Mətbuat icmalı: Valyutadəyişmə məntəqələri "bərpa edilir"

Azərbaycan qəzetləri

Şəklin mənbəyi, Getty Images

"Yeni Müsavat": Valyutadəyişmə məntəqələri bərpa edilir

"Hökumət dolların bahalaşmasının qarşısını ala bilmir. Bu istiqamətdə atılan addımlardan biri də Mərkəzi Bankın sədri Elman Rüstəmovun valyutadəyişmə məntəqələrini bərpa etməsidir. ...Güman edilir ki, "exchange"lərin bərpa edilməsi, qara bazarı zəiflətmək və dolların qara bazarda bahalaşmasının qarşısını almaqdır," deyə qəzet yazır.

Yazıda həmçinin deyilir ki, artıq əksər "exchange"lərin fəaliyyəti bərpa olunub: "Valyutadəyişmə məntəqələri hələ ki tam leqal fəaliyyətə keçməyib. Belə ki, obyektlərin üzərində "exchange" sözü yazılsa da, məzənnələr qapının üzərindəki tabloda öz əksini tapmır. Yalnız içəridən çətinliklə görünən tabloda məzənnələr göstərilib."

İqtibas

İqtisadçı Ruslan Atakişiyev hökumət 2016-cı ilin əvvəlində manatın üzən məzənnə rejiminə keçdiyini elan etməsinə baxmayaraq manatın kursunu tənzimləməsi faktını vurğulayır. "Bütün bu proseslər, son dövrlər manatın bir qədər bahalaşması da onu göstərir ki, məzənnə tənzimlənir. Hesab edirəm ki, bu dəyişkən məzənnə siyasəti sahibkarlığa ciddi ziyan vurur. Əhalidə çaşqınlıq yaradır," - ekspert deyir.

İqtisadçı Natiq Cəfərli isə deyir ki, manatın güclənməsi üçün heç bir obyektiv səbəb tapmaq mümkün deyil.

"Heç manatın güclənməsində hökumətin marağı da yoxdur. Hökumət tez-tez manatın məzənnəsi ilə oynamaqla insanlarda təşviş yaratmağa çalışır. Vətəndaşlara normal açıqlama verilmədiyi üçün insanlar arasında şayiələr dolaşır. Ya manatın güclənəcəyinə inam yaradırlar, ya da son dövrlərdə ilk dəfə olaraq bu gün ərzində manatı bir qəpiyə yaxın ucuzlaşdırdı. Dövlət qurumları gedən prosesləri vətəndaşlara izah etmədiyi üçün ciddi şəkildə panika yaranır. Manatın məzənnəsinin heç bir bazar qanunlarından asılı olmayaraq, inzibati qaydada müəyyən olunduğunu nəzərə alaraq demək olar ki, bu hərəkətləri normal məntiqlə izah etmək çətindir," deyə Natiq Cəfərli bildirib. .

Məzənnələr

"Exchange"lərin fəaliyyətinin bərpa edilməsinə münasibət bildirən Natiq Cəfərli deyib ki, əslində valyutadəyişmə məntəqələrinin bağlanması yanlış addım idi. "Bu, normal qərardır. "Exchange"lərin bağlanması yanlış qərar idi. Sadəcə, bu məsələdən belə nəticəyə gəlmək olar ki, qərarlar verilərkən uzun müddət üçün heç bir analiz aparılmır, sonradan qərarların mənfi nəticələri üzə çıxanda həmin qərar geri götürülür," deyə o qeyd edib.

Fins.az: Azərbaycanda maliyyə sektoruna investisiyalar kəskin azalıb

Bu ilin ilk doqquz ayı ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının 2,4 milyon manatı və ya 0,02%-i maliyyə və sığorta fəaliyyəti ilə bağlı olub.

"Bu sahəyə investisiyaların həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunub. Müqayisəli qiymətlərlə əvvəlki ilin müvafiq dövrünə nisbətən sərmayə qoyuluşunun həcmi 27,3% azalıb," məlumatda deyilir.

Sayt yazır ki, ötən ilin müvafiq dövründə bu sahəyə investisiyaların məcmu investisiya qoyuluşunda xüsusi çəkisi 0,2% təşkil edib.

Qeyd edilir ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsait (10268,7 milyon manat) ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% azdır. Bu vəsaitin 71,2 %-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

"Azərbaycan": "Doing Business 2017" hesabatında Azərbaycan üç və daha çox islahat aparan 29 ölkədən biri olub

Oktyabrın 25-də Dünya Bankı 190 ölkənin biznes mühitini qiymətləndirən "Doing Business 2017" hesabatını açıqlayıb.

Builki hesabatda Azərbaycan 65-ci pillədə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan dünyada üç və daha çox islahat aparan 29 ölkədən biridir "Xarici ticarətin aparılması" göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxal və ixrac bəyannamələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, "Vergilərin ödənilməsi" göstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması və "Elektrik təchizatı şəbəkələrinə qoşulma" meyarı üzrə yeni qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması hesabatda mühüm islahatlar kimi vurğulanıb.

Azərbaycan "Biznesə başlama" göstəricisi üzrə 5-ci (əvvəlki hesabatda 7-ci), "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 32-ci (əvvəlki hesabatda 36-cı), "Xarici ticarətin aparılması" göstəricisi üzrə 83-cü (əvvəlki hesabatda 94-cü) və "Elektrik təchizatı şəbəkələrinə qoşulma" göstəricisi üzrə 105-ci (əvvəlki hesabatda 110-cu) pilləyə yüksəlib. Bundan başqa, "Doing Business 2017" hesabatının "Biznesə başlama" göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi göstərilib.

""Əmlakın qeydiyyatı" (22), "Kiçik investorların maraqlarının qorunması" (32), "Vergilərin ödənilməsi" (40), "Müqavilələrin icrasının təmin edilməsi" (44) göstəriciləri üzrə Azərbaycan öz mövqelərini yaxşılaşdıraraq 190 ölkə arasında ilk əllilikdə qərarlaşıb.

Qeyd edək ki, "Doing Business 2016" hesabatı 189 ölkədə biznes mühitinin qiymətləndirilməsi əsasında hazırlanıb," deyə məlumatda bildirilir.

Qiyas İbrahimov

Şəklin mənbəyi, Ramin Deko

Şəklin alt yazısı,

"Mən yazılı qanunların heç birini pozmamışam", Qiyas İbrahimov məhkəmədə bildirib.

"Azadlıq": Qiyas İbrahimova 10 il həbs cəzası verildi

Ötən gün məhkəmə NİDA üzvü, "heykəl məhbusu Qiyas İbrahimova" 10 il həbs cəzası verib. Bildirilir ki, dövlət ittihamçısı ona 9 il həbs cəzası istəmişdi, Azadlıq bildirir.

Qiyas İbrahimov dünən həm də məhkəmədə son sözünü oxuyub.

"Mən narkotik ittihamlarına görə özümü müdafiə etməyəcəyəm, mən yazılı qanunların heç birini pozmamışam. Bizə tez-tez deyirlər, təhdid edirlər ki, siz özünüzü dərin quyuya salmısınız. Bəli, biz bunu çox gözəl bilirik. Biz özümüz o dərin quyuya düşmüşük ki, bəlkə suyu tapıb bu çirkabları yuya bildik. Biz o suda boğula da bilərik. Lakin, biz inanırıq ki, o suyu tapacağıq," Qiyas İbrahimov deyib.

Proses zamanı son söz yazılmış kağızlar müttəhimin əlindən alınıb və o öz "son sözünü" şifahi şəkildə deməli olub.

Diplomatik nümayəndələr, AXCP lideri Əli Kərimli və Qiyas İbrahimovun valideynləri istisna olmaqla, hamı zaldan çıxarılıb.