Penitensiar Xidmət Faiq Əmirli ilə görüşə "maneə yaratmadığını" bildirir

Faiq Əmirli

Şəklin mənbəyi, Courtesy

Şəklin alt yazısı,

Avqust ayında Faiq Əmirli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib

Penitensiar xidmət "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirlinin ailə üzvləri ilə görüşünə maneə yaradıldığı barədə məlumatları təkzib edir.

Bu ilin avqustunda saxlanılan və Nəsimi rayon Məhkəməsi tərəfindən barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilən Faiq Əmirlinin xanımı Lalə Əmirli BBC Azərbaycancaya bildirir ki, o, həbs olunanadan bəri həyat yoldaşı ilə görüşə bilmir.

Sonuncu dəfə çərşənbə axşamı Faiq Əmirlinin saxlanıldığı 1 nömrəli Kürdəxanı İstintaq Təcridxanasında olduğunu deyən Lalə Əmirli yenə görüşə icazə verilmədiyini, lakin həyat yoldaşı üçün gətirilmiş ləvazimatların qəbul edildiyini deyir.

Faiq Əmirlinin vəkili Aqil Layıcovun sözlərinə görə, Prokurorluq Əmirlinin ailəsi ilə görüş məsələsində məhdudiyyətlə bağlı Penitensiar xidmətə heç bir göstəriş verməyib.

O, görüşün verilməsi ilə bağlı dəfələrlə şikayət yazdığını da əlavə edir.

Penitensiar Xidmətin sözçüsü Mehman Sadiqov isə bildirir ki, "həbs edilmiş şəxslərə görüşlərin təqdim olunması müvafiq qanunla tənzimlənir və penitensiar xidmət qanun pozuntusuna yol verməz".

Bundan başqa çərşənbə günü Bakının Nəsimi Rayon məhkəməsi vəkilin Faiq Əmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsiylə bağlı şikayətini təmin etməyib.

Vəkil Aqil Layıcovun sözlərinə görə, məhkəmə heç bir əsas gətirmədən vəsatəti təmin etməyib.

O bildirir ki, Faiq Əmirli barədə həbs ediləndən indiyədək onunla bağlı hər-hansı istintaq hərəkəti də aparılmayıb.

Əmirli bu il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

Əmirli Cinayət Məcəlləsinin dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə və milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fəthullah Gülənin tərəfdarlarının "Hizmet" Hərəkatının imamı kimi təqdim edir.

AXCP Faiq Əmirlinin həbsini siyasi motivli adlandırır.