Azəriqaz: Təbii qazla yaranmış problem "növbəti 2 gündə tam həll ediləcək"

qaz Fotonun müəllifi Christopher Furlong/GETTY

Bakı ərazisində qaz verilişinin ya kəsilməsi, yaxud verilən qazın aşağı təzyiqli olması problemi "növbəti 2 gündə tam həll ediləcək", Azəriqaz İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev deyir.

Onun sözlərinə görə, problemin yaranması havaların soyuması və təbii qaza olan tələbatın artması ilə əlaqədardır.

Qurum sözçüsü qeyd edir ki, qaynar xəttə edilən müraciətlər əsasında birliyin işçiləri artıq tənzimlənmə işlərini aparırlar və bu problem növbəti 2 gün ərzində tam həll ediləcək.

Cənab Kərbəlayev bildirir ki, bazar günü təbii qazın verilməsində 1 milyon 193 min kubmetr artım olub.

Son günlər vətəndaşlar paytaxtın mərkəzi prospekt və küçələrində, Binəqədi, Bayıl, Masazır ərazilərində, Hövsan qəsəbəsində təbii qazın azlığından və ya heç olmamasından şikayət edirlər.

Bir çoxu şikayət etmək üçün sosial şəbəkələrə üz tutub:

Fuad Həsənli ‏(@fuadhasanli) adlı Twitter istifadəçisinin sözlərinə görə, Xətaidə qazın təzyiqi "2 gündür ki zəifdir".

"Xirdalanda qaz zeifdi ay camaat suda yoxdu.. bunun axiri hara gedir?? icra hakimiyyeti hara baxir??" - Kamandar Serkerov adlı istifadəçi Facebook-da yazıb.

"Bakida qış hələ gəlmiyib, amma soyuqdan donur hamı. Qaz yoxdu, soruşursan, şablon cavab var, düzəldillər. Nə vaxt düzələr? Ay düzəltdilər, haa..." - yazıb @semedbeylia Twitter-də.

İbrahim Kərbəlayev vətəndaşların Azəriqaz İB-nin 185 və 104 nömrəli qaynar xətdən cavab ala bilməməsinin səbəbini, "sualların cavablandırılması vaxt aparır və gözləmə mövqeyində olan vətəndaşlar səbirsizlik edirlər" deyə izah edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş