Mətbuat icmalı: "Hökumətin xaricdən təcili borc almağa ehtiyacı varmı?"

qəzetlər

Şəklin mənbəyi, Getty Images

"Azərbaycan": Dünya Bankı Azərbaycanı daim dəstəkləyir

Prezident İlham Əliyev oktyabrın 18-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu və Bankın Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Navid Həsəni qəbul edib.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon dünyada neftin qiymətinin aşağı düşdüyü bir vaxtda ölkələrin iqtisadi çətinliklə üzləşdiklərini, buna baxmayaraq iqtisadi artımın mühüm olduğunu və bu baxımdan digər əlavə mənbələrin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Dünya Bankının Azərbaycanı dəstəkləməyə hazır olduğunu deyən Mersi Tembon müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində imkanları araşdırmağın zəruriliyini qeyd edib.

Prezident İ.Əliyev qeyri-neft sektorunun inkişaf etdirilməsinin çox mühüm əhəmiyyət daşıdığını bildirərək Azərbaycanda bu istiqamətdə böyük işlərin aparıldığını deyib.

"Azadlıq": Siyasi məhbuslarla bağlı yeni hesabat - siyahıda 166 nəfər var

Ötən gün Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov siyasi məhbuslarla bağlı yeni siyahı təqdim ediblər. Siyahıda 166 məhbusun adı var.

Müəlliflər bildiriblər ki, siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2012-ci il oktyabrın 3-də qəbul etdiyi 1900 saylı qətnamədə siyasi məhbuslarla bağlı qeyd edilmiş meyarlara əsasən hazırlanıb.

"Hazırda Azərbaycanda ümumilikdə 166 nəfər vicdan məhbusu və siyasi məhbus var. Sözsüz ki, bu rəqəm həbsxanalarda olan bütün siyasi məhbusların real sayını əks etdirmir, onların sayı daha çoxdur və tez- tez dəyişir. Azərbaycan hakimiyyəti yerli və beynəlxalq ictimaiyyətin təkidi ilə bir qrupu buraxır, digərlərini həbs edir", deyə Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev bildirib.

Siyahıda siyasi məhbus hesab edilən şəxslər bir neçə təsnifata bölünüb: jurnalist və bloggerlər, yazarlar və şairlər, hüquq müdafiəçiləri, gənc fəallar, siyasətçilər.

Siyahıda ən böyük qrupu isə dindarlar təşkil edir. Onların sayı 120 nəfərdir.

Siyahıda "Siyasi girovlar" adlı xüsusi qrup da var. Bu qrupunda beş nəfər var - AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov, Beynəlxalq Universitetin keçmiş rektorunun qohumu Mübariz Abdullayev, jurnalist Natiq Ədilovun qardaşı Murad Ədilov, jurnalist Qənimət Zahidovun qohumları Rüfət və Rövşən Zahidovlar.

""Keçmiş hakimiyyət nümayəndələri" bölümündə keçmiş səhiyyə naziri Əli İnsanov, xüsusi dövlət mühafizə xidmətinin əməkdaşı Asif Lətifov və Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun adları var," deyə məlumatda bildirilir.

"Azadlıq": MTN-çilərin güc orqanlarında çalışan qohumları da işdən çıxarılacaqmı?

Qəzetin yazdığına görə bəzi vətənaşlar hesab edir ki, "MTN işi" ilə bağlı həbs edilən və ya işdən uzaqlaşdırılan şəxslərin güc orqanlarındakı qohumları da işdən azad edilməli, hüquq-mühafizə orqanları bu şəbəkədən tamamilə təmizlənməlidir.

"Azadlıq"a daxil olan məlumata görə, yaxın gələcəkdə sabiq MTN-çilərin güc orqanlarında çalışan birinci dərəcəli qohumları üzərində nəzarətin gücləndirilməsi nəzərdə tutulub. "Hətta onların bir qisminin qeyri-rəsmi surətdə müvəqqəti olaraq işdən uzaqlaşdırılması da planlaşdırılır," yazıda deyilir.

Mənbə bildirib ki, sabiq MTN-çilərin yaxınları ilə bağlı atılacaq bu addım əsasən iki məqsədə xidmət edir. Birincisi, sabiq MTN-çilərlə bağlı atılacaq addımlarla bağlı informasiya sızıntısının qarşısını almaq, ikincisi onların güc orqanlarındakı yaxınları vasitəsi ilə müxtəlif şəxslərə təzyiq göstərmək ehtimalını önləməkdir.

"Bilgili qaynağın məlumatına görə, sabiq MTN-çilərin dövlət qurumlarındakı yaxınlarının işdən tamamilə azad edilməsi məsələsi gündəmdə deyil. Belə bir gedişat nəzərdə tutulsa da bunu mərhələli şəkildə və ajiotaj yaratmadan həyata keçirilməsi planlaşdırılır," deyə qəzet yazır.

Report.az: İran hərbi gəmiləri Bakıya gəlib

Şəklin mənbəyi, Getty Images

"Dəmavənd" minaatan gəmisi və "Çoşun" raket daşıyan gəmisi nəhayət ki, Bakı limanında lövbər sala bilib.

"Tanışlıq məqsədi daşıyan səfər çərçivəsində 200 nəfərdən ibarət olan gəmilərin ekipajları Bakıyla tanış olacaq, azərbaycanlı həmkarları ilə görüş keçirəcək, eləcə də Azərbaycan hərbçiləri ilə futbol üzrə yoldaşlıq matçında üz-üzə gələcəklər," xəbərdə deyilir.

Həmçinin qeyd edilir ki, gəmilər əlverişsiz hava şəraitinə görə, bir sutkaya yaxın limanda lövbər sala bilməyib.

"Yeni Müsavat": Hökumətin xaricdən təcili borc almağa ehtiyacı varmı?

Ölkənin beynəlxalq təşkilatlardan kredit cəlb etmək imkanları hazırkı müzakirə mövzularından biridir. Ekspertlər bildirirlər ki, beynəlxalq qurumların kredit şərtlərinə Azərbaycan hazır deyil. "Ölkənin kredit reytinqinin aşağı düşməsi, ölkədə ümumi iqtisadiyyatla bağlı durumun təhlili də bunu deməyə imkan verir. Beynəlxalq təşkilatlar bu halda daha yüksək faizlə kredit verə bilərlər ki, bu da arzuolunan deyil. Əksər ekspertlər ölkənin təcili şəkildə pula ehtiyacı olduğunu vurğulayırlar," yazıda deyilir.

İqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı bildirib ki, Azərbaycanın özünün daxildə dövlət büdcəsi ilə bağlı problemlərdən, yaxud onun formalaşdırılmasından başqa, bir neçə böyük beynəlxalq öhdəlikləri də var: "Bu, əsasən "Cənub Qaz Dəhlizi" proqramına aid məsələlərdir. TANAP-la və TAP-la bağlı layihələrdir ki, Azərbaycanın kifayət qədər yüksək payı var. "Şahdəniz-2" layihəsində 20 faiz maliyyələşmə, TANAP-da 57 faiz, TAP-da isə 20 faiz maliyyələşmə Azərbaycanın üzərindədir. Əsas da bu dəqiqə hökuməti düşündürən və maraqlandıran məsələ məhz bu layihələrin maliyyələşdirmə mənbələrinin tapılmasıdır. Bildiyim qədər, TAP-la bağlı danışıqlarda yeni irəliləyiş var. Avropa Yenidənqurma və İnkişaf Bankı TAP layihəsinin maliyyələşməsi üçün kredit ayırmağa hazırdır. Amma burada əsas şərtlərdən biri həmin kreditin Avropa Birliyi ərazisində, Yunanıstan ərazisində xərclənməsi tələbidir. TAP da əsasən məhz həmin ərazidə həyata keçirilmək üçün düşünülür. Bu da Avropa Birliyi ərazisində əlavə iş yerlərinin yaranmasına səbəb olacaq. Yəni bununla bağlı danışıqlarda müəyyən irəliləyiş var".

Ekspertin sözlərinə görə, oyun qaydaları dəyişmədən, müəyyən güzəştlər tətbiqi olmadan xarici investorların cəlb olunması çox çətindir. "Çünki xarici investorları maraqlandıran bir neçə məsələ var. Bu, mülkiyyət toxunulmazlığı, məhkəmələrdə insanların hüquqlarının qorunması, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələləridir. Hökumət bu sahələrdə ciddi addımlar atsa, investisiyaların daha rahat şəkildə Azərbaycana gəlməsi, daha rahat şəkildə investorların Azərbaycana maraq göstərməsində bir sürətlənmə prosesi ola bilər. Çünki bu, çox vacibdir. Azərbaycanın bu dəqiqə ən çox ehtiyacı olduğu məsələ xarici investorların qeyri-neft sektoruna yatırımlara təşviq olunmasıdır," deyə Natiq Cəfərli bildirib.

"Hansı sahələrin prioritet olması hələ tam məlum deyil. Gah kənd təsərrüfatının, gah İKT-nin, gah digər bir sahənin prioritet elan olunması, tez-tez bu prioritetlərin dəyişməsi investorlar üçün də bəlli oyun qaydalarının oturuşmamasına gətirib çıxarır. Yəni ümumilikdə Azərbaycanı investisiyalar üçün cəlbedici bir ölkəyə çevirmək lazımdır. Bunun üçün də kifayət qədər keçiləsi yol var. Həm hüquqi sahədə, həm idarəetmədə kifayət qədər ciddi islahatlara ehtiyac var," deyə o qeyd edib.

"Yeni Müsavat": İlham Əliyev növbədənkənar prezident seçkiləri haqda danışıb

Şəklin mənbəyi, Getty Images

Prezident İlham Əliyev "Sputnik" kanalına müsahibəsində növbədənkənar seçkilərin keçiriləcəyi barədə söz-söhbətləri təkzib edib. O həmçinin qeyd edib ki, onun növbəti prezident seçkilərində iştirakı barədə danışmaq hələ tezdir.

"Bizim seçkilərin vaxtını dəyişmək niyyətimiz yoxdur. Mən bilirəm Azərbaycanda, onun hüdudlarından kənarda hansı söz-söhbətlər gəzir. Belə plan yoxdur və mən buna zərurət görmürəm. Mənim iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri iki il sonra olmalıdır, ona görə də hələ hansısa qərar vermək üçün hələ tezdir. Əgər mən bu günkü kimi əhalinin dəstəyini hiss etsəm o zaman əlbətdə ki, bu etimadı doğrultmağa çalışacağam," deyə İlham Əliyev Dmitri Kiselyovla söhbətində bildirib.