonuna kimi Qazaxıstan prezidentinin beynəlxalq tədbirlərdə iştirakı planlaşdırılmır, APA yazır.
Prezident soyuqdəymə ilə bağlı planlı müalicə alır, lakin onun səhhətində narahatlıq doğuracaq ciddi heç nə yoxdur, Qazaxıstan prezidentinin mətbuat katibi Aydos Ukibay bildirib.
Nursultan Nazarbayevin oktyabrın 12-si Azərbaycana səfər edəcəyi açıqlanmışdı.
Oktyabrın 14-də İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında prezidenti baş nazir, Bakytzhan Sagintayev təmsil edəcək, Reuters yazır.
76 yaşlı Nursultan Nazarbayev 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilib.
1991-ci ildə ölkə müstəqillik qazandıqdan sonra o, ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının Prezidenti seçilib və bu günə qədər ölkə başçısı postundadır.