Yerli icra orqanlarının saytlarının şəffaflığı "nisbətən pis"dir

tədbir

Azərbaycanda yerli icra hakimiyyətlərində onlayn şəffaflıq və elektron xidmətlərin verilməsi digər dövlət strukturlarına "nisbətən pis" durumdadır, Multimedia Mərkəzinin onlayn şəffaflıqla bağlı hesabatında deyilir.

Mərkəzi hakimiyyət orqanlarında şəffaflığın səviyyəsi artsa da, qurumlar hələ də dövlət büdcəsinin xərclənməsi, işçilərin əmək haqları, tenderlər, dövlət satınalmaları barədə tam məlumatları açıqlamırlar, sənəddə bildirilib.

"Ən şəffaf" və "az şəffaf" qurumlar

Nəticələrə əsasən ən şəffaf dövlət orqanı Vergilər Nazirliyi seçilib, nazirliyin şəffaflıq faizi 79,1-dir.

Sonrakı orqanlar isə, 78,5 faizlə Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası, 78,2 faizlə Dövlət Neft Fondu, 77, 4 faizlə Əmək və əhalinin Sosial Müdafiəsi nazirliyi və digər qurumlardır.

Şəffalığı ən aşağı olan dövlət orqanı isə 32,1 faizlə Azərbaycan Hava Yolları seçilib.

Bakı şəhər İcra Hakimiyyəti rəsmi saytının reytinqi isə 10, 38 faizdir.

Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz reytinqdə yüksək yerlər tutan saytlarda belə büdcə vəsaitlərinin mənimsənilməsi, tenderlər və dövlət satınalmaları haqda məlumatın az olduğunu bildirib.

Mətbuat Şurasının üzvü, jurnalist Azər Həsrət rayon icra hakimiyyəti orqanlarında şəffaflığın aşağı olmasından danışıb. O qeyd edib ki, göndərilən yazılı sorğulara cavab verilmir.

Jurnalist mətbuat məlumatı paylaşmayan dövlət işçilərini "prezidentin siyasətini sabotaj etməkdə" ittiham edib.

O, həm də qeyd edib ki, saytdakı şəffaflıq mətbuat xidmətlərində çalışan işçilərdən daha çox asılıdır.

Hesabatın nəticələrinə görə, Ümumilikdə 70 mərkəzi icra hakimiyyəti orqanı və dövlət şirkətinin saytlarında orta şəffaflıq 61,5 faizdir. 2015-ci ildə bu rəqəm 56 faiz olub.

68 rayon və şəhər icra hakimiyyəti orqanında onlayn şəffaflıq cəmi 14,5 faizdir, ötən il isə bu rəqəm 15 faiz olub.Müxtəlif dövlət orqanları, QHT nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən hüquqşünas Ələsgər Məmmədli qanundakı boşluqdan danışıb.

"Ombudsman bu işlə ciddi məşğul olsaydı.."

Onun sözlərinə görə, İnformasiya əldə etmə haqqında qanunda informasiyanı təşkil etmək də məsuliyyət konkret olaraq informasiya sahiblərinin üzərinə qoyulmuşdu. Bu qanuna uymayanlar İnzibati xətala məcəlləsinin vəzifəli şəxslər səksən beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.

Lakin hüquqşünas bildirir ki, bu ilin mart ayında məcəlləyə edilən dəyişikliklər zamanı bu müddəa nəzərə alınmayıb.

"Yəni hal-hazırda informasiyanı təşkil etməməyə görə məsuliyyət yoxdur", deyən hüquqşünas bu vəziyyətin onlayn şəffaflığa təsir edəcəyini bildirir.

Ələsgər Məmmədli dövlət orqanları mətbuat xidmətlərinin junalistlərin sual və ya yazılı sorğularına cavab verməməsi ilə bağlı deyir ki, anında cəza tədbiri görülmədiyi üçün bu məsələ həllini tapa bilmir.

O, İnformasiya ombudsmanının önəmini vurğulayaraq, o qurumun dərhal işə adekvat cavab verə biləcəyini deyir.

Tədbirdə iştirak edən Ombudsman aparatı sözçüsü, deyir ki 2015-ci ildə onlara şəffaflığın təmin edilməməsi ilə bağlı cəmi 58 şikayət gəlir.

Qurum sözçüsü şikayət olmadığı təqdirdə, araşdırma apara bilməyəcəklərini də deyir.

Ələsgər Məmmədli isə bildirir ki, əgər Ombudsman bu işlə ciddi məşğul olsaydı, ildə yox gündə 58 şikayət qəbul edə bilərdi.

Hesabat 2016-cı il iyunun 1-dən oktyabrın 15-dək olan dövrü əhatə edir və qiymətləndirmə 60 parametri əhatə edən 13 blok məsələ üzrə aparılıb.