Qiyas İbrahimova 10 il həbs verildi

Qiyas İbrahimov

NİDA vətəndaş hərəkatının həbsdə olan üzvü Qiyas İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədən sonra Qiyas İbrahimovun anası Şura İbrahimova BBC Azərbaycancaya bildirib ki, oğlu ilə qürur duyur.

"Olsun 10 il! Qiyas gəncdir. Qiyas üçün 10 il heçnədir. Mənim oğlumdan 10 il çaldı İlham Əliyev öz oğlunun vəzifədə oturması üçün. Qiyas kimi oğullar çoxdur Azərbaycanda. Qiyasın gələcəkdə adı qalacaq, özü qalmasa da. Mənim də ömrümə az qalıb. Bizi məhv etmək istəyirsə, edə bilməyəcək. Qiyas kimi çox gənclər var Qiyasın arxasında. İlham Əliyev, onlardan qorx, Qiyasdan qorxma artıq. Çünki Qiyas sənin əlindədir, artıq sözüm yoxdur."

Vəkil Elçin Sadıqov BBC Azərbaycancaya qərardan apellyasiya şikayəti veriləcəyini söyləyib.

"Cəza siyasətini prokurorluq həyata keçirməsinə baxmayaraq, məhkəm prokurorluqdan təklifindən daha artıq cəza verdi və Qiyas İbrahimov qanunsuz olaraq 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum olundu."

Vəkil həmçinin əlavə edib ki, "məhkəmənin hökmü Konstitusiyanın 127-ci maddəsinin 5-ci maddəsində göstərilməsinə baxmayaraq ki bütün hallarda məhkəmə qərarı açıq elan olunur, məhkəmənin hökmü qapalı iclasda elan olundu. "

Şəklin alt yazısı,

Qiyas İbrahimovun məhkəməsinə diplomatik nümayəndəliklər, AXCP lideri Əli Kərimli, Qiyas İbrahimovun valideynləri və dostları gəlib

Bakı Ağır Cinayətlər Məhkəməsi iclasından müxbirimiz Günel Səfər məlumat verir ki, Qiyas İbrahimov bu gün həm də son sözünü oxuyub.

"Mən narkotik ittihamlarına görə özümü müdafiə etməyəcəyəm, mən yazılı qanunların heç birini pozmamışam", müxbirimiz onun sözlərindən sitat gətirir.

Müxbirimiz bildirir ki, proses zamanı son söz yazılmış kağızlar müttəhimin əlindən alındığından o şifahi şəkildə "son söz" deməli olub.

Şəklin alt yazısı,

Qərar verildiyi zaman diplomatik nümayəndəliklər və valideynlər istisna olmaqla, hamı zaldan çıxarılıb

Vəkil ehtimal edir ki, hakim Ənvər Seyidov Qiyas İbrahimovun son sözündən qeyzlənərək onun barəsində istənilmiş cəzanı artırıb.

Qərar verildiyi zaman diplomatik nümayəndəliklər, AXCP lideri Əli Kərimli və Qiyas İbrahimovun valideynləri istisna olmaqla, hamı zaldan çıxarılıb.

Oktyabrın 21-də dövlət ittihamçısı onun 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Şəklin alt yazısı,

Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar

NİDA hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar.

Fəallar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunurlar.

Bayram Məmmədovun işi üzrə isə ibtidai istintaq başa çatıb, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və yaxın vaxtlarda hazırlıq iclasının vaxtı məlum olacaq.