Nicolas Maduro Bakıda "neft qiymətlərini müzakirə edib"

Fotonun müəllifi Azertag
Image caption Cümə günü Bakıya gələn Nicolas Maduro oktyabın 22-də səfərini başa vurub.

Bakıya rəsmi səfəri gedişatında Venesuela prezidenti Nicolas Maduro neft qiymətlərini 10 il müddətinə sabitləşdirəcək mexanizmin işlənilməsi təşəbbüsü ilə çıxış edib, mətbuat bildirir.

"Biz sabitliyin təmin olunmasına dair yeni formulun və qarşıdan gələn 10 il müddətinə təbii ehtiyatlarımızın qiymətinin müəyyənləşdirilməsi üzərində işləyirik", Venesuelanın VTV kanalına istinadən RİA Novosti agentliyi Nicolas Maduron-un sözlərindən iqtibas gətirir.

Cümə günü Bakıya gələn Venesuela liderinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra Azərbaycan-Venesuela arasında siyası məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Venesuela lideri hər iki ölkənin həm OPEC üzvləri, həm də ki, iri neft ixracatçıları ilə təmaslara ehtiyacı olduğunu deyib, APA bildirir.

"Neft ölkəsi kimi tanınan Venesuela OPEK-ə daxil olan və təşkilatdan kənar neft hasilatı ilə məşğul olan ölkələrlə əlaqələrin inkişafını, təcrübə və informasiya mübadiləsini önəmli hesab edir. Səfərdən məqsəd də qlobal iqtisadi böhranın dünya iqtisadiyyatına təsirləri fonunda neftin qiymətinin tənzimlənməsi üçün bu ölkələrin rəhbərləri ilə fikir mübadiləsi aparmaqdır"

Neftin ucuzlaşması Venesuela büdcəsinin gəlir hissəsinə ağır zərbə olub və prezident Nicolas Maduro qiymətlərin sabitləşməsində maraqlı olan neft istehsalçılarını səfərbər etməyə cəhd göstərir. Reuters agentliyi Nicolas Maduro-nun Azərbaycandan başqa Səudiyyə Ərəbistanı, İran və Qətərə baş çəkəcəyini bildirir.

Sentyabrın 28-də OPEC təşkilatı neft qiymətlərini sabitləşdirmək üçün istehsalın gündəlik 32.5-33 mln. barel səviyyəsində məhdudlaşdırılacağı barədə bəyanat yayıb. Ölkələr üzrə konkret limitlər barədə qərar noyabrın 30-da Vyanada keçirilən görüşdə razılaşdırılmalıdır. OPEC həmin razılaşmaya kartelə üzv olmayan ölkələrin də qoşula biləcəyinə ümid edir, RİA Novosti agentliyi bildirir.

Həmçinin oxu:OPEC hasilatı azaltsa nə olacaq?

İlin əvvəlində Azərbaycan aşırı neft təchizatının azaldılmasına dair razılaşmanın əldə olunması təqdirində istehsal sahəsində OPEC təşkilatı ilə əməkdaşlığa hazır olduğunu deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş