Bakı: sakinlər yağışdan sonra küçəni belə keçir
Azərbaycan ərazisində bazar günü gecə saatlarından başlayaraq müşahidə olunan güclü yağıntı bir çox küçə və prospektlərdə tıxacların, sellərin yaranmasına və əhalinin hərəkət zamanı çətinlik çəkməsinə səbəb olub.
BBC Azərbaycanca müxbiri bir sıra küçələrdə insan və avtomobillərin hərəkət zamanı çətinliyini müşahidə edib.
Ekologiya və Təbii sərvətlər Nazirliyi bəzi çaylarda suyun həcminin artdığını və yağışlı havanın çərşənbə axşamı da davam edəcəyini bildirir.
AMEA Coğrafiya institutunun sözçüsü isə yağışların ölkədəki sürüşmə ərazilərini fəallaşdırdığını deyir.
Daş və taxta keçid
Paytaxtın Tbilisi, Ziya Bünyadov prospektləri, Şıxəli Qurbanov, Dadaş Bünyadzadə küçələri və Binəqədi şossesi ərazilərində kanalizasiya quyularının daşması yollarda güclü su axıntısının əmələ gəlməsi ilə nəticələnib.
Şıxəli Qurbanov küçəsində vətəndaşlar su axıntısı olan küçələrdə hərəkəti yüngülləşdirmək üçün yollara taxta yeşik və tikinti daşlarından köməkçi vasitələr düzüblər. Lakin bir çox yaşlı vətəndaş bu vasitələrdən istifadə etməkdə çətinlik çəkir, kimisi isə axan selə fikir verməyərək topuğa qədər suya bataraq yolu keçir.
Yolu keçə bilməyən orta yaşlı qadın isə bələdiyyə orqanlarının kömək etməli olduğunu vurğulayır.
Şəmsi Bədəlbəyli küçəsində əsas yoldan yaşayış yerinə keçən kiçik yolda suyun hündürlüyü səkiyə qədər qalxıb.
Dadaş Bünyadzadə küçəsində isə dərin su hövzəsi yaranıb. Minik maşınlarının hərəkəti çox çətindir, küçə ilə hərəkət edən iri avtobus isə sürəti azaldaraq gölməçəni keçə bilir.
Ərazidə bir çox vətəndaşın dayanacağa çıxışı məhduddur, suyun hündürlüyü o qədər yüksəkdir ki, Fövqəladə Hallar Nazirliyinə məxsus maşın keçərkən gölməçə səthində dalğalar yaranır.
Ziya Bünyadov prospektində 2 kanalizasiya quyusu daşıb. Yolda yaranmış su axıntısı uzun tıxacın yaranmasına səbəb olub.
Eyni vəziyyət Binəqədi şossesində də müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində davam edən yağışlı hava şəraitinin səbəb olduğu avtomobillərin sıxlığı məsələsinə görə gücləndirilmiş iş rejiminə keçdiyini açıqlayıb.
Daşqın
Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Koroğlu metro stansiyasından Buzovna qəsəbəsinə, həmçinin Heydər Əliyev Hava Limanından Zığ şosesinə qədər yollarda hərəkət sürəti aşağı salınıb, agentliyin sözçüsü Nuridə Allahyarova APA-ya deyib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsi ilə yollara nəzarətin də gücləndirildiyi bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin açıqlamasında isə bildirilir ki, axan leysan xarakterli yağışlar nəticəsində respublikanın çaylarında suyun səviyyəsində artım müşahidə olunub.
Bazar günü Pirsaatçay və Ağsuçay çaylarından qısamüddətli daşqın keçib, həmçinin bazar ertəsi Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub.
Nazirlik bildirir ki, yağışlı hava çərşənbə axşamı da davam edəcək.
Sürüşmə təhlükəsi
AMEA Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə isə son vaxtlar yağan yağışların cənub-şərq, xüsusilə şərq rayonlarındakı sürüşmə zonalarında vəziyyəti xeyli kəskinləşdirdiyini deyib.
Quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Bakı, Lənkəranda daha güclü yağışlar yağdığını bildirən cənab Əlizadə “sürüşmə zonalarında gözəçarpan fəallıq müşahidə olunur və sürüşmə fəal inkişafdadır” deyə qeyd edib, APA yazır.