Azərbaycanın beynəlxalq təşəbbüsdə statusuna yenidən baxılacaq

Azərbaycanın beynəlxalq təşəbbüsdə statusuna yenidən baxılacaq

Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (EITI) statusuna bu ayın sonlarında yenidən baxılacaq, hökumət rəsmisi bildirir.

Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlərlə bağlı məlumatlardan sonra ölkə ötən il bu beynəlxalq təşəbbüsdə "tamhüquqlu üzv" statusundan məhrum edilib və "namizəd" statusu alıb.

Həmçinin oxuyun:

Bundan sonra həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələri - Leyla və Aruf Yunuslar və digərləri azadlığa buraxılıb və Prezident Əliyev "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov çərşənbə günü jurnalistlərə deyib ki, "Azərbaycan böyük irəliləyişlər əldə edib, amma hələ də, müəyyən məsələlər qalır".

"Qanunvericilikdə dəyişikliklər olmuşdu və bu, qeyri-hökumət təşkilatlarının bu prosesdə iştirakını müəyyən mənada məhdudlaşdırmışdı, çətinliklər yaratmışdı", Şahmar Mövsümov bildirib.

O, oktyabrın 20-də Qazaxıstanda keçiriləcək növbəti iclasda EITI idarə heyətinin Azərbaycanın statusuna yenidən baxacağını da bildirib.

BBC Azərbaycanca müxbiri Elnarə Məmmədovanın reportajı.