Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib

Şəklin mənbəyi, Trend.az
Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva qərardan apellyasiya şikayəti verəcəyini bildirib
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka verilməsi, ona məxsus olan dəyərli qol saatının və sikkə pulların müsadirə olunması barədə hökm çıxarıb.
Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva qərarı "sifarişli" adlandıraraq məhkəmə hökmündən apellyasiya şikayəti verəcəyini bildirib.
Cahangir Hacıyevin bacısı hökmə münasibət bildirir
Onunla birlikdə təqsirləndirilən digər 7 nəfərdən biri, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev 6 il 5 ay şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb.
Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov barəsində 10 il 11 ay azadlıqdan məhrum etmə hökmü çıxarılaraq o, məhkəmə zalında həbs olunub.
Digər təqsirləndirilən şəxslərə müvafiq olaraq ən az 3 il şərti, maksimum isə 8 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilib.
Cahangir Hacıyev mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi bir neçə maddə üzrə ittiham olunurdu. Ötən ayın sonu, prokuror Cahangir Haciyevin 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttiham tərəfi iş üzrə keçən daha yeddi nəfər üçün uzun müddətli həbs cəzalarını tələb edib.
Onlar barəsində Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı və qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunublar.
Ötən ilin mart ayında vəzifəsini tərk edən Cahangir Hacıyev dekabrda həbs olunub.
Beynəlxalq Bank 1992-ci ilin 30 dekabrından fəaliyyətdədir və Azərbaycanın ən böyük bankı hesab olunub.

Video, Cahangir Hacıyevin bacısı hökmə münasibət bildirir, Duration 1,03
Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin bacısı, ona oxunan hökmə münasibət bildirib.